Azərbaycanda “qəhrəman ana”lar “yoxa çıxıb” – “Çəkirdək ailə” modelinə keçilirbackend

Təkuşaqlı ailələrin yaşadığı və yaşatdığı problemlər nələrdir?

Əksər ailələrdə uşaq sayı maksimum 2-dən artıq olmur. Bu, tendensiyaya çevrilib. Səbəbləri isə təkcə Azərbaycanı yox, həm də dünyanı əhatə edən amillərdir. Xüsusən də maddi problemlər, hər iki valideynin işləməsi, uşağın baxım və böyüdülməsi xərclərinin astronomik həddə çatdırılması… Səbəblər bəlli olsa da, bunun yaradacağı fəsadlar çox ciddidir.

“Azərbaycanda son illərdə ölkə üzrə doğum səviyyəsinin aşağı düşməsi müşahidə olunur”.  Bu barədə “Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji təhlil” sosioloji sorğu-tədqiqatının nəticələrində qeyd edilir.

Bildirilib ki, çoxuşaqlı ailələrin sayının azalması və təkuşaqlıların sayının artması narahatlıq doğuran tendensiyalardandır:

“Təkuşaqlı ailələrin artmasının sosial-psixoloji səbəbləri də ön sıralardadır. Ailədə uşaqların sayının azalması ailənin reproduktiv və tərbiyə funksiyalarının müəyyən qədər pozulmasına dəlalət edir. Müasir dövrdə uşaq böyütmək, hərtərəfli təhsil vermək, gələcəyini təmin etmək çətindir. Belə olduqda əksər ailələr bir uşaqla kifayətlənir. Bu gün Azərbaycanda ailə strukturu uşaqların sayı baxımından tamamilə fərqlidir. Təkuşaqlı ailədə uşaq valideynlərin əzizlədiyi yeganə qayğı və diqqət obyektinə çevrilir, bu da çox hallarda uşağın müstəqillik və yetkinlik şüurunun formalaşmasının gecikməsinə səbəb olur. Müasir ailə modelində ailə quranların fərdi seçimi üstün meylə çevrilib. Ailə qurmaq və boşanmaqla bağlı seçimlər də fərdi verilir”.

Nəticələrdə eyni zamanda qeyd edilib ki, Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulması, yəni qız uşaqlarının seleksiya abort edilməsi nəticəsində doğuş üzrə təbii cins balansının pozulması yönündə təəssüfedici tendensiyada ölkəmiz “dünya 1-cisi” olmağa doğru gedir:

“Azərbaycanda doğulan uşaqların sayının çoxalması, əhalinin maskulinizasiyası tendensiyasının dəyişməyəcəyi təqdirdə ”demoqrafik maskulinizasiya” kimi hadisə baş verə, həmin həddən sonra gender balansı düzəlsə belə nəticələrin aradan qaldırılması olduqca mürəkkəb ola bilər. Nəticədə genefondun dəyişməsi baş verə bilər. Ən optimist ssenariyə görə 2050-ci ilə qədər mövcud vəziyyəti – cinslərarası balansı dəyişmək mümkün olmayacaq”.

“Qəhrəman ana”lar “yoxa çıxıb” – heç kim qəhrəman olmaq istəmir

Sovet dövründə “çoxuşaqlı ailə” məfhumu 4-dən çox uşağı olan ailələrə şamil olunurdu. SSRİ-də “Qəhrəman ana” medalı da vardı ki, bu medal 10 və daha çox övladı olan qadınlar üçün 1944-cü ildə təsis edilmişdi. Məqsəd isə əhalinin sayının azalmasının, artımın aşağı düşməsinin qarşısını almaq idi. Bu gün ölkəmizdə 6 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab edilir. Prezident İlham Əliyevin 27 dekabr 2013-cü il tarixli “Beşdən çox uşağı olan qadınlara müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Fərmanına görə, 2014-cü ilin əvvəlindən yeni sosial təminat növünün- 5-dən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə aylıq sosial müavinətin verilməsinə başlanılıb. Prezident İlham Əliyevin 15 aprel 2019-cu il tarixli Fərmanı ilə aprelin 1-dən digər bir çox sosial ödənişlər kimi, 5-dən çox uşağı olan qadınların hər uşağına görə aylıq müavinət də 33 manatdan 55 manata çatdırılıb. Yəni, ailədə 18 yaşına çatmamış 6 uşaq varsa, həmin ailəyə aylıq 330 manat, 7 uşaq varsa 385 manat  verilir.

Rəqəmlər isə onu deməyə əsas verir ki, bugünkü Azərbaycan qadınlarının 57,3 faizi nəsilvermə qabiliyyətinə malikdir. Orta hesabla hər 10 qadın dünyaya 23 uşaq gətirir. Lakin bu faktları şərh edərkən nəzərə almaq vacibdir ki, bir çox anaların yalnız bir övladı var. Üstəlik, dünyaya uşaq gətirmək yaşında olan qadınların bir çoxu hələlik ana deyil. Buradan belə bir nəticə çıxır ki, Azərbaycanda üç və daha çox uşağı olan ailələr də az deyil.

Ailədə uşaq təkdirsə… həm xoşbəxtdir, həm bədbəxt…

Tək uşaq olmanın həm üstünlükləri, həm də mənfi cəhətləri mövcuddur. Mütəxəssislər hesab edirlər ki, tək uşaq bacı-qardaşlar arasında olan yarış və qarşıdurma vəziyyətlərini yaşaya bilmədiyi üçün akademik olaraq daha müvəffəqiyyətli ola bilər. Ancaq tək uşaq yetkinlikdən əvvəlki dövrdə ailələrinə qarşı bəzi mövzularda birlikdə mübarizə verə biləcəkləri bacı-qardaş əskikliyini hiss edə bilərlər. Lakin ümumilikdə tək uşaq bacı-qardaşı olan uşaqlara nisbətən çox da fərqli deyil. Əslində uşağın tək uşaq olmasından çox, necə böyüdüldüyü əhəmiyyətlidir. Bir bacı və ya qardaşın olmasından çox, ananın böyütmə təcrübəsi, uşağın qəbul etməsi, rədd etməsi, sözə qulaq asması və ya asmaması və ona qarşı səbirli olub-olmaması uşağın ruhi sağlamlığı baxımından daha əhəmiyyətli yer tutur.

Ekspertlər isə hesab edir ki, hazırda ailələrdə uşaq sayının az olmasının əsas səbəblərindən biri boşanma hallarının çoxalmasıdır. Bu hal isə bir növ ailələrin sığortalanmamağından irəli gəlir. Elə olur ki, bəzi ailələr təsadüf nəticəsində qurulur. 15 gün tanıdığı biri ilə ailə qurmaq qərarına gələnlər var. Nəticədə evlilik daxilində problemlər yaranır və tərəflər boşanmağa qərar verirlər. Bu isə son nəticədə doğulan uşaqların sayına təsir göstərir. Əslində demoqrafik təhlükə hər zaman gözlənilir. Əvvəllər Azərbaycanda çoxuşaqlı ailələrin sayı kifayət qədər idi. Azuşaqlı ailələr demək olar ki, tək-tük idi. İndi isə bu əksinədir. Ailələr bir, ən yaxşı halda iki uşaqla kifayətlənirlər. Artıq üçuşaqlı ailələri çoxuşaqlı ailə kimi qəbul edirik. Bu mənada demoqrafik risklər mövcuddur. Problemin həllim üçün ailə modelinin üzərində işləmək lazımdır. Ailə davamlı olmalıdır ki, dünyaya gələn uşaqlar da bir növ sığortalanmış olsun. Doğulan uşaqların sayının azalmasının digər bir səbəbi isə sosial rifahla bağlıdır. Ailələrin sosial təminatı nə qədər güclü olarsa, çoxuşaqlı ailələrin sayı bir o qədər artar.

Musavat.com