Azərbaycan və Türkiyə arasındakı əməkdaşlıq xalqlarımızın gələcəyinə xidmət edirbackend

Azərbaycan və Türkiyə arasındakı əməkdaşlıq xalqlarımızın gələcəyinə xidmət edir

Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Prezidentimiz cənab İlham Əliyev bununla bağlı bildirmişdir: “Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk”.
Həm Azərbaycanın, həm də Türkiyə prezidentlərinin qarşılıqlı rəsmi səfərləri hər iki ölkədə böyük təntənə ilə qeyd edilir, əsl toy-bayrama çevrilir. Bu, iki ölkə arasındakı dostluq əlaqələrinin daha sıx tellərlə bağlamasından xəbər verir.

Vüsalə Kərimova-Zərdab şəhər 1 nömrəli məktəb-liseyin direktoru

 

Təhsil sahəsində əməkdaşlığın inkişafı prinsipial məsələlərdəndir

Azərbaycan-Türkiyə münasibətləri dostluq və qardaşlıq üzərində qurulmuş dövlətlərarası münasibətlərimizin bu səviyyəyə gəlib çatmasında Prezidentimiz cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın misilsiz xidmətləri var. Çoxşaxəli ikitərəfli əlaqələrimizin daha da möhkəmləndirilməsi yolunda onların qətiyyətli siyasəti, qardaş ölkənin, Türkiyənin Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi uğrunda haqq işinə bütün müstəvilərdə açıq, tərəddüdsüz mənəvi və siyasi dəstəyi xalqımız tərəfindən çox yüksək qiymətləndirilir. Bütün sahələrdə Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi özünü təsdiq etdi və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstək, əlbəttə, həmişə bizim xatirəmizdə olacaqdır, bizim qəlbimizdə yaşayacaqdır. Qələbəni qeyd etdiyimiz günlərdə paytaxtımızda və ölkənin bütün bölgələrində bayraqlarımız ölkələrimizin varlığını və gücünü dünyaya, həmçinin dostlarımıza və düşmənlərimizə tanıdırdı.
Bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də ölkələrimiz arasında əlaqələrin yüksələn xətt üzrə inkişafı göz qabağındadır. Müasir dövrin tələbləri elm, təhsil sahəsində inteqrasiyanın dərinləşdirilməsinin, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini göstərir. Bu baxımdan yüksək ixtisaslı kadr hazırlığı məqsədilə  xarici, xüsusilə Türkiyənin qabaqcıl ali təhsil müəssisələri  ilə əməkdaşlıq əlaqələrinin davamlı inkişaf etdirilməsi universitetlərin fəaliyyətinin əsas istiqamələrindən olması təqdirə layiq haldır.
Təhsil sahəsində qardaş Türkiyə ilə səmərəli və fəal əməkdaşlığımız, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan ardıcıl mövqeyimiz və fəaliyyətimiz bundan sonra da ölkələrimizdə elmin və təhsilin inkişafına xidmət edəcəyinə inanırıq.

Ceyhun Abdullayev – YAP fəalı

 

