Azərbaycan yaxın dövrdə işğal altında olan torpaqlarımızı azad edəcək” – Naqif Həmzəyevbackend

“Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda Azərbaycan həqiqətlərini dünyaya çatdırır və ermənilərin təcavüzkar olduğunu, torpaqlarımızı işğal etdiyini və bir milyon vətəndaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü dəfələrlə vurğulayıb. Sevindirici haldır ki, əgər 10-15 il öncə ermənilərin yalanlarına dünya ictimaiyyəti inanırdısa, bu gün Azərbaycan həqiqətləri dünyada və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir və qəbul edilir”.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

O bildirib ki, pandemiya dövründə ölkə başçısı tərəfindən irəli sürülən təşəbbüslər beynəlxalq təşkilatlar tərəfindən müsbət dəyərləndirilib: “BMT-də Prezidentin həmrəylik çağırışı müsbət qiymətləndirildi və təşkilatın xüsusi bir sessiyası da məhz buna həsr ediləcək. Prezident İlham Əliyev Qoşulmama hərəkatına sədrlik edir və orada da təmsil olunan dövlətlər və ölkə başçıları Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. ABŞ Konqresində qəbul olunan sonuncu sənəddə Azərbaycan ərazisinin işğal edildiyi və məcburi köçkünlərin hüquqlarının bərpa olunması vurğulanıb. Bütün bunlara baxmayaraq, biz ikili standartların şahidi oluruq. Əgər Azərbaycan öz Ordusunun güclənməsi üçün çoxlu vəsait xərcləyirsə, təcavüzkar Ermənistan isə heç bir vəsait xərcləmədən havadarları tərəfindən bütün silahlarla təmin olunur”.

N.Həmzəyevin sözlərinə görə, iyul təxribatları bir daha göstərdi ki, ermənilər nəinki sülh və problemin həllini istəyir, əksinə təxribat arealını böyütmək, Azərbaycanın ərazi bütövlüyünü yenidən sual altında qoymaq istəyirlər: “Buna baxmayaraq, güclü Ordumuz ermənilərə lazımi cavabı verib və onlar böyük itki ilə geri çəkilib. Ancaq bu gün ermənilər Suriya, Livan və İraq ərazisində olan erməni əsilli PKK nümayəndələrini qonşu dövlətlərin ərazisindən Qarabağa köçürürlər. Təssüflər olsun ki, buna dünya ictimaiyyəti susur. Düşünürəm ki, dövlət başçısının çağırışları müsbət nəticə verəcək. Artıq ermənilərin havadarları da anlayıb ki, biz 10-15 il öncəki Azərbaycan deyilik və Azərbaycan reallıqları ilə barışmalıdırlar. Ölkəmizi tərəfdaş olaraq qəbul edirlərsə, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində aparıcı ölkə kimi, nəqliyyat dəhlizində açar ölkə kimi qəbul edirlərsə, deməli Azərbaycanın da çağırışlarına səs verəcəklər və dövlət başçısını dəstəkləyəcəklər. Düşünürəm ki, Azərbaycan yaxın dövrdə işğal altında olan torpaqlarımızı azad edəcək və beynəlxalq ictimaiyyət də bu prosesdə ölkəmizin yanında olacaq”.Publika