Azərbaycan İlahiyyat İnstitutunda “Xüsusi təyinatlı İbad” filmi nümayiş olunubbackend

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və “Bir” Tələbə-Könüllü Proqramının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynov haqqında çəkilmiş “Xüsusi təyinatlı İbad” filmi nümayiş olunub.

“Yeni Gündəm”in məlumatına görə, Aİİ-nin Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova bildirib ki, ölkəmizdə geniş vüsət alan könüllülük hərəkatı əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin parlaq nəticəsidir. O qeyd edib ki, ali təhsil müəssisəsi fəaliyyətə başladığı gündən etibarən ölkənin sosial-ictimai həyatında fəallıq göstərməyə, həyata keçirilən gənclər siyasətində tələbə-gənclərin aktiv iştirakına xüsusi əhəmiyyət verir. Aİİ-də könüllülük fəaliyyətinin formalaşdırılması, gənclərin bura cəlb olunmaları istiqamətində bir sıra görüş və tədbirlər keçirilir.
Filmdə ermənilərin Kür çayı sahilində törətmək istədikləri növbəti terror aktının qarşısının İbad Hüseynov və dəstəsi tərəfindən rəşadətlə alınmasından bəhs edilir. Ekran əsərinin quruluşçu rejissoru Natiq Novruzov, ikinci rejissoru Rəşad Nuri, quruluşçu operatoru Fahir Səmədoğludur. Döyüş səhnələri ilə zəngin olan filmdə İbad rolunu Elçin Məmmədli canlandırıb. Filmdə, həmçinin Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar artist Xalidə Quliyeva, aktyor Rəşad Səfərov və başqaları çəkiliblər.
Qeyd edək ki, ali təhsil müəssisəsi gənclərimizin milli-mənəvi köklərimizə bağlı, dövlətçiliyimizi qoruyub saxlayan, Vətənini sevən, onun yolunda canından keçməyə hazır, vətənpərvər, mərd, cəsur, cəmiyyətə yararlı vətəndaşlar kimi formalaşması üçün qəhrəmanlıq tariximiz haqqında bədii və sənədli filmlərin nümayişini, müharibə iştirakçıları ilə görüşlərinin təşkilini həyata keçirir. Bu istiqamətdə Azərbaycan İlahiyyat İnstitutu Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirir.