Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir – Sevinc Fətəliyevabackend
“Bu gün Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvədədir. Bu zirvənin ən yüsək nöqtəsi isə ötən il iyunun 15-də iki ölkə arasında Müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin imzalanmasıdır”.
Bu fikirləri “Yeni Gündəm”-ə açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputatın sözlərinə görə, Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsində   strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətləri əhatə olunur. Bəyannamədə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti və s. məqamlar əksini tapır. Həmçinin Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir.

Şuşa Bəyannaməsində hərbi əməkdaşlıq amilinə də xüsusi yer verildiyini deyən S.Fətəliyeva qeyd edib ki, bu, tarixi nailiyyətdir. Bu, bir daha göstərir ki, biz bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq.

S.Fətəliyevanın fikrincə, Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya nümayiş etdirən  bir mesajdır: “Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir. İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan Türkiyə Prezidenti Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə edib. Müharibənin ilk günlərindən Türkiyə Prezidenti bildirdi ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müharibəyə müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayanmağa vadar etdi”.

“Beləliklə, Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcək. eyni zamanda,  Şuşa Bəyannaməsi çoxşaxəli müttəfiqliyin rəmzi hesab oluna bilər. Bəyannamə sayəsində Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Həmçinin, Şuşa Bəyannaməsi bölgədə inteqrasiya proseslərini stimullaşdırır, əhatəli sülhə yol açır. Eləcə də, Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır. Bundan başqa, sənəd Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur.Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu daha da artıracaq. Digər bir vacib məqam ondan ibarətdir ki, Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bir sözlə, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və Şuşa Bəyannaməsi bu qardaşlığı daha da gücləndirir”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.