Azərbaycanda sahibkarların idxalla bağlı məhkəmə işlərinə – XİTAM VERİLƏCƏKbackend

Azərbaycanda valyuta rejiminin liberallaşması heç bir risk yaratmayacaq.

“Yeni Gündəm” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Alim Quliyev deyib.

Eləcə də bax: Azərbaycanda valyuta rejiminin liberallaşdırılmasının – SƏBƏBİ AÇIQLANDI

“Qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması 270 günü keçdikdə inzibati məsuliyyət yaranırdı. Bununla bağlı prosedurlar başlayırdı. Biz bu 270 günü 2 il müddətinə uzatdıq. Müddətin uzadılması  liberallaşma məqsədilədir”, – deyə A. Quliyev bildirib.

O qeyd edib ki, müddətin 2 il uzadılması heç bir risk yaratmır: “Bu gün ölkədə tədiyyə balansı kifayət qədər profisitlidir. Gömrük nəzarəti valyuta rejiminə nəzarətdə müasirləşib, elektron nəzarət var”.

Qeyd edək ki, eyni zamanda idxal olunmayan mal və xidmətlərin dəyəri 10 000 ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılıb.

“Bəzən elə fakt olurdu ki, 90 min manatlıq mal gəlib, 10 min dollarlıq mal gəlməyibsə, buna göz yumulacaq. Hazırda valyuta rejimi imkan verir ki, hər bir vətəndaş bu məbləği çıxara bilsin. Ona görə də ondan çox məbləğlərin valyuta rejimini tətbiq etdik”, – deyə AMB-nin rəsmisi qeyd edib.

O həmçinin bildirib ki, 2019-cu ildə 13 minə yaxın inzibati məsuliyyət  məsələləri banklar tərəfindən AMB-yə göndərilib. Bunun 8 mini məhkəmələrə göndərilib. 5 minə yaxını inzibati xətalar tətbiq olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 20.02.2020-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri‐rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər təsdiq olunub. Dəyişikliklərə əsasən qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti mövcud 270 gündən ən geci 2 il müddətinə qədər uzadılıb, eyni zamanda idxal olunmayan mal və xidmətlərin dəyəri 10 000 ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılıb.

Məlum olduğu kimi cari ilin əvvəlində Mərkəzi Bankın İdarə Heyətinin yanında Sahibkarlarla Əməkdaşlıq Şurası təsis edilib. Bu Şurada qaldırılan prioritet məsələlərdən biri də ölkədə mövcud valyuta rejimi çərçivəsində idxal əməliyyatlarının tənzimlənməsinin liberallaşdırılması ilə bağlı olub.

Qaydalara dəyişikliklər Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra qüvvəyə minəcək.

Yenigundem.az