Azərbaycan Ermənistan tərəfindən uzun illər davam edən torpaq işğalına son qoydu – Deputatbackend

“İmzalanmasından üç il ötən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun illər davam edən işğalına son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində imzalanan bəyanat Azərbaycanın maraqlarına cavab verirdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur oldu”.

“Yeni Gundem” xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmadı. Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri arasında imzalanmış bəyanatla Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Onun sözlərinə görə, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi: “Ermənistanın silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi. Bundan sonra Ermənistanın silahlı qüvvələrinə, dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün illər lazım olacaq. Qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı”.
Qeyd olunub ki, bəyanatın imzalanmasından ötən üç il ərzində regionda mühüm hadisələr baş verib. Belə ki, iki qardaş ölkə olan Azərbaycanla Türkiyə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoyan 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsi imzalandı. Eləcə də, Böyük Qayıdış strategiyası icra olunmağa başlandı. Düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması mərhələsi artıq başlanıb. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş əraziləri ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub. Zəngilanın Ağalı kəndinə, Tərtərin Talış kəndinə, eləcə də Laçın və Füzuli şəhərlərinə əhalinin qayıdışı başlayıb. İrimiqyaslı infrastruktur layihələri icra olunur. Füzuli və Zəngilan Beynəlxalq Hava Limanları fəaliyyətə başlayıb və 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır.

Millət vəkili deyib ki, ötən üç il ərzində diplomatik nailiyyətlərimiz də artıb: “Prezident İlham Əliyevin ötən il oktyabrın 6-da Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşlərin nəticəsində imzalanmış Bəyanatla Azərbaycanın ərazi bütövlüyünü tanındı. Suverenliyi tanımaqla Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini tanımış oldu. Eləcə də, Azərbaycan Prezidentinin, Ermənistan baş nazirinin və Rusiya Federasiyası Prezidentinin ötən il 31 oktyabrda Soçidə imzaladığı Bəyanatda qeyd olunur ki, bütün problemli məsələlər BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə etməklə həll olunmalıdır. Bu ilin aprel ayında Laçın sərhəd-keçid məntəqəsi yaradıldı. Artıq sərhədçilərimiz bütün dövlət sərhədinə nəzarət edir. Xüsusilə, sentyabr ayında Qarabağda keçirilmiş antiterror tədbirləri nəticəsində separatçı rejim təslim oldu. Bununla da, dövlətimizin suverenliyi tam təmin olundu. Hazırda Xankəndidə, Xocalıda və digər ərazilərimizdə üçrəngli bayrağımızın dalğalanması ilə böyük qürur hissi keçiririk”.