Azərbaycan İlahiyyat İnstitutunun təşkil etdiyi “Qış məktəbi” davam edirbackend

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Qəbələ rayonunda təşkil etdiyi “Din, mədəniyyət və cəmiyyət-2” mövzusunda “Qış məktəbi”nin ikinci günü seminar və ziyarətlərlə davam edib.

Aİİ-dən “Yeni Gündem” e verilən məlumata görə,günün birinci yarısı tələbələr Heydər Əliyev Konqres Mərkəzində olublar. Onlara burada Mərkəz haqqında geniş məlumat verilib. Binanın 3 mərtəbədən ibarət olduğu və bütün infrastrukturla təmin olunduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 14 avqust 2013-cü il tarixdə Qəbələ rayonuna səfəri zamanı Heydər Əliyev Konqres Mərkəzinin açılışında iştirak edib.
Daha sonra olanlar Qəbələ Arxeoloji Mərkəzini ziyarət ediblər. Bildirilib ki, Qəbələnin zəngin tarixinin üzə çıxarılmasında son illərdə SEBA – Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının gördüyü işlər mühüm yer tutur. Son illərdə Azərbaycanlı alimlərin koreyalı mütəxəssislərlə birgə apardıqları arxeoloji tədqiqatlar və qazıntılar nəticəsində Qəbələ tarixinin açılmamış yeni səhifələri ortaya çıxıb. Qəbələ Arxeoloji Mərkəzinin üçmərtəbəli binası sərgi salonu, arxeoloji fond, bərpa laboratoriyası, konfrans zalı və arxeoloqların çalışdığı otaqlardan ibarətdir. Burada, həmçinin Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun ofisi də fəaliyyət göstərir. Mərkəzdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Qəbələ arxeoloji qrupu və SEBA-nın dəstəyi ilə Koreya arxeoloqları birgə qazıntı işləri həyata keçirirlər. Arxeoloji qazıntılar əsasən Qəbələnin antik şəhər yeri, Səlbir və Qala ərazilərində aparılır. Qazıntılar zamanı əldə olunan yeni eksponatlar Arxeoloji Mərkəzdə ən müasir texnologiyalara cavab verən laboratoriyalarda bərpa olunaraq nümayiş olunur.
Xatırladaq ki, fevralın 7-nə qədər davam edəcək qış məktəbinin təşkilində əsas məqsəd tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, onların ölkəmizdə mövcud multikultural, tolerant mühitin canlı şahidi olmalarıdır.