Azərbaycan və İsrail arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələribackend

Tarixən etnik-dini zənginliyi, tolerant və multikultural dəyərləri ilə seçilən Azərbaycanda mövcud olan ənənəvi dinlərdən biri yəhudilikdir. Yəhudilər ölkəmizdə üç subetnik qrupla (yaxud icma) təmsil olunmuşdur: dağ yəhudiləri, aşkenazilər (Avropa yəhudiləri) və gürcü yəhudiləri.

Azərbaycan və İsrail arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri yalnız iqtisadi-strateji faydaya deyil, həm də ənənəvi tarixi, mədəni köklərə əsaslanır. Azərbaycan dünya yəhudi elitasının diqqət mərkəzinə 1810-cu ildən düşməyə başlayıb. Həmin dövrdə aşkenazilər ilk dəfə olaraq Bakıda məskunlaşmağa başlayıblar. 1832-ci ildə isə yəhudilərin Bakıda ilk ibadət evləri inşa olunub.

1870-ci ildə Bakıda neft çıxarılmağa başlandıqdan sonra Azərbaycana yəhudi biznes nümayəndələrinin axını başlayıb. Q.Polyak, A.Dembo, X.Kaqan, baron Q.Qinzburq, A.Feyqel ölkəmizdə geniş fəaliyyət göstəriblər. Hazırda Bakı şəhərində yəhudilərin 3 sinaqoqu mövcuddur. Bir sinaqoq isə Azərbaycanın Quba rayonunda, dağ yəhudilərinin iri icmasının məskunlaşdığı Qırmızı Qəsəbədədir. Bu, keçmiş Sovet İttifaqı ərazisində yəhudilərin kompakt yaşamaqda olduğu yeganə yerdir.

Azərbaycanda yəhudilərə həmişə yaxşı münasibət bəslənib və burada heç zaman antisemitizm halları olmayıb. Hər iki ölkəni yaxınlaşdıran daha bir amil isə Azərbaycanda yəhudi diasporunun və İsraildə Azərbaycandan getmiş 80 mindən artıq yəhudinin yaşamasıdır. Buna görə də İsrail dövlətinin Azərbaycanla əməkdaşlıqda maraqlı olmasını təkcə bu ölkənin zəngin enerji resursları, strateji geosiyasi vəziyyəti, sırf iqtisadi-siyasi amillərlə səciyyələndirmək düzgün deyil. İki ölkə arasında əməkdaşlıq, tarixən mövcud olmuş, bu əlaqələrin kökündə insani dəyərlər, milli-dini tolerantlıq, qarşılıqlı anlaşma olub.Təsadüfi deyildir ki, Qarabağ müharibəsində şəhid olan ilk qəhrəmanlar sırasında yəhudi əsilli Milli Qəhrəmanımız Albert Aqarunovun adı xüsusi çəkilir. O, ermənilərin xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib.

Ölkələr arasında mədəni əlaqələrin inkişafında diasporun rolu böyükdür. Yəhudi icması Azərbaycanda ən fəal icmalardan biridir. Azərbaycan Respublikasında 3 yəhudi icması mövcuddur: əsasən Quba (Qırmızı Qəsəbə) və Bakıda yaşayan dağ yəhudiləri; əsasən Bakı və Sumqayıtda yaşayan yəhudi aşkenazlar; Gürcüstanla sərhəddə yaşayan Gürcüstan yəhudiləri. Azərbaycanda yəhudilərin iyirmiyə yaxın ictimai-mədəni və xeyriyyə təşkilatı fəaliyyət göstərir. Respublika səviyyəsində “Yəhudi Evi”, “Azərbaycan-İsrail” Cəmiyyəti, Azərbaycan Yəhudi Qadınlar Assosiasiyası, “Yəhudi Mədəniyyət Mərkəzi”, “Soxnut” Beynəlxalq Yəhudi Təşkilatının Azərbaycan bölməsi və digərləri fəaliyyət göstərir. Bakı şəhərindəki 46 nömrəli ümumtəhsil məktəbinin bazasında ivrit dilinin, yəhudi mədəniyyəti və tarixinin öyrənilməsi üzrə siniflər açılıb. 2003-cü ildən Bakıda özəl yəhudi məktəbi fəaliyyət göstərir, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin tədris proqramına ivrit dilinin tədrisi daxil edilib.

Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində “Or-Avner” Beynəlxalq Fondu tərəfindən inşa edilən, Bakıda yaşayan yəhudi uşaqları üçün nəzərdə tutulan “Xabad-Or-Avner”dir. 2010-cu il oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, MDB Yəhudi İcmaları Federasiyasının və “Or-Avner” Beynəlxalq Fondunun prezidenti Lev Levayevin iştirakı ilə Təhsil Mərkəzinin açılışı olub.

Bakıda 2003-cü ildə açılmış sinaqoq Avropada ən böyük sinaqoqlardan biri sayılır. Quba rayonunun Qırmızı Qəsəbə kəndində sinaqoq və dini ayinləri icra etmək üçün mikva mövcuddur.  Azərbaycanda “Az-İz”, “Qüllə” və “Amişav” kimi yəhudi dilində qəzetlər nəşr olunur. İsrail Dövlətinin Bakıdakı Səfirliyi yanında İsrailin mədəni-informasiya mərkəzi İsrail mədəniyyət və maarifçilik fondunun köməyi vasitəsilə Bakıda fəaliyyət göstərir. İsraildə Azərbaycandan gəlmə yəhudilər mədəni əlaqələrin saxlanılmasında çox fəaldırlar. Burada Azərbaycan mədəniyyət guşəsi, Afula şəhərində Azərbaycan mədəniyyət mərkəzi, Azərbaycanda İsrail mədəniyyət mərkəzi fəaliyyət göstərir. 1991-ci ildə İsrailin Hayfa şəhərində Azərbaycandan gedən yəhudilər tərəfindən “Hayfa-Bakı” Cəmiyyəti yaradılıb.

Müasir Azərbaycandakı yəhudilərin vəziyyətinə gəlincə, qeyd etmək lazımdır ki, onlar, əsasən, Bakı, Gəncə, Sumqayıt şəhərlərində, həmçinin Quba və Oğuz rayonlarında yaşayırlar. Hazırda ölkəmizdə mövcud olan yəhudi icmaları Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Bunun bariz nümunəsi dövlət başçısı cənab İlham Əliyevin təşəbbüsü və dəstəyi sayəsində  Bakı şəhəri Dağ Yəhudiləri dini icması üçün yeni sinaqoqun tikilməsidir. 2010-cu ildə təməli qoyulan həmin sinaqoq 2011-ci ilin aprel ayında dindarların istifadəsinə verilmişdir. Eyni zamanda, hər il yəhudi xalqının yeni ili – “Roş ha-Şana” bayramı münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti ölkəmizdəki yəhudi icmasına təbrik ünvanlayır.

Beləliklə, müasir dövrdə Azərbaycanda yəhudilər antisemitizmdən uzaq, tolerant mühitdə yaşayırlar. Bu isə təsadüfi deyildir. Çünki bütün tarixi dövrlərdə yəhudilər ölkəmizdə özlərini böyük bir ailənin bərabərhüquqlu üzvü kimi hiss etmiş, dünyada antisemitizmin tüğyan etdiyi dövrlərdə belə Azərbaycan xalqı onlara yad münasibət göstərməmiş, əksinə, yəhudi mənşəli həmvətənlərimiz dostluq, həmrəylik, qarşılıqlı anlaşma şəraitində yaşamışlar.

Nəsimi rayon 9 nömrəli tam orta məktəbin müəllimi Mürsəlova Leyla