Azərbaycan-Ermənistan sərhədindəki atışma… – Dünyadakı analoji hadisələrbackend

Noyabrın 16-17-də Ermənistan silahlı qüvvələrinin Laçın-Kəlbəcər və Tovuz rayonu istiqamətində Azərbaycan ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atşə tutması ölkə gündəminin manşetini tamamilə dəyişib.

Sosial şəbəkələr vasitəsilə insanların ünvanladığı əsas suallar isə bunlardır: Əgər müharibə bitibsə, o zaman sərhəddə niyə atışma var, Ermənistan niyə ordumuzun mövqelərini atəşə tutur?

İlk baxışdan haqlı suallardır… Amma nəzərə almaq lazımdır ki, Qarabağ bir il bundan əvvələ qədər işğalda saxlanılan münaqişə zonası idi və 30 il ərzində burada yerləşən terrorçu qruplaşmaları Ermənistan himayə edirdi. Heç şübhəsiz, müharibə bitib, amma Ermənistan ordusu siyasi rəhbərliyin sifarişləri ilə terrorçu missiyasını yerinə yetirməkdə davam edəcək. Dünyada belə nümunələr çoxdur. Müxtəlif sivil dövlətlər sərhədlərindəki təxribatlardan əziyyət çəkir.

Məsələn, Türkiyə… Azərbyacan mediasında da tez-tez belə xəbərləri oxuyuruq: “Türkiyə şəhid verdi”. Türkiyənin İraq və İranla sərhəddində terrorçu PKK təşkilatının üzvləri türk əsgərlərinin yerləşdiyi postlara hücumlar təşkil edirlər. Türkiyənin cənub-şərqində yerləşən Hakkari vilayətində Türkiyə hərbçiləri ilə PKK terrorçuları arasında tez-tez atışma baş verir.

Yaxud İsrailin Fələstin və Livanla olan sərhədində baş verən silahlı insidentlər buna nümunə ola bilər. Müxtəlif silahlarla və kobud alətlərlə təchiz edilmiş qruplaşmalar İsrail polislərinin, hərbçilərinin yerləşdiyi ərazilərə mütəmadi olaraq hücumlar təşkil edirlər.

Ancaq Ermənistanın sərhəddə təxribatlar törətməsi həm də fərqli ampulada çıxış edir. Məsələ bundadır ki, 44 günlük müharibə nəticəsind Ermənistan məğlub oldu. Artıq Zəngəzur dəhlizinin açılması qaçılmazdır və günün əsas reallığıdır. Digər tərəfdən, Ermənistanın təslimçi sülhə imza atmaqdan başqa yolu qalmayıb. Sərhəddəki son təxribatlardan sonra Nikol Paşinyanın “biz sülh sazişi imzalamağa hazırıq” deməsi təsadüfi deyil. O qorxur ki, Ermənistandakı sərhəddəki təxribatları Azərbaycanın növbəti dəfə geniş miqyaslı anti-terror əməliyyatlarının başlamasına səbəb ola bilər. Ona görə də törədilən təxribatların ardınca dərhal ortaya “yumşaq” mövqe qoyur.

Heç şübhəsiz, bütün bunlar düşmənin çarəsizliyinin göstəricisidir. Arxaında görmək istədiyi dövlətlər də Ermənistanı himayə edə bilmirlər. Çünki Azərbaycan regiondan elə bir situasiya yaradıb ki, hər bir dövlət öz milli maraqları daxilində addımlar atmağa məcburdur.

Sərhəddəki təxribatların ən sərt formada qarşısının alınmasını və düşmənin xeyli sayda canlı qüvvə və texnika itirməsini “sülhə məcbur etmə” əməliyyatı kimi də qiymətləndirmək olar. Ara-sıra erməni silahlı dəstələrinin təxribatlar törətməsi gözləniləndir və təxribatların bundan sonra da baş verəcəyi istisna deyil. Ona görə də Azərbaycan ordusunun öz gücünü, imkanlarını daha da genişləndirməli, sərhəd bölgələrinə daha peşəkar hərbçilər yerləşdirilməlidir.

Müəllif: Samir Feyruzov