Azərbaycanda açıq havada toylar bərpa edilir? – AÇIQLAMAbackend

Artıq yarım ildir ki, Azərbaycanda toyların keçirilməsinə qadağa qoyulub. Bir çoxları toyların keçirilməsi barədə müxtəlif variantlar təklif etsə də Operativ Qərargah bu barədə heç bir qərar qəbul etməyib. Sabah Azərbaycanda Məhərrəm ayı başlayır. Məhərrəm ayı bitdikdən sonra noyabr ayında Azərbaycanda toyların keçirilməsinə icazə verilə bilərmi?

“Yeni Gündəm”-in xəbərinə görə, bununla bağlı danışan deputat Bəhruz Məhərrəmov bildirib ki, qəbul etsək də, etməsək də toylar Azərbaycanda mülki dövriyyənin hərəkətverici amillərindən sayılır:

“Şadlıq evləri, orada çalışan texniki heyət, musiqiçilər, müğənnilər, bunlar bütövlükdə çox böyük bir sektordur. Toylara keçirilməməsi böyük bir kütlənin güzaranına təsir edir. Eyni zamanda biz ciddi adət-ənənələrin mühafizə edildiyi, patriarxal düşüncənin üstünlük təşkil etdiyi ölkəyik. Etiraf edək ki, toysuz qız vermək, ailə qurmaq düşüncə tərzi bizə yaddır.

Hətta bunun dini və mənəvi tərəfini həll etsək, nikah və kəbin olsa belə valideyn övladının toyunu arzu edir. Əlbəttə bütün bunların fonunda 7 aydır ki, ölkədə toy mərasimlərinin təxirə salınması nəticəsiz ötüşmür və ötüşməyəcək də. Bu yalnız insanların maddi durumlarına yox eyni zamanda demoqrafik göstəricilərə də təsirini göstərəcək.

Amma anlamalıyıq ki, bu günə qədər alternativimiz olmayıb. Günə 600 yoluxma fəlakətə gedən yol demək idi. Proses o cür davam etsəydi, səhiyyəmiz bunun altından qalxa bilməzdi. Üstəlik nəzərə alanda da ki, yoluxmaların böyük qismi məclislərdə baş tutur, ənənəvi qaydada keçirilən toylar böyük fəsadlara yol aça bilərdi. Bu baxımdan Nazirlər Kabinetinin mövqeyi tam anlaşılan və doğru idi”.

Deputat qeyd edib ki, artıq əgər iaşə obyektləri açılıbsa, restoran və kafelər bəlli məhdudiyyətlərlə fəaliyyət göstərirsə, marketlər ağzına qədər insanla dolub boşalırsa, oxşar və hətta bir az daha ciddi məhdudiyyətlə, açıq havada toyları da bərpa etmək olar:

“Təbii ki, ənənəvi qaydalardan, formatdan söhbət gedə bilməz. Operativ Qərərgahın özünün müəyyən etdiyi konkret önləyici tədbirlər almaqla, ciddi nəzarət altında toy şənliklərinin təşkili bardə düşünməliyik. Əlbəttə riskli məsələdir və bu sahədə yekun qərarı səhiyyə işçiləri, aidiyyatı sahənin müəxəssisləri və sosioloqların rəyini nəzərə almaqla hökumət verəcək. Düşünürəm məsələyə müsbət yanaşıla bilər, lakin unutmayaq ki, vətəndaşlardan da çox şey aslıdır. Açığı son günlərin statistikası artıq narahatlıq doğurmağa başlayıb və əgər biz məhdudiyyətlərin tamamilə aradan qaldırılmasını, toy mərasimlərinin bərpasını arzulayırıqsa pandemiya şəraitinin diqtə etdiyi qaydalara əməl etməklə yeni sərtləşdirilmə tədbirlərinə rəvac verməməliyik”. Sonxeber.az