Türkiyənin dəstəyini Azərbaycan hər zaman hiss edib

Soy kökü, dil, mədəniyyət və digər bu kimi ortaq mənəvi dəyərlərlə bir-birinə bağlı olan Azərbaycan və Türkiyə respublikaları arasındakı münasibətlər bu gün də öz axarı ilə inkişaf etməkdədir. Hər iki dövlətin başçıları təkcə mehriban qonşuluq siyasətini deyil, ölkələrimizin daha da yaxınlaşmasını şərtləndirən mənəvi prinsipləri əsas götürərək tarixən mövcud olmuş əlaqələrin daha yüksək səviyyəyə çatdırılması üçün bütün zəruri addımları atırlar. Təməlində qırılmaz dostluq və qardaşlıq telləri dayanan Azərbaycan-Türkiyə əlaqələri bütün istiqamətlərdə strateji önəm daşıyır.
Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra xarici siyasətinin əsas istiqamətlərindən biri türk dövlətləri, xüsusən də Türkiyə Cümhuriyyəti ilə çoxcəhətli sıx əlaqələrin qurulması olmuşdur. Ümumiyyətlə, Türkiyə rəsmi və işgüzar dairələrində Azərbaycana münasibətdə həmişə xüsusi yanaşma mövcud olmuş, dövlət və hökumət, həmçinin digər müxtəlif səviyyəli görüşlərdə bu münasibət dəfələrlə vurğulanmışdır. Qeyd edək ki, keçmiş Sovetlər Birliyi məkanında müstəqillik qazanmış beş türk dövlətindən coğrafi cəhətdən Türkiyəyə ən yaxın və xarici siyasət fəaliyyətində ona daha çox önəm verəni də məhz Azərbaycan olmuşdur.
Ölkəmizin qardaş Türkiyə ilə münasibətləri Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra sürətli inkişaf mərhələsinə qədəm qoydu. Ümummilli lider Heydər Əliyevin siyasət kursunu uğurla davam etdirən Prezidentimiz cənab İlham Əliyev rəhbərliyi dövründə yeni inkişaf mərhələsinə qədəm qoymuş, Türkiyə ilə münasibətlərimizdə ikinci nəfəs açılmışdır.

Rəşid Şərifov – Əlvənd kənd sakini, təqaüdçü

 

Türkiyənin təcrübəsi ölkəmiz üçün çox önəmlidir

Gündən-günə qüvvətlənən hərbi sənayesi ilə  Türkiyənin  Azərbaycanla birgə istehsalı qardaşlıq ittifaqının müdafiə sənayesində də müştərək layihələr həyata keçirərək ordularının gücünə güc qatacağını göstərir.
Vətən müharibəsi zamanı beynəlxalq ictimaiyyət növbəti dəfə Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq səviyyəsində olmasına şahidlik etdi. Bizi birləşdirən təkcə dövlətlərimizin maraqları deyil, bizi birləşdirən sadiqlik, etibar və qarşılıqlı dəstəkdir. Beynəlxalq tədbirlər zamanı dəfələrlə bu qarşılıqlı dəstəyin şahidi olmuşuq. Elə bir güclü müttəfiqlik yaratmışıq ki, gələcək nəsillər öz addımlarını bu müttəfiqliyə, bu qardaşlığa uyğun atmalıdırlar və indidən bir-birinə sıx bağlı olmalıdırlar.
İttifaqımız bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də gücləndirilir. Cənab Prezidentin mayın 27-də Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuku qəbulu zamanı müzakirə edilən məsələlər, o cümlədən iki ölkə arasında təhsil sahəsindəki münasibətlər, təhsilin Türkiyə-Azərbaycan əməkdaşlığında önəmi də bu fikrimi bir daha təsdiq edir. Görüş zamanı cənab İlham Əliyev tərəfindən peşə təhsilinin vacibliyini xüsusi diqqətə çəkilib və bu istiqamətdə görülən işlərdən məmnunluğunu dilə gətirilib. Biz bilirik ki, Azərbaycan, bu gün böyük quruculuq işlərinin astanasındadır və həm azad edilmiş torpaqlarda, həm də bütün ölkə üzrə yeni təhsilli kadrların hazırlanması çox böyük önəm daşıyır. Və əminik ki, qardaş ölkə ilə bu sahədə əməkdaşlığımız da bizə çox böyük faydalar verəcəkdir.

İradə İsmayılzadə-gənc müəllim

 

Türkiyə və Azərbaycanın iştirakı olmadan hər hansı layihəni gerçəkləşdirmək mümkün deyildir

Azərbaycan ötən əsrin sonlarında dövlət müstəqilliyini əldə etdikdən sonra Türkiyə ilə münasibətlərin inkişafı üçün geniş siyasi və hüquqi imkanlar yarandı. Türkiyə 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlət olmuş, bu qətiyyətli addım ikitərəfli münasibətlərin inkişafında mühüm psixoloji-siyasi amilə çevrilmişdir. Dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə mühüm təsir göstərmişdir. Bu səfərlər ölkələrarası əlaqələrin inkişafına yeni imkanlar açmışdır. Qarşılıqlı səfərlər zamanı iki ölkə arasında ən müxtəlif sahələri əhatə edən birgə sazişlərin imzalanması dövlətlərimiz arasında perspektiv əməkdaşlığın inkişafına böyük töhfə vermişdir.
Ölkələrimiz arasında əlaqələr tarixi-siyasi zəmin üzərində inkişaf etməklə bütövlükdə regionun siyasi taleyinin və gələcək inkişaf perspektivlərinin müəyyənləşməsində mühüm rol oynayır. Birmənalı demək olar ki, bu gün bölgədə Türkiyə və Azərbaycanın iştirakı olmadan hər hansı layihəni gerçəkləşdirmək mümkün deyildir. Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda təhlükəsizlik problemlərinin birgə həlli, sülh, sabitlik və iqtisadi inkişafın təmin olunması zərurəti iki türkdilli dövləti daha sıx birləşməyə sövq edir.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

