Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıbackend

1990-cı ildə Azərbaycan olduqca mürəkkəb situasiya qarşısında idi. SSRİ-nin dayaqlarının sarsıldığı bir dövrdə keçmiş İttifaq miqyasında baş alan hərc-mərclik ölkələrin daxili həyatına da sirayət etmişdi və idarəetmə potensialı aşağı olan respublikalarda çox mürəkkəb siyasi-hüquqi kataklizmlər cərəyan etməkdə idi. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. Yalnız 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Ümummilli Lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı.

Naxçıvanın o ağır dövrdə Heydər Əliyevin nüfuzu sayəsində qurduğu beynəlxalq əlaqələri muxtar respublikanın mövcudluğu üçün bəlkə də yeganə vasitə idi. Türkiyə ilə əlaqələrin inkişafında 1992-ci il mayın 28-də açılan Sədərək-Dilucu körpüsü mühüm rol oynadı. Körpünün açılış mərasimində çıxış edən Heydər Əliyev demişdir: “Biz azərbaycanlılar, türklər əsrlər boyu Araz çayının o sahilində, bu sahilində dost, qardaş kimi yaşamışıq. Ancaq 70 il bir-birimizlə görüşmək üçün, əlaqə saxlamaq üçün həsrət çəkmişik. 70 il biz bu görüşü həsrətlə gözləmişik”. Türkiyə Cümhuriyyətinin Baş naziri Süleyman Dəmirəl isə cavabında “Bu gün burada cərəyan edən hadisə tək bir körpünün açılışı deyildir. Cərəyan edən əsas hadisə 70 il bir-biri ilə qürbətdə, həsrətdə qalmış qardaşlarımızın yenidən görüşməsidir. Bu, bir birlik, milli coşqunluqdur…” söyləmişdir.

Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinə rəhbərlik etdiyi 1 il 9 ay ərzində muxtar respublikanın xarici əlaqələrinin sıx inkişaf etdirdiyi ikinci dövlət isə İran İslam Respublikası olmuşdur. Bu əlaqələrin möhkəmlənməsində Ali Məclis Sədrinin 1992-ci il 22-25 avqustda qonşu dövlətə səfəri siyasi və iqtisadi cəhətdən çox əhəmiyyətli oldu. Səfər zamanı Heydər Əliyev İİR-in dini lideri Xamneyi, Prezident Haşimi Rəfsəncani, parlamentin sədri Natiq Nuri, xarici işlər naziri Vilayəti və digər rəsmi şəxslərlə görüşdü. Səfərin nəticəsi olaraq əməkdaşlıq protokolu imzalandı.

1991-1993-cü illərdə ölkə olaraq çox böyük çətinliklər, bəlalarla üz-üzə dayandıq. Qarışıqlıq, anarxiya, xaos, hətta müstəqilliyimizi itirmək təhlükəsi ilə üzləşdik. Belə bir şəraitdə nəinki müstəqilliyimizin itirilməsi, bütövlükdə Azərbaycanın dünyanın xəritəsindən silinmək təhlükəsi meydana çıxdı. Bu zaman ölkənin güclü bir liderə ehtiyacı vardı. Belə bir şəraitdə xalq üzünü Heydər Əliyevə tutdu. Çünki xalq başa düşürdü ki, onu bu çətin və ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi bacarıqlı, uzaqgörən, qətiyyətli bir rəhbər çıxara bilər.

Beləliklə, Heydər Əliyevin xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə qaydışı Azərbaycan tarixinin, bərpa edilmiş müstəqilliyimizin yeni bir dövrünün əsasını qoydu, Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi, müstəqilliyimiz xilas edildi. Azərbaycanda yeni tarixi mərhələ – dövlət müstəqilliyinin möhkəmləndirilməsi dövrü başlandı.

Ümummilli lider Heydər Əliyevin müdrik daxili və xarici siyasəti nəticəsində hüquqi demokratik dövlət quruculuğu, Milli Ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun yüksəldilməsi sahəsində böyük işlər görülmüşdür. Ulu öndərimiz Heydər Əliyev dünyanın bir çox aparıcı dövlətlərinin rəhbərləri, nüfuzlu beynəlxalq təşkilatlar və işgüzar dairələrlə yüksək səviyyəli rəsmi görüşlər keçirmiş, Azərbaycan həqiqətlərini, dövlətimizin mövqeyini dünyaya çatdırmış, bununla da ölkəmizə diqqət və maraq güclənmişdir. Siyasi-iqtisadi əlaqələrimiz genişlənmiş, mühüm müqavilə və sazişlər imzalanmışdır…

Qarabağ münaqişəsinin dinc yolla nizama salınması, işğal edilmiş torpaqlarımızın azad olunması istiqamətində ardıcıl, fəal xarici siyasət yürüdülməyə başlandı. Ölkənin iqtisadi həyatında mühüm dəyişikliklər baş verdi – aqrar islahatlar aparıldı, eyni zamanda özəlləşdirməyə başlanıldı. Azərbaycanın iqtisadi potensialını hərəkətə gətirmək, maliyyə sistemini yenidən qurmaq sahəsində ciddi addımlar atıldı.

Ulu Öndər Heydər Əliyevin davamçısı olan İlham Əliyev də uğurlu siyasəti ilə Azərbaycanı hər tərəfli inkişaf etdirir. Ərazi bütövlüyünün bərpası,həmçinin siyasi ,iqtisadi əlaqələri genişləndirilməsində xüsusi diqqət göstərir.

Mətanət Əliyeva

Azərbaycan Dövlət Pedaqoji Universiteti