Azərbaycan regionun və Avropanın enerji xəritəsini zənginləşdirir:Anar Məmmədovbackend

“Azərbaycanın neft-qaz strategiyasında mühüm məsələlərdən biri də enerji resurslarının dünya bazarına hansı marşrutlarla çıxarılmasıdır.

“Yeni enerji strategiyası”na uyğun olaraq Azərbaycanın enerji potensialının dünya bazarlarına çıxarılması istiqamətində bir sıra  uğurlu layihələrə imza atılmışdır. Son illər dünyanın potensial qaz ixracatçısına çevrilmiş Azərbaycan Respublikası regionun və Avropanın enerji xəritəsini zənginləşdirir, müstəqil iqtisadi siyasət yeridən bir ölkə kimi bir sıra qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı rolunda çıxış edir. Artıq özünün zəngin karbohidrogen ehtiyatları hesabına enerji təhlükəsizliyini tam təmin etmiş ölkəmiz uzun illərdir ki, Avropanın da enerji təhlükəsizliyinə mühüm töhfələr verir və həyata keçirilən enerji resuslarının düzgün  nəql strategiyası nəticəsində respublikamız  dünya enerji bazarında rolunu əhəmiyyətli dərəcədə möhkəmləndirir.”

Bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədob qeyd edib ki, bu gün TAP vasitəsilə Azərbaycandan kommersiya məqsədli təbii qaz Avropa bazarına – İtaliya, Yunanıstan və Bolqariyaya çatdırılıb: “Belə ki, CQD-nin son hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə qaz nəqlinin başlanması Azərbaycandan Avropaya uzanan 3500 kilometr uzunluğunda CQD qaz dəyər zəncirinin tam inteqrasiya olunması deməkdir. Ölkəmizin iqtisadi-maliyyə gücünün artmasına, Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə xidmət edən Cənub Qaz Dəhlizi layihəsinin bütün seqmentləri artıq fəaliyyətdədir. Bununla da Azərbaycan daha bir mühüm, tarixi qələbə, uğur əldə etdi və ölkəmiz dünya bazarında böyük qaz ixracatçısına çevrildi. Artıq Azərbaycanın neft-qaz strategiyası tarixinə yeni və şanlı səhifə yazıldı. Dünyada təbii qazın ən çox idxal edildiyi Avropa qaz bazarına birbaşa çıxış əldə edən Azərbaycan öz ixrac imkanlarını şaxələndirmiş oldu. Bu, ölkə iqtisadiyyatına əlavə dəyər qazandırmaqla yanaşı, həm də Azərbaycanın iqtisadi müstəqilliyinin güclənməsi deməkdir.”

Milli Məclisin deputatı vurğulayıb ki, 7 il bundan öncə nəhəng layihənin rəsmi açılışı bizim üçün böyük siyasi əhəmiyyət daşıyırdı:  “Siyasi əhəmiyyəti ondan ibarət idi ki, bütün dünya Azərbaycanın təşəbbüsü ilə istənilən layihənin reallaşdırdığını görəcəkdi Dəfələrlə nəhəng layihələrlə bağlı müəyyən proseslərin şahidi olmuşuq. Qonşu ölkələrin tarixindən bildiyimiz kimi, böyük layihələrin həyata keçirilməsi haqqında müzakirələr aparılır, lakin son nəticədə fikir ayrılıqları səbəbindən həmin layihələr reallaşmır. Amma Azərbaycanın təşəbbüsü ilə çoxsaylı layihələr reallaşdırılıb. Buna misal olaraq, “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələri, daha sonra Cənub Qaz Dəhlizi reallaşdırıldı. Layihənin reallaşması ilə, ilk növbədə, Azərbaycanın dünyada imici, mövqeyi kifayət qədər güclənmiş oldu. Həmçinin bu layihəni həyata keçirməklə böyük beynəlxalq əməkdaşlığın əsası qoyuldu. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan bu meqalayihə, nəticə etibarilə, dövlətlər arasında əməkdaşlığın güclənməsinə gətirib çıxardı. Bu da olduqca vacib məsələlərdən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan bu layihə, ilk növbədə, enerji təhlükəsizliyi layihəsidir. Bu, eyni zamanda, enerji şaxələndirilməsi layihəsi olaraq Azərbaycan tarixinə həkk olundu.”

A.Məmmədov bildirib ki, vaxtilə xaricdən qaz və elektrik enerjisi alan Azərbaycan indi dünyada əsas neft-qaz ixracatçısı kimi tanınır: “Enerji təhlükəsizliyi məsələlərini tam şəkildə təmin edən Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda meqalayihələr reallaşmaqdadır. Prezident İlham Əliyev uzaqgörən siyasəti ilə reallaşdırılan Cənub Qaz Dəhlizi layihəsi sayəsində Azərbaycan iqtisadiyyatı daha da gücləndiriləcək, əhalinin sosial durumu yaxşılaşdırılacaq, ölkənin müdafiə qüdrəti bir qədər də artacaq. Eyni zamanda, layihənin tam gücü ilə işə düşməsi Azərbaycanın regionda və bütün dünyada nüfuzunu artıracaq, ölkəmizə siyasi, diplomatik üstünlüklər gətirəcək.”