Azərbaycanda avtomobil və dəmir yollarının strukturunun yenilənməsibackend

Son illər ölkənin avtomobil və dəmir yolları strukturu əhəmiyyətli dərəcədə yenilənib. Müasir avtomobil yolları, yol qurğuları, əsaslı təmir edilən dəmir yolları, yeni vaqonlar sərnişin və yükdaşımaya, hərəkətin təhlükəsizliyinə müsbət təsirini göstərməkdədir.

Vahid nəqliyyat şəbəkəsinin mühüm tərkib hissəsi olan avtomobil nəqliyyatının indiki bazar iqtisadiyyatı şəraitində yük və sərnişin daşınmalarına olan tələbatı daha dolğun ödəməklə ölkənin iqtisadi, siyasi və sosial həyatında əvəzolunmaz rolu var idi. “Böyük Ipək Yolu”nun bərpası ilə avtomobil nəqliyyatının əhəmiyyəti daha da artırdı. Beynəlxalq nəqliyyat sisteminə qoşulmaqla avtomobil nəqliyyatının fəaliyyət dairəsi xeyli genişləndi. Bu da iqtisadiyyatın inkişafına, xarici iqtisadi əlaqələrin artmasına və dövlət müstəqilliyinin möhkəmlənməsinə kömək etmiş oldu. Artıq başqa nəqliyyat sahələrində olduğu kimi, avtomobil nəqliyyatı vasitəsilə də Respublikamız Avropa, Mərkəzi Asiya və Rusiya ilə Yaxın şərq ölkələri arasında dəhliz rolunu oynayır.

Son 20 ildə Azərbaycanda 19000 kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Bu gün Azərbaycan 2020-ci il ikinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Son vaxtlar aparılan yol-tikinti, təmir və yenidənqurma işlərinin sürəti, yüksək keyfiyyət göstəricisi respublikada avtomobil yolları şəbəkəsinin Avropa standartları səviyyəsinə qalxmasına güclü təkan vermişdir. İşğaldan azad edilmiş ərazilərin dəmir yolunda da hərəkətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilmiş konkret tədbirlər müsbət nəticə verməkdədir.

Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi

Prezident İlham Əliyevin 24 noyabr 2020-ci il tarixli Sərəncamına əsasən yenidən qurulması işlərinə başlanılan Bərdə-Ağdam dəmir yolu xəttinin ox üzrə uzunluğu 47,1 kilometrə bərabərdir. Layihə çərçivəsində təkxətli dəmir yolu xətti üzrə Bərdə, Köçərli, Təzəkənd, Qərvənd stansiyaları və Ağdam dəmiryol vağzalı yenidən tikiləcək. Layihə üzrə tikinti-quraşdırma işlərinin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulub.

Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi

Prezident İlham Əliyev tərəfindən 14 fevral 2021-ci il tarixində təməli qoyulmuş Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 kilometrə bərabərdir. Layihə çərçivəsində 9 stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 3 ədəd tunel, 41 ədəd körpü, 3 ədəd qalereya tikintisi planlaşdırılır. Layihə üzrə tikinti-quraşdırma işlərinin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulub.

Füzuli-Şuşa dəmir yolu xəttinin tikintisi

Füzuli-Şuşa istiqamətində ilk dəfə inşa ediləcək təkxətli elektrikləşdirilmiş dəmir yolu xəttinin ox üzrə uzunluğu 83,4 kilometrə bərabərdir. Layihə çərçivəsində iki yeni stansiya – Füzuli və Şuşa stansiyalarının, habelə 200-ə yaxın süni mühəndis qurğularının layihələndirilməsi və tikintisi planlaşdırılır.

Dəliməmmədli-Kəlbəcər dəmir yolu xəttinin layihələndirilməsi

ADY-nin mütəxəssisləri tərəfindən azad edilmiş ərazilərdə dəmir yolu xətlərinin inşası üçün yeni istiqamətlər araşdırılır. Belə istiqamətlərdən biri də Dəliməmmədli-Kəlbəcər dəmir yolu xəttidir. Ox üzrə uzunluğu 88,8 kilometrə bərabər bu birxətli dəmir yolu xətti üzrə 220-ə yaxın süni mühəndis qurğusunun layihələndirilməsi və tikintisi təklif edilir.

Xaçmaz-Quba-Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi

Prezident İlham Əliyevin 28 dekabr 2019-cu il tarixli Sərəncamına əsasən Xaçmaz-Quba-Şahdağ dəmir yolunun layihələndirilməsi işləri aparılır. Yolun açılmış uzunluğu 61,2 kilometr təşkil edir. Güzdək–Qaradağ dəmir yolu xəttinin tikintisi

Güzdək–Qaradağ (20-ci sahə) dəmir yolunun uzunluğu ox üzrə 35,77 kilometr, yan yollar ilə birlikdə isə 80,9 kilometr təşkil edir. Güzdək-Qaradağ layihəsi çərçivəsində 14,56 kilometr uzunluğunda yol yatağı və 2,42 kilometr dəmir yolu xətti tikilib.

İbrahimova Emiliya

Azərbaycan Dillər Universiteti