Azərbaycanda karqo fəaliyyətinə tələblər sərtləşdirilsinbackend

“Azərbaycanda karqo (poçtdaşıma) fəaliyyətinə lisenziya almaqla bağlı tələblər sərtləşdirilməlidir”.

Bunu “Azərbaycan Poçt Daşıyıcıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Şaiq Qəribzadə bildirib.

Onun sözlərinə görə, tələblərin yumşaq olması bazarı qeyri-peşəkar şirkətlərlə doldurub:

“Son illər Türkiyədən, hətta ABŞ-dən mal sifariş verib ölkəyə gətirənlərin sayı kəskin artdığı üçün bazardakı karqo şirkətlərinin də sayı sürətlə artıb, 200-ə yaxınlaşıb. Təəssüf ki, şirkətlərin hamısına eyni cür lisenziya verilir. Türkiyədən məhsul çatdıran da, dünyanın tanınmış daşıma şirkətini təmsil edən də, hətta Azərbaycan daxilində məktub daşıyan şirkət də eyni cür lisenziya alır. Çünki, bunun üçün qeyri-yaşayış təyinatlı kiçik bir ofisin, bir əməkdaşın olması, 1 600 manat rüsum ödənilməsi kifayət edir.

Halbuki bir çox ölkələrdə lisenziya almaq üçün bank zəmanəti, müəyyən qədər işçi və avtomobillər olmalıdır. Lisenziyaya tələblər sərtləşdirilməlidir ki, hər yoldan keçən poçtdaşıma ilə məşğul olmasın. Hər adam bu işlə məşğul olanda problemlər yaranır, sifarişlər vaxtında çatdırılmır, şirkətlər öhdəliklərini yerinə yetirmir. Dediyim 200 şirkətin yarısı natamam fəaliyyət göstərir. Lisenziyaya tələblər sərtləşdirilsə, əminəm ki, bazarda şirkətlərin sayı azalar, xidmətin keyfiyyəti artar. Bazar elə də böyük deyil ki, 200-ə yaxın poçtdaşıma şirkəti olsun”, – deyə o qeyd edib.

Bundan başqa, Ş.Qəribzadənin sözlərinə görə, hazırda bazarda haqsız rəqabət halları da müşahidə edilir:

“Məsələn, yeni bir karqo şirkəti yaranır, müştəri cəlb etmək üçün aşağı qiymət təklif edir və bir neçə ay ziyanla işləyir, müştəri toplayandan sonra qiyməti artırır. Az sonra başqa bir şirkət bu üsulla bazara daxil olur. Bu, həm xarici, həm də daxili poçt daşımaları ilə bağlı baş verir. Bundan başqa, qeyri-peşəkar şirkətlər tenderlərdə aşağı qiymət təklif etməklə bazarda qiymətləri aşağı salır və buna görə peşəkar şirkətlərin bu sahəyə investisiya etmək imkanları olmur.

Azərbaycanda mobil əlavə üzərindən sifariş qəbul edən cəmi iki şirkət var. Məktubların və yaxud bağlamaların statuslarını izləmək imkanını da iki şirkət verir. Amma həmin şirkətlər digərləri ilə eyni şərtlərlə işləyir. Bir sözlə, bazarda sağlam rəqabət yoxdur”.

Assosiasiya sədri poçtdaşıma sahəsində digər problemin ünvanlarla bağlı olduğunu deyib:

“Bəzən rəsmi sənədlərdə bir ünvan qeyd edilir, küçənin girişində və yaxud mobil xəritə tətbiqlərində başqa ünvan olur. Bəzən də küçənin ünvanı dəyişir, amma sifarişdə köhnə ünvan qeyd edilir. Bundan əlavə, qeyri-peşəkar karqo şirkətlərinin çox olması peşəkar şirkətlərin hava limanından yüklərini tez çıxarmasına mane olur. Bir çox iri şirkətlər dəfələrlə öz investisiyaları hesabına onlar üçün ayrıca anbarın yaradılması ilə bağlı müvafiq instansiyalara müraciət edib. Təəssüf ki, buna nail ola bilməmişik. Bizim assosiasiyanın yaranma səbəbi odur ki, xaricdə işlək olan təcrübəni Azərbaycanda tətbiq edək”.

Report