“Azərbaycan və Avropa İttifaqı arasında əlaqələr inkişaf edəcək” – Cavid Osmanovbackend

“Azərbaycan Prezidenti yerli televiziya kanallarına müsahibədə Avropa İttifaqı ilə münasibətlərlə bağlı aydın və birmənalı mövqeyini bəyan etdi”.

Bunu Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

C. Osmanov deyib ki, dövlət başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri və keçən ay Brüsseldə keçirilən görüşləri yüksək qiymətləndirib: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan üçün əsas məsələ Avropa İttifaqı ilə gələcək planlarımızı düzgün tərtib etməkdir. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanın mövqeyi həmişə realist olub, assosiasiya sazişinə qoşulmamağımız da məhz bu realist mövqedən qaynaqlanıb. Assosiasiya sazişinə qoşulan ölkələrə baxsaq, Avropa İttifaqına yaxın və orta perspektivdə üzvlükləri real deyil. Realist mövqedən çıxış edən Azərbaycan Avropa ilə daha yaxın əlaqələr qurmağa, Avropa isə sərhədlərində vəziyyətin sabit olmasına çalışır. Dövlət başçısı qeyd edib ki, Şarl Mişellə görüşlər əsnasında bu gündəliyi formalaşdıra biliblər. Bu müştərək yanaşma tezliklə Azərbaycan və Avropa İttifaqı arasında yeni sazişin də tamamilə razılaşdırılacağına zəmin yaradır”.

Deputat qeyd edib ki, Azərbaycanla Avropa İttifaqı arasında gündəlik çox genişdir, Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşıq: “Azərbaycanla Avropa İttifaqı enerji təhlükəsizliyi baxımından fəal əməkdaşlıq edir. Avropada qaz böhranı yaşandığı hazırkı dövrdə bu əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir, Avropada etibarlı təzhizatçı olan Azərbaycan qazına böyük ehtiyac var. Bu il təxminən 19 milyard kubmetr qaz ixrac ediləcək. Ondan 8 milyarddan çoxu Türkiyə, 7 milyarddan çoxu İtaliyaya ixrac ediləcək. Qalan qaz Gürcüstan, Bolqarıstan, Yunanıstan arasında bölünəcək. Bu, böyük həcmdir. “Şahdəniz”in çox böyük potensialı var, təsdiq edilmiş həcmi 1 trilyon kubmetrdən çoxdur. Amma bu ehtiyatların daha böyük olacağı gözlənilir. Üstəgəl, gələcəkdə Abşeron qaz yatağı istismara veriləcək. Ümid, Babək, Asiman, yəni bir çox qaz yataqlarımız tədricən artıq işlək vəziyyətə çıxacaq və bizim həcmimiz böyük dərəcədə artacaq. Beləliklə, bu amil Avropa İttifaqı-Azərbaycan əlaqələrində bundan sonra da mühüm rol oynayacaq. Eyni zamanda Avropa İttifaqının Azərbaycanın nəqliyyat imkanlarına böyük marağı var. Azərbaycanda yaradılmış nəqliyyat infrastrukturu ən müasirdir, demək olar ki, bütün işlər artıq tamamlanıb. Bu, Avropa üçün böyük maraq kəsb edir. Təsadüfi deyil ki, Avropa İttifaqı Şurasının keçmiş prezidenti Tusk 2019-cu ildə Bakıda olarkən Ələtə gedib, Beynəlxalq Dəniz Limanı ilə tanış olub. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə isə Şamaxıya səfəri çərçivəsində həm Ələt İqtisadi Zonası, həm də limanla bağlı təqdimat edilib. Digər tərəfdən, Şarl Mişel Azərbaycanda olarkən “Azərkosmos”u da ziyarət edib. İndi Azərbaycanın Avropa tərəfdaşları ilə kosmik sahədə yeni əməkdaşlıq formatı yaradılır. Azərbaycan texnologiyaların ölkəmizə gətirilməsində maraqlıdır. Biz bu texnologiyaları Avropadan alırıq, Avropa isə bizim enerji resurslarımızı alır. Beləliklə, qarşılıqlı maraqlar uzlaşır”.

C. Osmanov Bakı-Brüssel münasibətlərində yeganə narahatlıq doğuran məqamın Avropa İttifaqının Ermənistana və Azərbaycana nəzərdə tutulan maliyyə paketinin həcmi ilə bağlı olduğunu vurğulayıb: “Dövlət başçısı müsahibədə böyük dağıntılara məruz qalmış Azərbaycana cəmi 140 milyon, Ermənistana isə 2,6 milyard avro maliyyə paketi nəzərdə tutulmasını ədalətsizlik kimi qiymətləndirdi. Buna görə də Azərbaycana bunun izahatı lazımdır. Azərbaycanın pulunun çox, Ermənistanın pulunun az olması izahat sayıla və ədalətli yanaşma ola bilməz. Prezident bəyan etdi ki, əgər bu ədalətsizlik həyatda öz əksini taparsa, biz səssiz qalmayacağıq, bu, həm də Avropa İttifaqı-Azərbaycan əlaqələrinə çox böyük mənfi təsir göstərəcək. Çünki əhali və ərazi baxımından Azərbaycan Ermənistandan beş dəfə böyükdür. Ermənistanda bir dənə də bina dağılmayıb, bizim Livan boyda ərazimiz tamamilə yerlə-yeksan edilib. Bizə cəmi 140 milyon, Ermənistana 2,6 milyard avro ayrılmasını heç bir məntiqlə izah etmək mümkün deyil. Dövlət başçısı bildirib ki, Ermənistana hansı şərtlərlə və hansı məbləğdə vəsait veriləcəksə, eyni şərtlərlə eyni məbləğdə bizə də verilsin. Bir sözlə, Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeganə narahatlıq və problem yarana biləcək məsələ budur, başqa bir fikir ayrılığı yoxdur. Şərq Tərəfdaşlığının son Zirvə Görüşü də bunu göstərdi”.

Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin uğurla inkişaf edəcəyinə əmin olduğunu vurğulayan C. Osmanov Avropa İttifaqının Azərbaycanla Ermənistanı yaxınlaşdırmaqda bir tərəfdaş və bir vasitəçi kimi rol oynaya biləcəyini də söyləyib: “Dövlət başçısının da bildirdiyi kimi bu günə qədər bəzi ölkələrdən fərqli olaraq, Avropa İttifaqı ədaləti qoruyub. Son Brüssel görüşündə də tam paritet saxlanılıb və bu, deməyə əsas verir ki, Avropa İttifaqı iki ölkə arasındakı əlaqələrin normallaşmasında müsbət rol oynaya bilərlər. Digər tərəfdən, Avropa İttifaqı Zəngəzur dəhlizinin fəaliyyəti ilə bağlı da öz töhfəsini verə bilər. Dövlət başçısı Avropa məkanında böyük intellektual potensial, təcrübə mövcud olduğunu və Avropa İttifaqının Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyən edilməsi ilə bağlı öz tövsiyələrini verə biləcəyini də söyləyib. Bütün bunlar Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin uğurlu inkişafı üçün yeni imkanlar yaradacaq”.

APA