Azərbaycanda distant təhsil: mövcud vəziyyətin təhlili və perspektivlərbackend

Məlum olduğu kimi, ötən il dünya ölkələrinin təhsil sistemi pandemiya səbəbindən ciddi sınaqla üz-üzə qaldı. Bir sıra ölkələr prosesə operativ və adekvat, bəzi ölkələr isə qeyri-adekvat reaksiya verərək distant təhsilə keçdilər.

Bu da reallıqdır ki, pandemiya dövründə dünya ölkələri distant təhsil sisteminin intensiv  inkişaf  etdirilməsinin zəruriliyinə bir daha  əmin oldu. Bir çox  ölkələr  15-20 il öncə distant təhsil sistemini qurmağa çalışsalar da həmin ölkələrdə də distant təhsildə müəyyən problemlər yarandı.

“Yeni Gündəm” xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib

Azərbaycan təhsil sistemi də pandemiya ilə  əlaqədar  distant təhsilə  keçdi. Hazırlıq olmadan onlayn təhsilə keçid təbii ki, xeyli çətinliklər yaratdı. İnternetin zəif olması, kifayət qədər planşet və kompüterin olmaması, sistemin çox yüklənməsi distant təhsilə təsirsiz ötüşmədi.

Təhsil Nazirliyi proseslərə adekvat reaksiya verərək universitetlərə Teams MS proqramından istifadə edərək tədrisi qurmağa dair  tövsiyə  məktubu  yolladı. Universitetlər Teams MS proqramından, qismən də ZOOM, Votsap və  digər sosial şəbəkələr vasitəsi ilə tədrisi qurmağa  çalışdılar.

Əslində bir çox ölkələrin, eləcə də ölkəmizin tətbiq etdiyi bu sistem tam distant təhsil sayılmır. Praktik istifadə edilən distant texnologiyanın tətbiqi ilə tədris və imtahan prosesinin təşkili üzrə hüquqi normativ baza olmadığı  halda  bu prosesin  aparılmasına çalışılır.

Bu reallıq nəzərə alınaraq daha mükəmməl tədris prosesini  qurmaq və normativ hüquqi baza yaratmaq istiqamətində səylər gücləndirilməlidir. Prezident İlham Əliyev bir müddət bundan əvvəl Microsoft şirkətinin rəhbərliyi ilə görüşdə bu məsələyə xüsusi toxunaraq bir sıra tapşırıqlar verdi: “…Həmçinin pandemiya ilə əlaqədar bu vəziyyət bizi məcbur edir ki, təhsil, distant təhsil məsələlərinə yeni bucaqdan baxaq. Baxmayaraq ki, mövcud vəziyyətə özümüzü uyğunlaşdırmaq üçün bizim çox vaxtımız olmadı, lakin müəyyən addımlar atılmışdır. Çünki bizim məktəb və universitetlərimiz mart ayından bəri bağlanıb. Biz sentyabrın 15-dən başlayacaq yeni tədris ilinə hazırlaşmalıyıq. Həmin zaman pandemiya ilə bağlı vəziyyətin necə olacağını bilmirik, məktəb və universitetləri aça biləcəyimizi bilmirik, ona görə də biz ən pis ssenariyə hazırlıqlı olmalıyıq. Əgər problem davam edirsə və getdikcə pisləşirsə, o zaman biz bu barədə düşünməli olacağıq. Lakin indi bu barədə düşünmək lazımdır. Həmçinin distant işlə bağlı məsələlər… Bu da ölkə üçün olduqca vacibdir. Təxminən bunlar bizim planlarımızda diqqətimizi cəmlədiyimiz sahələrdir”.

Bunun üçün nə etməliyik? Hesab edirəm ki, distant  təhsil  üzrə  ölkəmizdə ekspertlərin az olması  nəzərə alınaraq bu sahə üzrə mütəxəssislərin yetişdirilməsi istiqamətində tədbirlər sürətləndirilməli,  distant təhsil haqqında ayrıca qanunun hazırlanması barədə düşünməliyik. Eyni zamanda, distant təhsil sahəsində ekspertlərdən ibarət komissiyanın yaradılması, normal distant təhsil sisteminin qurulması üçün uzunmüddətli strategiya və icra planının  hazırlanması günümüzün tələblərindəndir.