“Azərbaycan və Qırğızıstan prezidentlərinin imzaladıqları sənədlər ölkələrimizi strateji əməkdaşlığa kökləyir”backend
Bugünlərdə Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri iki ölkə arasında bir sıra mühüm sənədlərin imzalanması ilə yadda qaldı. Bu sənədlər sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdirlər. Prezident İlham Əliyev və Prezident Sadır Japarovun imzaladıqları bu sənədlər qarşılıqlı fəaliyyətin yüksək səviyyəsi olan strateji tərəfdaşlıqdan xəbər verir və ölkələri məhz strateji xarakterli əməkdaşlığa kökləyir.
Dövlətlərarası Şuranın yaradılması isə iki ölkə arasında əməkdaşlığın səmərəliliyini artıran mühüm amildir. Belə ki, bu Şura çərçivəsində həm ikitərəfli məsələlər, həm də regional və beynəlxalq problemlər daha effektli və fəal surətdə müntəzəm müzakirə olunacaqdır.
İki ölkə arasında əməkdaşlıqdan danışarkən, qeyd etmək lazımdır ki, ortaq mədəni irs, ortaq tarix və humanitar sahədə əməkdaşlıq xalqları birləşdirən ümumi dəyər olmaqla yanaşı, dövlətlərarası münasibətlərdə həmişə mühüm yer tutub. Bu baxımdan Qırğızıstan Azərbaycanın qədim Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsünü dəstəkləyən ölkələrdən biridir.
Qırğızıstan və Azərbaycan beynəlxalq təşkilatlarda da ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir. Bu sırada Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində əməkdaşlığı qeyd edə bilərik.
Təbii ki, istənilən iki ölkə arasında əməkdaşlığın inkişafında nəqliyyat infrastrukturu mühüm rol oynayır. Bu baxımdan nəqliyyat infrastrukturunun və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylərin birləşdirilməsi çox effektiv olardı. Hazırda Azərbaycanda yüklərin bütün istiqamətlərə – həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Azərbaycanın liman infrastrukturunun imkanları Qırğızıstan üçün açıqdır.
Qırğızıstan iqtisadiyyatının enerji sektoru isə Azərbaycan şirkətləri üçün maraqlı ola bilər. Çünki Azərbaycan şirkətlərinin müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi var. Bu baxımdan mövcud istiqamətdə səylərin birləşdirilməsinə və Azərbaycanın investisiya potensialına çox ehtiyac var.
Bundan başqa, kənd təsərrüfatı sahəsi də perspektiv əməkdaşlıq istiqamətlərindən biri ola bilər. Bununla bağlı Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti prezidentlərin tapşırıqlarının əməli surətdə yerinə yetirilməsi məqsədilə yerində iş aparmaq üçün yaxın vaxtlarda Qırğızıstana səfər edəcək.
İnanırıq ki, iki ölkənin kənd təsərrüfatı sahəsində əməkdaşlığı da uğurlu olacaq, Azərbaycan və qırğız xalqlarının rifahının daha da yüksəldilməsinə xidmət edəcəkdir.
Milli Məclisin deputatı
Jalə Əhmədova