 

Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinin qədim tarixi vardır

Türkiyə və Azərbaycan öz tarixlərinin ən çətin dövrlərində bir-birinə qardaş dəstəyini nümayiş etdirmişlər.
Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıqlı münasibətləri hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri altında ən yüksək səviyyədə davam etməkdədir. Ölkə rəhbərlərinin qarşılıqlı rəsmi səfərləri hər iki ölkədə böyük təntənə ilə qarşılanır və bu səfərlərinin hər birində  iki dost-qardaş ölkə arasında bütün sahələr üzrə sıx əməkdaşlıq daha da möhkəmlənir.
Türkiyə həmişə olduğu kimi qardaşlarını Azərbaycanın haqqlı davasında da yalnız qoymayaraq bütün dünyaya Qarabağın Azərbaycanın əzəli torpaqları olduğunu, bu haqq davasında heç bir ölkənin Azərbaycana mane ola bilməyəcəyini bəyan etdi, hələ Türkiyənin Ermənistan ilə sərhədlərinin bağlanması o vaxt Azərbaycana göstərilən həmrəylik aktının təcəssümü idi.
Müharibənin ilk günlərindən Türkiyə Respublikasının Prezidenti açıqlamalar verdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bütün dünyaya bir mesaj idi ki, kənarda durun, müdaxilə etməyin, Azərbaycana mane olmayın. 44 günlük Vətən Müharibəsi dövründə mənəvi dəstək olmaq üçün Türkiyənin müdafiə naziri, xarici işlər naziri, digər yüksək vəzifəli rəsmilər dəfələrlə ölkəmizə səfər edərək yanımızda olduqlarını nümayiş etdirdilər və birmənalı olaraq Azərbaycana dəstək verdilər. Bu, Azərbaycana çox böyük siyasi və mənəvi dəstək oldu.
Bütün sahələrdə olduğu kimi təhsil sahəsində də ölkələrimiz arasında əlaqələr daim inkişaf edir. Müasir dövrün tələbləri elm, təhsil sahəsində inteqrasiyanın dərinləşdirilməsinin, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini göstərir. Bu baxımdan yüksəkixtisaslı kadr hazırlığı məqsədilə xarici ölkələrin, xüsusilə Türkiyənin qabaqcıl ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin davamlı inkişaf etdirilməsi universitetlərin prioritet istiqamətləri kimi müəyyənləşdirilib.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

Azərbaycanla Türkiyənin sıx əməkdaşlığı regionda yeni güc mərkəzinin formalaşması ilə nəticələnəcək

Strateji müttəfiq olan Türkiyə və Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir, ortaq maraqlardan çıxış edirlər. BMT, Avropa Birliyi, ATƏT və Avropa Şurasında ölkələrimiz vahid mövqedən çıxış edirlər. Rəsmi Ankara bütün beynəlxalq toplantılarda Azərbaycanın haqlı mövqeyini müdafiə edərək Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarını dərhal və qeyd-şərtsiz azad etməsi tələbini irəli sürür. Rəsmi Bakı qondarma “erməni soyqırımı” məsələsində Türkiyənin haqlı mövqeyini daim müdafiə edir. Dövlət başçısı İlham Əliyev dəfələrlə bəyan edib ki, Türkiyə və Azərbaycanın birgə fəaliyyəti, müdafiədən fəal hücum mövqeyinə keçməsi ermənilərin saxta iddialarla dünya ictimaiyyətini çaşdırmaq cəhdlərinin qarşısını alır. Zaman keçdikcə bədnam qonşularımızın “soyqırımı” iddialarının məkrli və qərəzli kampaniya olduğunu daha çox dövlət başa düşür. Əminliklə demək olar ki, bu istiqamətdə həyata keçirilən siyasət müsbət səmərəsini verəcək, türkdilli ölkələrin, xüsusən də Azərbaycanla Türkiyənin sıx əməkdaşlığı regionda yeni güc mərkəzinin formalaşması ilə nəticələnəcək.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

Tarixin təhrif olunması böyük yanlışlıqların səbəbidir.

