Azərbaycanın efir məkanında öz adıyla tanınan, seçilən, ayrıca dinləyici auditoriyasına malik olan üzünömürlü verilişlərdən biri, bəlkə də birincisi “Bulaq” verilişi oldu, – dedik. Artıq 50 ildi ki, “Bulaq” verilişi, hazırkı, bildiyiniz biçimdə efirdədi və hər həftə dinləyicilər “Bulaq” vaxtını səbirsizliklə gözləyir, bazar günü 19.30-da ocaq başına yığışan kimi, ağsaqqal, ağbirçək sözünə dinşək kəsilən kimi “Bulağ”ın başına yığışır, bu əlli ildi beləcə davam eləməkdədi. Təsadüfi deyil ki, dinləyicilərimizin çoxu bu verilişi “Bulaq Dədə” kimi tanıyır. Dədə sözü isə simvollaşmış bir obrazdı. Dədə adı altında xalq özünün ən müdrik ucalığını görür.
“Bulağ”a həsr olunmuş “Ozanların dilindən” adlı proqramda, vaxtilə “Bulağ”ın saylarının müəlliflərindən olan, akademik Rafael Hüseynov belə bir fikir ifadə elədi, dedi ki, keçmiş Sovet rejimi hər bir nəsnəyə öz biçimi, öz məntiqi və görmək istədiyi tərzdə və səviyyədə yanaşırdı. Şəhərlər, küçələr bir-birinə bənzədilirdi, (bütün ittifaq səviyyəsində) küçə, meydan, müəssisə, nə bilim nə gəldi eyni adlarla, eyni məlum qəhrəmanların adlarıyla adlandırılırdı. İttifaq səviyyəsində bütün teleradio verilişləri, qəzet və jurnal yazıları bir biçimdə yayımlanırdı. Belə bir mühitdə “Bulaq” verilişi bütöv sovet qəliblərinə sığmadı, bütün ehkamları parçaladı, tamam yeni bir formada, üslubda meydana çıxdı. Olduqca dəqiq ifadələrdi.
“Bulaq” verilişi efirə çıxdığı gündən, doğrudan da? keçmiş sovet rejiminin qadağalarına məhəl qoymadan xalqımızın milli-mənəvi dəyərlərini, folklorumuzu, folklorumuzun ən parlaq nümunələrindən olan saz-söz sənətimizi təbliğ eləməyə, yaddaşlarda yaşayan deyimlərimizi, məsəllərimizi, etnik-mədəni irsimizi toplamağa, xalqdan aldığını xalqa qaytarmağa başladı. Sovet ideoloji aparatının çərçivələrinə sığmadı.
Ölkəmiz öz müstəqilliyini bərpa etdikdən, qardaş Türkiyə və Cənubi Azərbaycanla aramız açılandan sonra “Bulaq” verilişinin həm imkanları artdı, həm də araşdırıcı yönü dərinləşdi. Yarandığı ilk gündən “Bulaq” verilişi həm də Güneydəki, Türkiyədəki, eləcə də dünyanın hər səmtinə səpələnən soydaşlarımızla bir əlaqə körpüsüydü, milli-mənəvi dəyərlərimizə bağlı məktəb idi. Bu missiyasını “Bulaq” verilişi bu gün daha uğurla, daha şərəflə yerinə yetirməkdədi.
Bu günlərdə güneyli bir soydaşımızla söhbətdə o belə bir söz dedi: “İndi Güneydə çox ailələrdə “Bulağ”ın əlli illik arxivi var, hər sayı qorunub saxlanılır, ola bilsin ki, sizlərdə hansı sayı olmasın”.
Bu sözlərdəki həqiqət bizləri sevindirir. “Bulağ”ın qazandığı uğur xalqın mənəvi dəyəri kimi dəyərləndirilməklə yanaşı Azərbaycan Radiosunun tarixi fəaliyyətinə verilən ən yaxşı qiymətdi, həm də.
Yeridi deyək ki, bir neçə əməkdaşla hazırlanan, efirə çıxan bu veriliş, elə bil ki, bütöv ölkəylə, xalqla birgə hazırlanır, birər-birər hamımızdan, hər nəfərimizdən, tariximizdən, mənəvi sınırlarımızdan keçir. Elə uğuru da bu yöndədi.
Tarix-təkcə tarix deyil, təkcə yaşanılmış həqiqətlər deyil, tarix həm də ibrət dərsidi, olmuşlardan bir nəticə hasil eləmədi. Bu isə tarixə sahiblikdən və özünü dərkdən keçir. Özünü dərk isə etnomühiti yaratmaqla, yeddi arxa dolananı tanımaqla, soya-kökə bağlılıqla, etnogenezisdəkiləri öyrənməklə mümkün olur. Çox böyük həqiqətlər çox vaxt kosmoqonik görünənlərdə, mifoloji qatlarda gizlənir. Bu illər boyu “Bulaq” dərin elmi araşdırmalar apardı, uğurlar qazandı.
