Azərbaycanda ayılar şəhər mərkəzində vahimə yaratdı – VİDEObackend

“Bu gün səhər saatlarında Balakən rayonunun Mahamalar kəndindən keçən yolda iki ayı balasına rast gəlinib”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, yayılan video görüntülərdən aydın olur ki, bu heyvanlar bala ayılardır:

“Ayılar iki yaşında olduqda ana ayı balaları özündən ayırır və balaların təbii instinktlərə yiyələnməsi, özlərinə yem axtarması üçün onlar artıq sərbəst həyat tərzi keçirməyə başlayırlar. Çox güman ki, balalar kəndin yaxınlığındakı meşəlik ərazidən yollarını azaraq kəndə daxil olublar. Hazırda meyvənin bol olduğu bir mövsümdür, ayılar da meyvələrlə, giləmeyvələrlə qidalandığına görə ehtimal ki, kənd ətrafındakı bağlarda qida axtarışında olublar. Səbəblərdən biri də kənd evlərindəki itlərin onları hürkütməsi ola bilər.

Belə olan təqdirdə bu heyvanlara hər hansı bir müdaxilə etmək, onları təqib etmək qətiyyən olmaz. Çünki bu zaman heyvanlar stresə düşürlər və onlarda aqressivləşmə baş verir. Göründüyü kimi onlar körpədirlər. Əksinə, müdaxilə olmazsa, onlar ərazini sakit şəkildə tərk edəcəklər”.

“Videodan göründüyü kimi insanlar onları nəqliyyat vasitələri ilə təqib edirlər. Belə olanda, əksinə insanın özü üçün təhlükə yaranır. Bu baxımdan şəhər mərkəzlərində, hər hansı yaşayış məskənlərində vəhşi heyvan görünən zaman müdaxilə etmədən onların ərazini tərk etmələrinə şərait yaratmaq lazımdır.

Əhalidən xahiş edirik ki, vəhşi heyvanın şəhər küçələrində görünməsini anlayışla qarşılasınlar, təmkinli olsunlar, vəhşi heyvanın olduğu əraziyə yaxınlaşmasınlar, onu hürkütməsinlər. Bu, qeyri-adi bir hadisə deyil, vəhşi heyvanların şəhər və qəsəbələrdə görünməsi dünyanın bir çox yerlərində zaman-zaman müşahidə olunur. Bu baxımdan insanları duyarlı olmağa, daha həssas davranmağa çağırırıq” – deyə o əlavə edib.

Oxu.az