Azərbaycan İrandakı soydaşlarımıza yardım göstərməyə hazırdır – Məlahət İbrahimqızıbackend

Bu yaxınlarda İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş vermiş dağıdıcı zəlzələ nəticəsində evsiz qalan minlərlə azərbaycanlı molla rejiminin qeyri-insani rəftarı ilə üzləşib. Küçələrdə gecələməyə məcbur qalan soydaşlarımız İranın rəsmi qurumlarından kömək istəsə də, yerli hakimiyyət onları üzləşdikləri çətin vəziyyətdən xilas etmək üçün heç bir iş görməyib.

Bu durum Azərbaycan xalqını da ciddi narahat etdiyindən, İrandakı soydaşlarımıza dəstək göstərilməsinin vacibliyi önə çəkilib, bununla bağlı dövlət qurumlarına çağırış edilib.

Tehrandakı səfirliyimizdə baş vermiş terror aktı səbəbindən münasibətlərin kəskinləşdiyi bir dönəmdə Azərbaycan dövləti İrandakı soydaşlarımıza necə yardım göstərə bilər?

Mövzu ilə bağlı danışan Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, İranda zəlzələdən sonra azərbaycanlılara qarşı İran rejiminin qeyri-humanist yanaşması qəbuledilməzdir. Onun sözlərinə görə, İran öz vətəndaşları arasında irqi ayrı-seçkilik edir, azərbaycanlılara qarşı isə xüsusi diskriminasiya siyasəti həyata keçirilir:

“Zəlzələdən sonra yaranmış vəziyyətdə İran rejiminin davranışları bunu bir daha sübut edir. Qarlı, soyuq havada uşaqlar, qadınlar, yaşlılar yollarda qalıb. Ancaq dövlət heç bir tədbir görmür. Belə olan halda, beynəlxalq təşkilatlar, beynəlxalq ictimaiyyət buna səsini çıxarmalıdır. Müəyyən tədbirlər, yardımlar göstərilməlidir. Mən bir deputat və vətəndaş kimi bu durumu qınayıram”.

İran rejiminin qeyri-rasional davrandığını vurğulayan deputatın fikrincə, Azərbaycan İrandakı soydaşlarımıza yardım göstərməyə hazırdır:

“Azərbaycan hələ koronavirus vaxtında bir çox ölkələrə, eləcə də, Ümumdünya Səhiyyə Təşkilatına kömək edib. Azərbaycan eyni yardımları indi güneyli həmvətənlərimizə etməyə hazırdır. Çünki onlar bizim soydaşlarımızdır. Bizimlə eyni hüquqlara malikdir. Bu, məsələnin mənəvi tərəfidir. Azərbaycan və Türkiyə İrana zəzələdən sonra yaranmış vəziyyətə görə yardım təklif etdi. Ancaq İran nə Azərbaycanın, nə də Türkiyənin yardım təklifini müsbət qarşıladı. Ancaq özü ilə eyni xislətdə olan Ermənistanın dəstəyini qəbul etdi. Halbuki, Ermənistan özü başqa dövlətlərin yardımları əsasında ayaqda qala bilir. Onun göstərdiyi yardım nə olacaq?”.

Sonda M.İbrahimqızı vurğulayıb ki, İrandakı acınacaqlı durumla bağlı beynəlxalq qurumlara müraciət edilməlidir:

“Biz hazırkı vəziyyətdə beynəlxalq təşkilatlara, xüsusilə də, beynəlxalq humanitar təşkilatlara müraciət etməliyik. Bununla onsuz da sanksiyalar altında olan İrana qarşı daha bir adekvat qərarın verilməsinə nail olunmalıdır. İranda yaranmış bu qeyri-insani situasiya tez bir zamanda aradan qaldırılmalıdır”.Modern.az