Bir dəfə rəhmətlik, folklorçu alim Azad Nəbiyevlə söhbət əsnasında dedi ki, sən niyə elmi iş təqdim eləmirsən, “Bulağ”ın bir neçə sayında gedən materiallar bir elmi işin bütöv əsasıdı. Sizin ssenariləri arxivdən götürüb elmi işlərinə əlavə eləyənləri bir-bir desəm təəccüb qalarsan, hətta materialın üzünü köçürmədən belə elmi işə daxil eləyənlər nə qədər desən.
Tarixi dəyərləri qiymətləndirə, olmuşları saf-çürük eləmək bacarığına, daha neçə qat folklor gələnəklərə sahib çıxma, mifoloji başlanğıclara varma “Bulağ”ın ümumxalq sevgisinə səbəb oldu. Özünəməxsus elmi-publisistik fəlsəfi-psixoloji epos düşüncəli yazı üslubu, belə deməyə əsas verir ki, əlli ildi bir “Bulaq” janrı mövcuddu. Dilçi alim Nəsir Əhmədli demiş, “Bulağ”ın dili xalqın əsil ədəbi dilidi.
“Bulağ”ın araşdırmaları bir daha sübut eləyir ki, türklər həm tarixi yaradıb, həm də yazıb. Nədən ki, hər sözümüzdə, idiomatik ifadələrimizdə deyimlərimizdə üstünü toz bassa belə, əsil tariximiz qalır, yaşayır. Bu uzun illərdə “Bulaq” bu yöndə çox işlər görüb: çoxlu deyimlərimizin, ata sözlərimizin, misallarımızın yaşatdığı tarixi, qoruduğu həqiqətləri, sözün içindəki enerjini dinləyicilərə nişan verə bilib.
“Qan içən”, “Od qiyməti”, “Su qiyməti”, “Dədəsinin qiymətini malın belinə qoyub”, “birin-bilirsən, birin bilmirsən”, “kəkliyim azıb”, “Qaraçöp”, “sülənmək”, bu sıradan söz və ifadələrin sayını çox artırmaq olar. Bu sözlərin elmi açılışı, etno-toponimik izahı elmlə məşğul olanlarımız üçün də maraq doğurur.
Dilimizdə çox işlənən bir ifadə var: Qatıq ağdımı, qaradımı? Bu ifadə hardan qaynaqlanır? Naxçıvandan rəhmətlik Qaşdar Əliyevin bir göndərisində bu ifadə “Bulaq” düşüncəsində həllini belə tapır.
“Yaylağın bir neməti də qara qatıqdı. Qara qatıq dediyin ağzı dada gətirər. Qara qatığı hər adam çala bilməz. Hövsələ tələb elər. Gərəkdi ki, azı bir kasa inək xaması tutula, sonra da qoyun südü ilə inək südünün qarışığı ocaqda yaxşıca bişirilə. Soyudulub çalmazdan qabaq inək xaması südə vurulur. Qatığı çalıb üstünü basdırarlar. İpək nənələr qatıq çalanda çalasını südə qarışdırıb qaşıqla qazanın ağzına dörd yerdən vura-vura Nuh əyyamdan qalma oxşama deyərlər. “Elə yat dovşan kimi, elə tut kərpic kimi”. Dovşan kimi yat, o deməkdi ki, dovşanın yatması an işidi. Kərpic kimi tut, isə o deyəndi ki, çalınan qatıq kərpic kimi möhkəm tutsun. Qara qatıq tutandan sonra qazanı qoyarlar buz kimi bulağın gözəsindəki yarpızlığa. Üstünə də iri bir ləpük daş. Doğrudan da kərpic kimi bərkiyər. Bu olar qara qatıq. Dilimizdə bərkimiş bir deyim var. Deyir: mən deyirəm qatıq qaradı, o deyir, ağdı. Bu da yalançı qara qatıq satanla, bilici arasındakı söz çəkişməsidi.
Məişətimizdə kulinariyamızda vaxtilə çox istifadə olunan dədə-babalarımızdan qalma bir pendir növü var: “Axtarma”. “Axtarma motal”. Bu məhsulun hazırlanması, sözün etimolojisi barədə “Bulağ”ın dediklərindən: “Elə sözümüzün canı “Axtarma” pendir növünü tanıtmaqdı. Hündür, qəlbi yerlərimizdə, havası-suyu can dərmanı dağlarımızda tutulub. Hər yerdə, hər otaraqda, örüşdə otlayan sürüdən “axtarma” tutulmaz. Sərkər çobanlar, çox bilmiş ağsaqqallar, tərəkəmə el-elat yaxşı bilir ki, yay-yaylaq vaxtının axırına yaxın, sürü dağdan enməyə az qalan vaxtlarda qoyunun sağını dayandırılır, buna buraxılma da deyərdilər. Nədən ki, bu aralar qoyğuna qoç qatılar.