İllərdir başımıza gələn hadisələr dünyaya təhrif edilərək yanlış anladılır. Bizi dünyanın çox yerində yalançı kimi tanıyırlar. Biz nə qədər gerçəkləri anlatmağa çalışsaq da onlara bu sərf etmir. Onlar nələrisə güdürlər. Elə bu səbəbdən tarixin təhrif olunmasında ən öndədirlər.
Müstəqilliyə qovuşana qədərki tarixdə Azərbaycan xalqının qanını axıdanlar, bizə zülm edən daşnak-bolşeviklər, onların rəhbərləri qəhrəman kimi təqdim edilirdi. Zülm çəkən bizlər isə düşmən kimi. Qəhrəmanlar düşmən, düşmənlər qəhrəman kimi tanıdılaraq tarix təhrif olunurdu. Əsl gerçəklər isə ölkəmiz azad olduqdan sonra ortaya çıxdı. Ölkəmiz tarixin bütün gerçəkliyi ilə dünyanın qarşısına çıxdı, bütün gerçəkliklərlə düşmənlərini məğlub etdi.
Tarixin təhrif olunması, dəyişdirilməsi çox təhlükəlidir. Biz illərdir bu təhlükə ilə mübarizə aparırıq. Və düşünürəm ki, bunu dəyişmək bizim əlimizdədir. Artıq qələbəmizi, doğru olan mübarizəmizi, zəfər çaldığımızı, haqq yolunda olduğumuzu dünyaya çatdırdıq və sübut etdik. Növbəti vəzifəmiz isə bu baş verənləri unutmamaq və unutdurmamaq olmalıdır.

Vəfa Xəlilli – “Gəncliyə Dəstək” İB-nin sədri

Tarixi həqiqətlər öyrənilməli və təşviq olunmalıdır.

Azərbaycanın müasir tarixi öyrənilməli və təbliğ olunmalıdır.

İllərdir biz vətənimizə edilmiş təcavüzü, düşmən tərəfindən işğal olunmuş torpaqlarımızın tarixlərini, başımıza gələn hadisələri öyrənirik. Bu öyrəndiklərimizi bütün dünyaya çatdırmağa çalışırıq. Biz anlatmağa çalışsaq da onlar görməzdən gəlir, ermənilərin ölkəmizə etdiyi haqsızlıqlara heç bir münasibət bildirmir, əksinə, Ermənistana tərəf çıxır, bu situasiyada yanlış birtərəfli çıxış edirlər.
Və bu tarixi, bizə edilmiş təcavüzü öyrənə-öyrənə, tanıda-tanıda illərdir torpaqlarımızın həsrətini çəkdik. İllərdir çəkdiyimiz həsrətin yanğısı ilə, əsgərlərimizin zəhməti, xalqımızın əzmi, şəhidlərimizin qanı, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Torpaqlarımızı işğalçı Ermənistandan geri alıb, Vətənimizi bütöv etdik.
İndi isə bütün Azərbaycanın, xalqımızın, gənclərimizin, ümumilikdə hər birimizin tək bir borcu var. Bu Qələbəni gələcək nəsillərə və dünyaya öyrətmək. Unudulmasın deyə gələcək nəsillərə öyrətməli, Azərbaycanın mübarizəsinin haqq olduğunu isə dünyaya çatdırmalıyıq. Bu borcu şərəflə yerinə yetirməli, yorulmadan nəsildən-nəslə ötürməliyik.

Eldar Xəlilov – Sosial Xidmətlər Agentliyinin 25 saylı filialının böyük mütəxəssisi