Azərbaycan İlahiyyat İnstitutunda yay imtahan sessiyası başladıbackend

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) bakalavriat və magistratura səviyyələri üzrə yaz semestrinin yay imtahan sessiyası başlayıb.

Beş həftə davam edəcək sessiya təsdiq edilmiş imtahan cədvəlinə uyğun olaraq, “Microsoft Teams” platforması üzərindən onlayn formatda şifahi formada keçirilir.
Xüsusi karantin rejiminin tələblərini və məsafədən tədrisin reallıqlarını nəzərə alaraq, imtahan sessiyasında tələbələrin bilik və bacarıqlarını göstərmələri üçün lazımi şərait yaradılıb.
Qeyd edək ki, Azərbaycan Respublikası ərazisində koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin təxirə salındığını nəzərə alaraq, Aİİ-də cari tədris prosesi ilkin olaraq videodərslər formasında, daha sonra isə Təhsil Nazirliyinin tövsiyəsinə uyğun olaraq onlayn şəkildə “Microsoft Teams” platforması üzərindən keçirilib. Tələbələrin imtahanlarda daha fəal iştirak etmələri üçün güzəştlər tətbiq olunur.
İmtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, sualların tərtibi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunması, sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların araşdırılması və həll edilməsi məqsədilə ali təhsil müəssisəsində Qərargah və onun nəzdində Apelyasiya Komissiyası yaradılıb. Qərargah mövcud şəraitə uyğun olaraq məsafədən onlayn şəkildə fəaliyyət göstərəcək. Daxil olan elektron müraciətlər, şikayətlər qısa müddətdə çevik şəkildə araşdırılacaq və lazımi tədbirlər görüləcək.