Azərbaycanda ana dörd uşağını küçədə saxlayır? – İDDİAbackend
Azərbaycanda qadının dörd azyaşlı uşağını küçədə saxladığına dair məlumatlar yayılıb.

Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib. O bildirib ki, sözügedən hadisə barədə ona məlumat göndərilib:

“Məsələyə kənar müdaxilələr olunmasın deyə, mənə deyilən ərazini qeyd etməmişəm. Amma məlumata görə, ana dörd uşağını fotoda göründüyü kimi xoş olmayan vəziyyətdə saxlayır. Qonşuların dediklərinə görə, uşaqlar səhərdən axşama qədər küçədə ac-susuz qalırlar. Yeməklərini qonşular verir.

İddia edirlər ki, ana evdən səhər çıxıb, axşam gəlir. Qadının beşinci dəfə ana olmağa hazırlaşdığını deyirlər. Bütün hallarda məsələnin qərəzli, yoxsa həqiqəti əks etdirdiyini bilmək üçün araşdıracağam. Mənə verilən ünvana gedəcəyəm və yekun nəticə barədə zəruri orqanlara məlumat verəcəyəm”.