Azərbaycan İlahiyyat İnstitutunda “Vikipediya” könüllüləri ilə görüş keçirilibbackend

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Vikipediya” könüllüləri ilə görüş keçirilib.

“Yeni Gundem” xəbər verir ki,Aİİ rektoru Ceyhun Məmmədov “Vikipediya” könüllüləri ilə görüşdə bildirib ki, İnstitutda “Vikipediya” Metodik Mərkəzinin fəaliyyətə başlaması Azərbaycan həqiqətlərinin, tolerant və multikultural mühitin təbliği, ilahiyyat elmləri sahəsində müxtəlif məqalələrin yerləşdirilməsi baxımından əhəmiyyətlidir.
C. Məmmədov müasir dünyada informasiya texnologiyalarından istifadənin gündən-günə artdığını qeyd edib. Bildirib ki, bu gün sərbəst elektron resursu sayılan “Vikipediya” dövrümüzdə ən populyar axtarış sistemləri sırasındadır: “Bu vasitə ilə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün fəal olmalıyıq. Görüləcək işlər isə çoxdur. Təəssüf ki, bu gün mənfur düşmən Azərbaycan reallıqlarının saxtalaşdırılması üçün bu silahdan çox məharətlə istifadə edir. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, təbliği və bu cəhdlərin qarşısının alınması üçün hər birimiz gücümüzü səfərbər etməliyik. “Vikipediya” qeyd etdiyim fəaliyyət yönündə bizə yeni imkanlar yaradır”. O, eyni zamanda, tələbələrə fərdi bilik və bacarıqlarının artırılması, intellektual səviyyələrinin yüksəldilməsi istiqamətində həyata keçirilən layihələrdə fəal olmağı tövsiyə edib.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin təşəbbüsü ilə Azərbaycan İlahiyyat İnstitutunda “Vikipediya” Metodik Mərkəzi fəaliyyətə başlayıb. Könüllülər “Vikipediya”nın Azərbaycan dili bölməsində dinşünaslıq, islamşünaslıq və digər sahələrə aid məqalələrin yazılması, sosial mediada yerləşdirilməsi və redaktə olunması ilə məşğul olurlar.
Məlumat üçün bildirək ki, İnstitut tələbələrin ictimai fəaliyyətdə fəal iştirakını təmin etmək, onların fərdi bacarıqlarının, intellektual səviyyələrinin, polemika qabiliyyətinin gücləndirilməsi məqsədilə müxtəlif layihələr həyata keçirir.