Azərbaycan xalqı 15 iyun Qurtuluş gününü hər il böyük fəxr və qürurla qeyd edirbackend

1993-cü il iyunun 15-i o qədər də uzaq olmayan bir tarixdir və bir çoxumuz həmin tarixi günlərin canlı şahidləri və iştirakçılarıyıq. Həmin vaxt Azərbaycan öz tarixinin ağır və ağrılı günlərini yaşayırdı.

Bir tərəfdə Ermənistan ordusunun ərazilərimizin işğalını davam etdirməsi, digər tərəfdə daxildə separatçı qüvvələrin baş qaldırması, üstəgəl hakimiyyətdaxili qarşıdurmalar – bütün bunlar Azərbaycan dövlətini və dövlətçiliyini uçurumun qarşısına qədər gətirmişdi. AXC-Müsavat hakimiyyət nümayəndələrinin səriştəsizliyi nəticəsində ordu ilə hakimiyyət qarşı-qarşıya dayanmışdı. Belə çətin məqamda Azərbaycanda onu xilas edəcək yeganə qüvvə Ulu Öndər Heydər Əliyev ola bilərdi və hamı da bunu yaxşı başa düşürdü. Ona görə də xalq birmənalı şəkildə Ulu Öndərin Naxçıvandan Bakıya çağırılmasını təkidlə tələb edirdi. AXC-Müsavat hakimiyyəti sona qədər xalqın bu istəyinə qarşı müqavimət göstərsə də, özlərinin qiyamçı korpusunun üsyanı nəticəsində şəxsi həyatlarının qorxusundan xalqın iradəsinə boyun əymək məcburiyyətində qaldılar və Heydər Əliyev Bakıya dəvət olundu, iyunun 15-də  Azərbaycan Ali Sovetinin sədri seçildi.

Heydər Əliyev qısa vaxtda iflic olmuş dovlət idarəetmə aparatını işlək vəziyyətə gətirdi, ölkənin şimalında və cənubundakı separatçı meyllərin qarşısını aldı, etnik qarşıdurmaya son qoydu, ordudakı özbaşınalığı aradan qaldıraraq vahid ordu komandanlığını formalaşdırdı. Bu ordu başladığı yeni hərbi əməliyyatlar nəticəsində yeni uğurlara imza ataraq bir sıra strateji məntəqələri, o cümlədən Horadiz şəhərini işğaldan azad etdi.

Azərbaycan üçün əlverişsiz daxili və xarici vəziyyəti lazımınca qiymətləndirərək atəşkəsə nail olan Ulu Öndər Azərbaycanın gələcək siyasi, iqtisadi və hərbi inkişafının təməlini qoydu. Məhz bu təməl üzərində möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev bugünkü qüdrətli Azərbaycanı tarix səhnəsinə çıxardı və Azərbaycanın son 270 ildə görmədiyi tarixi bir uğura imza atmasını, torpaqlarımızın 30 illik işğaldan azad edilməsini təmin etdi.

Bütün bunlara görə Azərbaycan xalqı 15 iyun gününü böyük fəxr və qürurla hər il Milli Qurtuluş Günü kimi qeyd edir və bu Dövlət, bu Millət var olduqca qeyd edəcəkdir.

Əziz Ələkbərli

Milli Məclisin deputatı