Azərbaycan Ordusunun Baş Qərargah rəisi mühəndis-istehkam qoşunlarının hazırlığını yoxladı – VİDEObackend

Müdafiə nazirinin tapşırığına əsasən Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev mühəndis-istehkam qoşunlarının hərbi hissələrində olub.

Bu barədə “Yeni Gündəm”-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bölmələrin döyüş hazırlığını yoxlayan Baş Qərargah rəisinə məruzə olunub ki, şəxsi heyət mühəndis qoşunlarında silahlanmaya qəbul edilmiş müasir mühəndis texnikası və avadanlıqlarından effektiv istifadə etmə bacarıqlarını təkmilləşdirir.

General-mayor Anar Kərimov mühəndis bölmələrinin fəaliyyəti ilə bağlı brifinq təqdim edib.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən yeni yaradılan mühəndis taborlarının komplektləşdirilməsi işləri sürətlə davam etdirilir. Qardaş Türkiyədən gələn mütəxəssislər tərəfindən onların hazırlığı yüksək şəkildə həyata keçirilir.

Azad edilən ərazilərin mühəndis-istehkam bölmələri tərəfindən minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinin də davam etdirildiyi diqqətə çatdırılıb. Bildirilib ki, dağlıq ərazilərdə yerləşən bölmələrimizin mövqeləri istiqamətində yeni yolların çəkilməsi üzrə mühəndis işləri icra edilir.

Sonra hərbi hissənin təlim poliqonunda mühəndis-istehkamçılar təlim-məşq nümunələri nümayiş etdirib.

Azad edilən ərazilərimizdə mühəndis işlərinin daha da sürətli aparılması ilə bağlı Müdafiə nazirinin müvafiq tapşırıqlarını aidiyyəti üzrə vəzifəli şəxslərə çatdırılıb.

Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu təltif edilib.