Azərbaycanda şantaja görə həbs edilən şəxsə bəraət verildibackend

Azərbaycanda şantaja görə həbs edilən şəxsə bəraət verilib.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə vəkil Elvin Yusifov məlumat yayıb.

O bildirib ki, icraatımda olan Azərbaycan Cinayət Məcəlləsinin 182.2.4-cü (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs Əliyev Elməddin Şəhadət oğlunun barəsində Lənkəran Ağır Cinayətlər məhkəməsinin çıxardığı hökmü Şirvan Apellyasiya məhkəməsinin hakimi İlkin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə ləğv edilib və müvəkkilinə bəraət verilib:

“Cinayət işi Ali Məhkəmə tərəfindən ləğv edilərək geri qaytarılmışdı… Hüquqlarını müdafiə etdiyim Elməddin Əliyev doğma əmim oğlu olmaqla 2 il azadlıq hüququndan məhrum olmuş və həmçinin oğlunun haqsız məhkum olunmasına dözməyən əmim ürəyi partlayıb vəfat etmişdir… Bütün bu faciələrin günahkarları ibtidai istintaq orqanları, ittihamı təsdiq edən prokurorluq və qanunsuz ittihamı qəbul edən məhkəmələrdir”.

Qeyd: 2020-ci ilin noyabr ayında Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, İmişli rayon sakini, Zakir Uğurluyev sentyabr ayının 3-də Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək həmyerlisi Elməddin Əliyevin şantaj edərək ondan 8000 manat məbləğində pul tələb etməsi barədə bildirib: “Məlumatla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulan cinayətin əlamətlərinə dair kifayət qədər dəlillər olduğu müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabr ayının 15-də Elməddin Əliyev 6000 manat pulu Zakir Uğurluyevdən alarkən polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib. Araşdrımalar zamanı Elməddin Əliyev İmişli rayonunun Otuziki kəndində yerləşən “Mal-qara” bazarında mobil telefon vasitəsi ilə çəkərək “Youtube” sosial şəbəkəsinə yerləşdirdiyi videogörüntüləri silmək üçün “Mal-qara” bazarının idarə heyətinin üzvü Zakir Uğurluyevdən şantaj edərək 8000 manat tələb etdiyi məlum olub.

Faktla bağlı Elməddin Əliyevə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunub və barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib”.

Xatırlatma: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elməddin Əliyev 6 il müddətinə azadlıqdan mərhum edilib. Bu hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.