Azərbaycan dünyada güclü, nüfuzlu dövlət, etibarlı və perspektivli tərəfdaş kimi tanınır – Yazgül Abdiyevabackend

“Bu gün Azərbaycan dünyada güclü, nüfuzlu dövlət, etibarlı və perspektivli tərəfdaş kimi tanınır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu siyasətin Prezident İlham Əliyev tərəfindən milli maraqlara, müasir çağırışlara uyğun davam etdirilməsi ölkəmizə böyük nailiyyətlər qazandırıb. Diaspor quruculuğu və diaspor təşkilatlarının səmərəli fəaliyyəti üçün məqsədyönlü addımların atılması da bu baxımdan mühüm əhəmiyyətə malikdir”.

“Yeni Gündəm” xəbər verir ki, bu fikirləri Dünya Azərbaycanlılarının Qurultayı ilə bağlı söhbətimizdə tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva söylədi. Söhbətinə davam edən Y.Abdıyeva dedi:  

– Dünya azərbaycanlılarının təşkilatlanması, diaspor quruculuğu ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır və qurultayların keçirilməsi bu prosesə mühüm töhfə olub. Xatırlayıram ki, Dünya Azərbaycanlılarının I Qurultayı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə, II qurultay Prezident İlham Əliyevin sərəncamına əsasən 2006-cı ildə, III qurultay 2011-ci ildə, IV qurultay isə 2016-cı ildə keçirilib. V qurultayın böyük qələbəmizdən sonra, özü də işğaldan azad edilmiş Şuşada keçirilməsinin daha yüksək mənəvi dəyəri vardır.

Ulu öndərin və Prezident İlham Əliyevin indiyədək keçirilən qurultaylarda qarşıya qoyduqları strateji əhəmiyyətli vəzifələr və dövlətin diaspor təşkilatlarına davamlı dəstəyi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına geniş imkanlar yaradıb. Son illər atılan addımlar da bu mənada böyük önəm daşıyır. Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi, 2018- ci ildə yeni “Strateji Yol Xəritəsi”nin işlənib hazırlanması və icrası, diaspor fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və inkişaf etdirilməsi xüsusilə qeyd edilməlidir.

Yazgül Abdıyeva vurğuladı ki, xaricdə yaşayan soydaşlarımızın, təşkilatların fəaliyyətinin koordinasiyası milli həmrəyliyin güclənməsinə, strateji hədəflərin reallaşmasına təkan verib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xaricdəki soydaşlarımızın azyaşlı uşaqları üçün “Qarabağ” Azərbaycan məktəblərinin təsis olunması, həmin ölkələrdə koordinasiya şuralarının yaradılması və digər addımlar mühüm nəticələrin və nailiyyətlərin əldə olunmasını şərtləndirib. Ən əsası, Vətən müharibəsi zamanı diaspor təşkilatlarının fəaliyyəti Qələbəmizdə mühüm rol oynayıb.

Dünya Azərbaycanlılarının V Qurultayının işğaldan azad edilən Şuşada keçirilməsinin əhəmiyyətindən bəhs edən Y.Abdıyeva qeyd etdi ki, bunun böyük mənəvi-siyasi əhəmiyyəti, rəmzi mənası var. İndiyə qədər keçirilmiş 4 qurultay dünya azərbaycanlılarının həmrəyliyinin güclənməsinə müstəsna töhfə verib. Beşinci qurultay isə Qələbə təntənəsidir, yeni Zəfər salnaməsinin yaradılmasıdır. Əlbəttə, Prezident İlham Əliyevin liderliyi, prinsipial və uzaqgörən siyasəti bu reallığı mümkün etdi və xalqımıza sonsuz qürur hissi yaşatdı. Bu qurultay zəngin dövlətçilik tariximizin parlaq səhifələrindən biri olacaq. Müstəqillik tariximizdə ilk dəfə qurultayın düşməndən azad edilmiş Qarabağda – Şuşada keçirilməsi bütün dünyaya mesajdır. Yəni, dünyada yaşayan azərbaycanlılar öz milli dövlətinin ətrafında sıx birləşib və həmrəydirlər.

Qurultay dünya azərbaycanlılarına torpaqlarımızın azad olunması sevincini yaşamaq, doğma torpaqları canlı görmək, eləcə də, erməni vandalizminin dəhşətlərini bütün dünyaya çatdırmaq imkanı qazandırıb. Bu gün tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın apardığı düşünülmüş, məqsədyönlü xarici siyasət nəticəsində müstəqil Azərbaycan dünyada sayılıbseçilən nüfuzlu ölkələr sırasında yer alıb. Azərbaycan diasporu indi yüksək səviyyədə təşkilatlanmış formadadır. Soydaşlarımızın qədim, azad Şuşanı görmək, gəzmək arzusuna imkan verən qurultay uzun illər təkcə tədbir iştirakçılarının deyil, eləcə də, xalqımızın xatirəsində yaşayacaq.

“Xalq qəzeti”