Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması 13 Türkiyə vətəndaşının qətli ilə bağlı Bəyanat yaydıbackend

Türkiyə vətəndaşlarına qarşı törədilmiş terrorla bağlı Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının

BƏYANATI

Azərbaycan və Türkiyə arasında qardaşlıq, strateji müttəfiqlik münasibətləri, hər iki dövlətin milli maraqlarının müdafiəsi istiqamətində birgə addımları bəzi dövlətləri narahat etməkdədir. Bu narahatçılıq bəzən aparıcı dövlətlərin, beynəlxalq qurumların rəsmi mövqelərində açıq şəkildə ən yüksək səviyyədə ifadə olunur, bəzən də müxtəlif üsullarla hazırlanan təzyiq vasitələrinə əl atılmaqla icra edilir. Təəssüflə qeyd etmək lazımdır ki, bu güclər təzyiq elementlərinin ən qəddarı kimi terror üsulundan da rahatlıqla istifadə edirlər. Azərbaycanın 30 illik erməni işğalına son qoyduğu 44 günlük müharibə zamanı Türkiyə dövləti və vətəndaşlarının ölkəmizə verdiyi mənəvi, siyasi dəstək Azərbaycana və Türkiyəyə qarşı olan quvvələri daha da azğınlaşdırmışdir.

Azərbaycanın erməni faşizmi üzərində möhtəşəm qələbəsindən dərhal sonra Fransanın avantürist bəyanatları, bir müddət əvvəl Türkiyə gəmisinə dəniz quldurlarının basqını, az sonra ABŞ Senatının bəzi üzvləri tərəfindən Prezident Cosef Baydenə ünvanlanmış bədnam məktub, ardınca xain terror hücumu nəticəsində Türkiyənin 13 vətəndaşının vəhşicəsinə qətlə yetirilməsi, Ermənistandakı revanşist qüvvələrin terror çağırışları bütün bu proseslərin bir mərkəzdən idarə olunması şübhəsini daha da artırmaqdadır.

Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması Türkiyə vətəndaşlarına qarşı törədilən qətliamı pisləyir, bu terror aktını icra edənləri və arxalarında duran qüvvələri lənətləyir, qardaş Türkiyə dövlətinə və xalqına başsağlığı verir.

Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının Mətbuat Xidməti