“Azərbaycan əsgəri tarixdə görülməyən bir işin öhdəsindən gəldi” – ŞƏRHbackend

Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin başçılığı ilə rəşadətli Azərbaycan Ordusu inanılmaz bir qəhrəmanlıq göstərərək 44 gün ərzində 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi. Vətən müharibəsində qazandığımız tarixi qələbənin şərəfinə 2020-ci il dekabrın 10-da Azadlıq meydanında keçirilən Zəfər paradı bundan əvvəl keçirilmiş hərbi paradlardan daha möhtəşəm, daha qürurverici idi. Paradda qalib bir dövlətin əsgər və zabitləri addımlayırdı. Torpaqlarımız işğal altında olan zaman keçirilən hərbi paradda ölkə başçımız vurğulamışdı ki, işğaldan azad ediləcək torpaqlarımızda ucaldılacaq bayraq yaxın vaxtlarda Azadlıq meydanında dalğalanacaq. Hərbiçilərimiz tərəfindən Şuşa şəhəri üzərində qaldırılan bayraq – Zəfər bayrağı parada gətirilmişdir. Zəfər paradında 3000 Azərbaycan əsgər və zabitləri ilə çiyin – çiyinə türk əsgər və zabitləri də addımlamışdılar. Zəfər paradında ordumuzun istifadəsində olan ən müasir hərbi texnikalar, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir silahlar, hava hücumundan müdafiə sistemləri nümayiş etdirildi. Vətən Müharibəsində bir nəfərin də fərari olmaması gənclərimizin nə qədər vətənpərvər olmasından xəbər verirdi. 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan əsgəri hər gün şəhər və kəndlərimizi işğaldan azad edirdi. Azərbaycan Ordusunun əsgər və zabitləri əsl qəhrəmanlıq, şücaət göstərirdilər. İgid oğullarımız bir amal uğrunda doğma torpaqlarımızı işğaldan azad etmək üçün döyüşürdülər. Azərbaycan əsgəri tarixdə görülməyən bir işin öhdəsindən gəldi. Cəmi 44 günə 30 il ərzində torpaqlarımızda güclü istehkamlar qurmuş erməni ordusunu məhv etdi. 

Bu sözləri “Yeni Gundem” -ə açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib.

Millət vəkilinin fikrincə, Vətən müharibəsi dövründə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar siyasi həmrəylik göstəriblər:
Vətən Müharibəsində iştirak etmiş, böyük şücaət göstərmiş hərbiçilərimizlə yanaşı bütün Azərbaycan xalqı arxa cəbhədə də böyük qəhrəmanlıq nümayiş etdirdi. Şanlı qələbəmiz münasibətilə “Zəfər”, “ Qarabağ” ordenləri və “Vətən Müharibəsi Qəhramanı” da daxil olmaqla 15 yeni medal təsis edilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamı ilə hərbiçilərimizin Vətən Müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıqlarının nümayiş etdirilməsi və şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyi yaradılmışdır. Məhz Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə Hərbi Qənimətlər Parkı salınmışdır. Qənimətlər Parkında Silahlı Qüvvələrimiz tərəfindən ermənilərdən qənimət götürülmüş 2000 dən çox hərbi avtomobilin nömrə nişanı olan lövhə, Ermənistan tərəfindən törədilmiş müharibə cinayətləri, eləcə də döyüş meydanlarından uzaqda yerləşən şəhər və kəndlərimizi raket zərbələrinə məruz qoymaları, dinc sakinlərimizi qətlə yetirmələri və yaralamaları barədə faktlar, həmçinin düşmən tərəfindən atılmış “İskəndər – M” raketin qalıqları vardır. Müharibə zamanı Azərbaycan xalqı Prezident cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdi, öz ordusuna dayaq, dəstək oldu. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar da siyasi həmrəylik göstərdilər. 52 siyasi partiyadan 50 i Prezident Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında birləşdilər və birgə bəyanat imzaladılar. Qələbəmizi təmin edən amillərdən biri də cənab İlham Əliyevin Azərbaycanda ordu quruculuğuna böyük diqqət ayırması, ordumuzun ən müasir silahlarla təmin olunması və bu istiqamətdə büdcədən kifayət qədər vəsait ayrılması olmuşdur. Ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal edildi. Ermənistanın bu təcavüzkar siyasəti 1980-cı illərin sonlarından başlamışdır. O zaman yüz minlərlə azərbaycanlı öz ata yurdları olan Zəngəzur, Göyçə, İrəvan mahalından didərgin salınmışdır.
Bir sıra nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarına və dəstəklədiklərinə dair qərar və qətnamələr qəbul etmələrinə baxmayaraq Ermənistan bunların heç birinə əhəmiyyət verməyərək torpaqlarımızı işğal altında saxlayırdı. 2020-ci il sentyabrın 27-dən başlayan Vətın Müharibəsində qələbə qazanan Azərbaycan erməni işğalına son qoydu. 2020-ci il 10 noyabr üçtərəfli bəyannaməyə əsasən Ermənistan kapitulyasiya aktına imza atdı. 2020-ci il 10 dekabr Zəfər paradını Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev və qardaş Türk Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan qetmişdilər. İki qardaş dövlət başçısının Zəfər paradınl birlikdə qəbul etməsi Türkiyə və Azərbaycanın sarsılmaz, əbədi dost olması barədə dünyaya bir mesaj idi.”

Fərahim RƏHİMOV