Hə, təqribən sağının sonuna 15-20 gün qalmış sağılan süddən tutulan pendir “axtarma” pendiridi. Yadda qalsın deyin, bir də təkrarlayaq ki, qoyun süddən soğulan vaxtdan 15-20 gün əvvəlin südündən tutulan pendir axtarma pendir sayılır. Axtarmanın bir anı da onunla bağlıdı ki, vaxt, dəqiqəsinə düzgün müəyyən olmunmalıdı, bir anı belə ötürmək olmaz. Bu vaxtın özünün də təzə çıxan gülü-çiçəyi olur ki, sürü, bərəkət bu otu-çiçəyi axtarıb tapıb, sonalayıb yeyir. Payız ağzı alp çəmənlərdə təzə açılan otlar-çiçəklər dediyimiz kimi quş südü, can dərmanı yerindədi.
Nə başınızı ağrıdım, cəmi on beş-iyirmi günün ağartısından tutulan belə pendirə “axtarma” deyəllər, iri çəlləklərə, ağac təknələrə yığılan bu növ pendirin üstünə sap-sarı, beyin qurdu öldürən qaymaq tökülər, pendir bir müddət qaymaqda qalar, bişər, yetişər, özünə gələr, sonrası da örkən dolanmaz erkək dərilərinə yığılar, motallar basılar. Hə belə motala deyəllər “axtarma motal”
Hə, indi a sağolmuşlar bu “axtarma” deyilən pendirin qiymətini özünüz verin. Elə yağnan qaymaqnan, balnan bir tutulsa da, ilk sırada durar.
Pir olmuş Aşıq Ələsgərin sözünün mətləbi də aydınlanar.
Axtarma motalın, yağın, qaymağın
Zənbur çiçəyinnən bal al, dağlar
Bir də o qalır ki, uca-uca dağlarımıza, ötükən-ötükən yaylalarımıza, gencə-şencə yurddarımıza qayıdaq, qayıda bilək, bir sözlə, özümüzə, içimizə, çölümüzə yiyə duraq. Bunlar da öndə görəcəklərimiz, bir daha götürəcəklərimizdi. Aminlər olsun.
“Bulaq” yaranışdan bizimlə birgə addımlayan, bizimlə birgə yaşayan, köynəklə bədən kimi, hətta ətlə sümük qədər bir-birinə yaxın xalqların, etnosların da folkloruna güzgü tutub. Bu qohum xalqların və mədəniyyətlərin (talış, tat, kürd, udi, avar, kumuk, ləzgi və s.) bir-birinə qaynaq folkloru bir bütöv kimi tədqiq edilir və araşdırılır.
“Bulaq” sözün qatlarından keçib gəlir, su yerin yeddi qatınnan gələn kimi..
Bir də var ki, söz adamın öz içiylə, gəldiyi amma heç vaxt mənzilə yetişə bilməyəcəyi yoldu.
Təbii ki, “Bulaq” araşdırmalar apardıqca özü də dərinliklərə gedir, dərinliklərdə isə gözə görünməyən aydınlıqlar da var qulaq batıran sakitlik də.
“Bulaq” bir proqramm kimi həmişə Dövlətin qayğısıyla əhatələnib. “Bulağ”ın məşhur aparıcısı, rəhmətlik Məhluqə xanım Sadıqovanın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamında yer alan bu sözlər ürəyimizi qürurla doldurur, yeni yaradıcılıq stimulu aşılayır.
“Sənətkarın bədii, qiraət ustası kimi uzun illər aparıcısı olduğu, geniş dinləyici auditoriyasına malik xalq yaradıcılığı “Bulaq” verilişi Azərbaycan radiosunun qızıl fondunu təşkil edən qiymətli nümunələrdəndi”. Bu “Bulağ”a verilən uca sözdü, Dövlət başçısının verdiyi əvəzsiz qiymətdi.
Bir də onu demək istəyirəm ki, hörmətli dinləyicilər, biz bulaqçıların qolundan tutan, dərinliklərə aparan isə sizin məktublar olur. Həmişə məktublarınızı gözləyirik.
Mən bu yazıda bu əlli illik yolda qələmiynən, axtarışlarıynan “Bulağ”ı Bulaq eləyən əziz və hörmətli qələmdaşlardan ayrılıqda söz açmadım.
Bu bir maraqlı kitaba mövzudu. Bir də ona görə ki, “Bulağ”ın müəllifi bütünlükdə Xalq özüdü.kaspi.az
Tahir Talıblı