Azərbaycan Prezidenti Kraliça II Yelizavetaya at hədiyyə etdibackend

12-15 may 2022-ci il tarixlərində Böyük Britaniyada keçirilən ənənəvi “Vindzor Kral Atçılıq Şousu” tədbirləri çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kraliçası II Yelizaveta Azərbaycan Respublikasının Atçılıq Federasiyasının prezidenti Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətini Vindzor sarayında qəbul edib.

“Yeni Gündəm” xəbər verir ki, “Vindzor Kral Atçılıq Tədbirləri” çərçivəsində Azərbaycan təmsilçilərinin çıxışlarını hər zaman böyük maraqla izləyən Ülyahəzrət Kraliçaya Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin hədiyyəsi – “Şöhrət” adlı Qarabağ atı təqdim olunub.

Kraliçaya hədiyyə olunan at Vindzor qəsrinə gətirilərək haqqında bütün məlumatlar əks olunan sertifikatla birgə yeni sahibinə təhvil verilib.

Daha sonra Azərbaycanın tanınmış heykəltəraşı Faiq Hacıyevin yaratdığı “Alxan” adlı Qarabağ, “Qalxan” adlı Dilbaz atlarının heykəlləri Ülyahəzrət Kraliçaya hədiyyə olunub. Ülyahəzrət II Yelizaveta hədiyyəyə görə təşəkkürlərini ifadə edib, “Vindzor Kral At Şousu” tədbirlərində ənənəvi iştiraka görə minnətdarlığını bildirib.

Qeyd edək ki, 1956-cı ildə N. Xruşov kraliça Yelizavetaya (o, 1952-ci ildən taxtdadır) artıq Qarabağ atı hədiyyə etmişdi. O vaxt kraliçaya göndərilən atın adı “Zaman” idi. Amma onda bu at Vindzor sarayında təqdim olunmamışdı. Prezident İlham Əliyevin hədiyyəsi isə Vindzorda təqdim edilib.