Azərbaycanda daşınmaz əmlaka görə ödənilmiş ƏDV-nin 30%-i geri qaytarılacaqbackend

Azərbaycanda fiziki şəxslərin müxtəlif binalardan əldə etdikləri daşınmaz əmlaklara görə ödənilmiş əlavə dəyər vergisinin 30%-i geri qaytarılacaq.

“Yeni Gündəm” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Fiziki şəxs olan istehlakçılar tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nda öz əksini tapıb.

Qaydaya əsasən, geri ödəniş nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaimə-faktura üzrə həyata keçirilir.

ƏDV alıcının bank hesabına köçürülür.

Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV əmlakın tam dəyəri ödənildikdən sonra qaytarılır.

Alıcı eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Alıcının eyni binadan sahəsi 500 kvadratmetrdən artıq olan bir neçə yaşayış və yaxud qeyri-yaşayış sahəsi alması zamanı yaşayış və yaxud qeyri-yaşayış sahələrinin bir kvadratmetrinin satış qiyməti fərqli olduqda, ƏDV-nin qaytarılması məqsədilə 500 kvadratmetr hissə müəyyən edilərkən bir kvadratmetrinin satış qiyməti daha yüksək olan yaşayış və yaxud qeyri-yaşayış sahəsi əsas götürülür.

Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır.