Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcmasının BƏYANATIbackend

Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması bəyanat yayıb.

“Yeni Gündəm”-in məlumatına görə, bəyanatda deyilir.

1985-ci ildə M.Qorbaçovun SSRİ hakimiyyətinə gəlişi ilə SSRİ-nin dağılmasına və dünyanın yenidən bölüşdürülməsinə start verildi. Bu məqsədlə SSRİ-nin bir neçə nöqtəsində milli münaqişə yaradılmasına cəhd edilsə də, bir sıra səbəblərə görə məhz erməni separatizminə dəstək vermək qərara alındı və SSRİ rəhbərliyinin xeyir-duası ilə qondarma DQMV münaqişəsi alovlandırıldı.

Fürsətdən istifadə edən “Daşnaksütyun” erməni faşist partiyası prosesi ələ aldı və “dənizdən-dənizə Ermənistan” ideyası ilə dünya ermənilərini səfərbər edib, Azərbaycanın əraziləri hesabına Cənubi Qafqazda daha çox torpaq əldə etmək üçün hərəkətə keçdi. İlk olaraq 1920-ci ildə “yarımçıq qalan işlərini” həyata keçirdilər – 1988-ci ildə Qərbi Azərbaycandan 300 min nəfər soydaşımız vəhşicəsinə qovuldu və böyük bir ərazidə Azərbaycanın tarixi torpaqlarının tamamilə erməniləşdirilməsi prosesi başa çatdırıldı. Bundan sonra bütün diqqət Qarabağın Azərbaycandan qoparılmasına yönəldildi, ardınca daha yeddi rayonumuzu işğal etdilər.

Həmin vaxt Azərbaycanı çox az dövlət dəstəklədi, işğalçı Ermənistanı isə dəstəkləyənlər kifayət qədər oldu, İran isə Ermənistanı dəstəkləyən bəzi müsəlman dövlətlərin önündə getdi. Təkcə belə bir faktı demək kifayətdir ki, Azərbaycan və Türkiyə Ermənistanla sərhədləri bağlasa da, İran sərhədlərini Ermənistanın üzünə geninə-boluna açdı. İran Ermənistanı bir gün də yanacaqsız, ərzaqsız qoymadı və bu proses açıq-aşkar hamının gözü qabağında 30 il davam etdi. Azərbaycan bir çox etnik-mədəni-tarixi bağlarla bağlı olduğu qonşusunun “işdəklərini” üzünə vurmadı, İran isə “günün günorta çağı” öz əməllərini davam etdirdi.

44 günlük Vətən müharibəsi İranın iç üzünü bütünlüklə ortaya qoydu. Gecə-gündüz separatçı rejimə “yük” daşıyan İran TIR-ları postmüharibə dövründə də eyni hərəkətlərini davam etdirdilər. Azərbaycan buna etiraz edəndə isə mollabaşlar ünvanımıza təhdid və hədyan yağdırdılar.

Ermənilər tərəfindən işğal altında olan torpaqlarımızda törədilən vəhşiliklərə, dini abidələrimizin, inanc yerlərimizin təhqirə, dağıntıya məruz qalmasına bir dəfə də etiraz etməyən İranın Azərbaycana qarşı bugünkü hərəkətləri təəccüb, təəssüf və hiddət doğurur.

Biz Qərbi Azərbaycan qaçqınları 33 ildir yurd-yuvamızdan didərgin düşmüşük, hələ də qaçqın həyatı yaşayırıq. İran bir dəfə də olsun buna etirazını bildiribmi? İran rəsmiləri İrəvana səfər edəndə soruşublarmı hanı İslam aləminin mədəni mərkəzlərindən biri olan bu şəhərin müsəlman əhalisi? Təkcə 1988-ci ildə Qərbi Azərbaycan ərazisində 300-dən artıq məscidimiz, 500-dən artıq qəbiristanlığımız, saysız-hesabsız ocaq və ziyarətgahlarımız ermənilər tərəfindən təhqir olunub, yerlə-yeksan edilib. İran buna etiraz edibmi? 1760-1764-cü illərdə İrəvan xanı Hüseynəli xan tərəfindən tikdirilən Göy məscidi “fars məscidi” kimi “bərpa etməklə” tarixi Azərbaycan şəhəri olan İrəvanda Azərbaycan türklərinin yox, farsların yaşadığını dünyaya sübut etmək istəyənlər nə qədər səmimidir?

Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması olaraq İran İslam Respublikasının tutduğu anti-Azərbaycan mövqeyə etiraz edir, onu mehriban qonşuluq, dostluq əlaqələrinə, din təəssübkeşliyinə xələl gətirən fəaliyyətə son qoymağa çağırırıq.