Azərbaycanda polisləri döyüb formasını cıran şəxslərə hökm oxundubackend

Ötən ilin sentyabrında Şəkinin Baş Şabalıd kəndində polislərə müqavimət göstərərək onlara xəsarət yetirən T.Mahmudov və R.Quliyevə (şərti) hökm oxunub.

“Yeni Gündəm”-in məlumatına görə, onlar Cinayət Məcəlləsinin 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirli bilinib. Şəki Rayon Məhkəməsində oxunan hökmlə 36 yaşlı Turala 1 il 6 ay, 27 yaşlı Rəşidə isə 9 ay müddətinə həbs cəzası verilib.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər sentyabrın 21-də Baş Şabalıd kəndində toyda yeyib-içiblər. Daha sonra Tural sərxoş halda həmkəndlisini ölümlə hədələyərək ona hücum edib. Həmin şəxsin polisə məlumat verməsindən sonra Şəki Rayon Polis Şöbəsinin İstintaq qrupunun üzvləri – Növbətçi Hissənin sürücüsü, polis baş serjantı V.V, Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Z.Z və Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı T.T saat 20:00 radələrində Baş Şabalıd kəndinə gəliblər.

İttihama görə, onlar Turalın yerini müəyyən edərək saxlamaq istəyərkən həmin şəxs “məni burdan 40 polis də apara bilməyib, 3 polis nə edəcək?” deyərək müqavimət göstərib. Bu zaman ona Rəşid də kömək edib. Onlar polislərə hücum edərək zərbələr endiriblər, həmçinin paltarlarını cırıblar. Polislər Turalı tutaraq maşına salmaq istədikdə o, polis əməkdaşının əlini dişləyərək xəsarət yetirib və kənddəki çaya doğru qaçaraq uzaqlaşıb.

Daha sonra həmin şəxslər tutularaq polis şöbəsinə gətirilib və barələrində cinayət işi açılıb.

Qafqazinfo