“Azərbaycan Tehrandakı səfirlikdə törədilən terror aktının təhqiqatını davam etdirir” – Ceyhun Bayramovbackend

Martın 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının COVID-19-la mübarizə üzrə Təmas Qrupunda iştirak etmək üçün ölkəmizə gələn İran xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Mehdi Səfəri ilə görüşüb.

“Yeni Gundem” xəbər verir ki,görüş zamanı Qoşulmama Hərəkatının Bakı sammitinin gündəliyi, eləcə də Azərbaycanın İrandakı səfirliyinə törədilmiş terror aktı ilə bağlı məsələlər müzakirə olunub.

Ceyhun Bayramov bu alçaq hücumun səbəbkarının, təşkilatçılarının və sifarişçilərinin müəyyən edilərək cəzalandırılmasının vacibliyini bildirdi. Ceyhun Bayramov bir daha İranın Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərini yerinə yetirməsinin vacibliyini vurğulayıb və qeyd edib ki, qəbul edən ölkənin vəzifəsi diplomatik nümayəndəliklərin və onların əməkdaşlarının hər hansı hücumlardan qorunmasını təmin etməkdir.

XİN rəhbəri qeyd edib ki,Azərbaycan tərəfi terror aktının təfərrüatlarını və video çəkilişi diqqətlə öyrənir və bu cinayətlə bağlı araşdırmaları davam etdirir. O, həmçinin İranın terror aktı ilə bağlı Azərbaycan tərəfinin bir sıra suallarına cavab verməsinin vacibliyini qeyd edib.

Fərahim Rəhimov