Azərbaycan Ordusu dünya hərb elminə yeni strategiyalar, yeni taktikalar gətirdibackend

Bir ölkənin böyüklüyü, qüdrəti ərazisindən, əhalisindən, yerləşdiyi strateji-coğrafi mövqeyi kimi faktorlardan əlavə, tarixin ona bəxş etdiyi böyük şəxsiyyətlərindən, öz torpağı uğrunda hər an canından keçməyə hazır olan oğul və qızlarından asılıdır.

Bu sözləri Milli Məclisin deputatı Əminə Ağazadə söyləyib.

Deputat deyib: “44 gün ərzində Şanlı Azərbaycan Ordusu böyük bir tarix yazdı. Azərbaycanın qəhrəman əsgər və zabitləri öz canları və qanları bahasına torpaqlarımızı düşmən işğalından azad etdi. Azərbaycan əsgəri dünyaya bir qəhrəmanlıq nümunəsi göstərdi. Azərbaycan ordusu dünya hərb elminə yeni strategiyalar, yeni taktikalar gətirdi.

Bütün dünya mediası ordumuzun Qarabağdakı hərbi əməliyyatlarda istifadə etdiyi yeniliklərdən, hərbi taktikalardan, strategiyalardan danışdı. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliyyatlar həm texniki imkanlar, həm də operativ addımlar əməliyyatın hazırlanması və icra edilməsi baxımından bütün dünyanın hərbi mütəxəssisləri tərəfindən öyrənildi. Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin əksər hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu.

Özü haqqında məğlubedilməzlik sindromu yaradan Ermənistan silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu”.
O qeyd edib ki, Prezident İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi: “Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi 30-dan artıq müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi. Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı.

Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Müzəffər Ordumuz tərəfindən döyüş meydanlarında reallaşdırılan bu əzəmətli Qələbədən, xalq-iqtidar birliyindən, gənc nəslin vətənpərvərliyə köklənmiş ruh yüksəkliyi və könüllü səfərbərlik əzmindən, şəhidlərimizin və qazilərimizin valideynlərinin məğrur və vüqarlı davranışlarından yüz illər boyu böyük coşqu ilə bəhs ediləcək, qəhrəman əsgərlərimizin fədakar döyüş əzminə neçə-neçə dastanlar, musiqi əsərləri yazılaraq, gələcək nəsillərə çatdırılacaqdır.

Bu gün ölkəmizin işğaldan azad olunmuş əzəli torpaqlarımız olan qədim Qarabağımızda, onun bütün şəhər, qəsəbə və kəndlərində yeni bir mərhələ başlayır. Ölkə Başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə o torpaqlarda geniş tikinti-quruculuq işlərinə başlanılıb, bütün yurd yerlərimiz dirçəldiləcək, canlandırılacaq. Bir sözlə, bu istiqamətdə qəbul ediləcək uğurlu layihələrin və proqramların hazırlanıb reallaşdırılması mühüm əhəmiyyət kəsb edəcək. Bu qələbə Ali Baş Komandanımızın, bizim birliyimizin qələbəsidir, haqq işimizin, Müzəffər Ordumuzun gücünün, rəşadətli əsgərlərimizin, Azərbaycan xalqının iradəsinin qələbəsidir. Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan xalqı! Qarabağ Azərbaycandır”!