Azərbaycan İlahiyyat İnstitutunun heyəti Xocalı soyqırımının 28-ci ildönümü ilə  bağlı tədbirdə iştirak edibbackend

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbər və müəllim heyəti Bakı şəhəri 279 nömrəli tam orta məktəbin Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı təşkil etdiyi tədbirdə iştirak edib.

“Yeni Gündəm” in məlumatına görə, Aİİ rektoru Ceyhun Məmmədov, İnstitutun müəllimlərindən – sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov, dosent Anar Qafarovun iştirak etdikləri tədbirdə Xocalıda qətlə yetirilmiş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik ehtiram sükutu ilə anılıb.
Məktəbin direktoru Südabə Abdullayeva qonaqları salamlayaraq, Azərbaycan xalqına qarşı işğalçılıq və soyqırımı siyasətinin davamı olan Xocalı faciəsinin tarixi faktlarını xatırladıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladlarının Xocalıya hücumu zamanı azərbaycanlılar xüsusi qəddarlıqla qətlə yetirilib. Qətlə yetirilənlər arasında yaşlı, qadın və uşaqlar da olub. Mülki əhali itkin düşüb, əsir götürülüb, ailələr məhv edilib.
Daha sonra çıxış edən rektor Ceyhun Məmmədov bildirib ki, insanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımının törədilməsindən iyirmi səkkiz il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə 7 min nəfərədək əhalisi olan Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhalini, xüsusilə uşaqları, qadınları, qocaları ağlasığmaz vəhşiliklə, xüsusi qəddarlıqla qətlə yetiriblər.
Aİİ rektoru bildirib ki, gənclərimizin milli-mənəvi köklərimizə bağlı, dövlətçiliyimizi qoruyub saxlayan, Vətənini sevən, onun yolunda canından keçməyə hazır olan, vətənpərvər, mərd, cəsur, cəmiyyətə yararlı vətəndaşlar kimi formalaşması üçün belə tədbirlərin həyata keçirilməsi məqsədəuyğundur. Qeyd edib ki, bu səpkili tədbirlər, anım mərasimləri Azərbaycan xalqının sıx birliyini, şəhidlərimizin xatirəsinə ehtiramını, ölkəmizin ərazi bütövlüyünün bərpası üçün əzmini nümayiş etdirir.
Tədbir bədii hissə ilə davam edib.
Məlumat üçün bildiririk ki, Azərbaycan İlahiyyat İnstitutu Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirir.