Azərbaycanda polisə atəş açdılarbackend
Beyləqanda polislər silahlı şəxsi tərksilah edib.
Bu barədə “Yeni Gündəm”-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, noyabrın 29-u saat 23:00-da Beyləqan rayonu Aşağı Çəmənli kənd ərazisində xidmət aparan Rayon Polis Şöbəsinin (RPŞ) 2 əməkdaşı bir nəfər şəxsin əlində ov tüfəngi olduğunu görüb, ona yaxınlaşaraq özünü və silahın sənədlərini təqdim etməsini tələb edib.
Həmin şəxs onlara müqavimət göstərib və silahdan atəş açıb. Nəticədə polis əməkdaşlarından biri ayaq nahiyəsindən xəsarət alıb.
Buna baxmayaraq polis əməkdaşları həmin şəxsi tərksilah edərək RPŞ-yə aparıb.
Müəyyən edilib ki, silahlı şəxs Aşağı Çəmənli kənd sakini Eldəniz Alışovdur. Ondan qanunsuz saxladığı bir ədəd ov tüfəngi götürülüb.
Polis əməkdaşına ilkin tibbi yardım göstərilib, vəziyyəti yaxşıdır.
Faktla bağlı araşdırma aparılır.