Azərbaycanda pulla satılan mükafatlar – Qalmaqal – VİDEObackend

Böyük tədbirlərin keçirilməsi ilə bağlı qadağa aradan qalxdıqdan sonra bir-birinin ardınca mükafatlandırma mərasimləri keçirilir. Son günlər sosial şəbəkədə ən çox müzakirə edilən mövzu da elə bu olub. Belə ki, mükafata qoyulan ad və onun pulla satılması tənqid edilib.

“Yeni Gündəm” axşam.az-a istinadən xəbər verir ki, bu günlərdə elanı verilən “Xarıbülbül” mükafatı haqda sosial şəbəkədə xoşagəlməz görüntülər, səsyazıları yayılıb.

Belə ki, tədbirin təşkilatçısı Ləman Mirtalıblının müştərilərə pul təklif etməsi haqda görüntülər paylaşılıb. Bu gün keçirilməsi planlaşdırılan gecədə müxtəlif sahənin insanlarına sözügedən mükafat veriləcək. mükafat isə 1000 manata satılır.

İlk növbədə mükafatın adı tənqid edilib. Şuşanın simvolu olan “Xarıbülbül”ün adının bu cür istifadə edilməsi və onun veriləcəyi şəxslər xoş qarşılanmayıb. Adları cəmiyyətdə az tanınan şəxslərin bu cür mükafat alması tənqid atəşinə tutulub.

Digər mükafat ifşası isə müğənni İlhamə Qasımovadan gəlib. Sənətçi bildirib ki, bir müddət əvvəl keçirilən “Award” (adını bütöv yazmayıb – red.) adlı  mükafatdan təklif aldığını açıqlayıb. İlhamə bildirib ki, bunun üçün ondan 400 manat istəyiblər:

“Belə bir mesaj gördüm: “Award” keçiriləcək, iştirak etmək istəyirəmsə 400 manat ödəməliyəm. Çox ekzklüzivsiniz. Həqiqətən də analoqunuz və ataloqunuz yoxdur. Mesaj köhnəlmişdi deyə, cavab göndərə bilmirəm. Heyif “award” almaq şansını itirdim”.