Azərbaycanda 9 ədəd top mərmisi zərərsizləşdirildibackend

Mayın 14-də saat 11:46-da Dövlət Sərhəd Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağstafa rayonunun Köhnə Qışlaq və Yaradulla kəndləri ərazisində mərmilərin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş kəndlərin ərazisinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən Köhnə Qışlaq kəndi ərazisində aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 8 ədəd müxtəlif çaplı top mərmisi, Yaradulla kəndi ərazisində aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində isə 1 ədəd praktiki atışlar üçün nəzərdə tutulmuş 130 mm-lik top mərmisi (PBR-482) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmilərinin ətrafında 750 kv.m əraziyə yerüstü, 150 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.