AZƏRBAYCANDA TOLERANTLIQ ƏNƏNƏLƏRİNİN MÖHKƏMLƏNDİRİLMƏSİNDƏ PREZİDENT İLHAM ƏLİYEVİN ROLUbackend

Tarix boyu Azərbaycanda bir çox xalqlar, etnik qruplar məskunlaşmış, onlar arasında möhkəm dözümlülük əlaqələri olmuş, öz milli xüsusiyyətlərini, dinlərini və adət-ənənələrini qoruyub saxlamış, milli, irqi və dini zəmində ayrı-seçkilik baş verməmişdir.

Azərbaycan tarixin bütün dövrlərində dini dözümsüzlükdən əziyyət çəkən insanlar üçün sığınacaq rolunu oynamış, bura təkcə fərqli dinlərin nümayəndələri deyil, həm də müxtəlif səbəblərdən təzyiqlərə məruz qalan ayrı-ayrı dini cərəyanların nümayəndələri də pənah gətirmişlər. Onlar burada özlərini nəinki yad hiss etməmiş, hətta, yerli əhali ilə qaynayıb qarışmış, qohumluq əlaqələri qurmuş və Azərbaycan xalqı ilə həmrəy olmuşlar.

Müasir dövrdə ölkəmizdə bütün dinlərin tarixi, mədəni abidələri və zəngin mənəvi irsi dövlət tərəfindən qorunur. Bu gün Azərbaycanda fəaliyyət göstərən bütün dini icmalar sərbəst, heç bir maneə olmadan fəaliyyət göstərir, dövlət qayğısı ilə əhatə olunur. 

Əsası Ümumilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasəti müasir dövrdə Prezident İlham Əliyev böyük uzaqgörənlik və uğurla davam etdirir. Bu gün ölkədə yaşayan müxtəlif dinlərin nümayəndələrinə diqqət və qayğının göstərilməsi Azərbaycan hökumətinin din siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.

Məhz bu siyasət sayəsində dövlət dini icmalara xüsusi diqqət və qayğı ilə yanaşır, hər il dövlət büdcəsindən dini icmalara yardımlar ayrılır, dini bayram və mərasimlər dövlət səviyyəsində qeyd edilir.

Onu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsinə, tolerantlıq ənənələrinin möhkəmləndirilməsinə, dini abidələrin təmir və bərpasına xüsusi önəm verir,  mütəmadi olaraq dini icma liderləri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır, dini bayramlar ölkəmizdə dövlət səviyyəsində qeyd edilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində son illər bir sıra məscidlər, tarixi mədəniyyət abidələri, o cümlədən Təzəpir, Əjdərbəy və Şamaxı məscidləri, Bibiheybət, Gəncə və Bərdə İmamzadə ziyarətgahları yüksək memarlıq üslubunda təmir və bərpa olunmuşdur. Eyni zamanda, Bakıda öz möhtəşəmliyi və əvəzsiz memarlıq üslubu ilə seçilən Heydər Məscidi inşa olunmuşdur.

Prezident İlham Əliyevin bilavasitə diqqət və qayğısı ilə 2014-cü ilin may ayında Azərbaycanda dini dözümlülük ənənələrinin daha da möhkəmləndirilməsi, milli və dini azlıqlara dövlət qayğısının artırılması məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır.

Həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əiyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə ölkəmizdə dini fəaliyyət sahəsində peşəkar kadrların hazırlanması məqsədilə Azərbaycan İlahiyyat İnstitutu yaradılmışdır.

Məlum olduğu kimi, dini etiqad azadlığının təmin olunmasında və dini dözümlülük ənənələrinin möhkəmləndirilməsində mədəniyyətlərarası  dialoq və dinlərarası əməkdaşlıq xüsusi rol oynayır. Dinlərarası ədavət və münaqişələrin qızışdırılmasının qarşısının alınmasında bütün cəmiyyət, dövlət və qeyri-dövlət qurumlarının üzərinə böyük vəzifələr düşür. Bu reallığı nəzərə alan  Azərbaycan dövləti Prezident İlham Əliyevin diqqət və qayğısı ilə bütün dinlərin dəyərlərinə hörmətlə yanaşır, ölkəmizdə tolerantlıq ənənələrini möhkəmləndirir, dini ədavət və düşmənçilik çağırışlarının qarşısını alır, xalqlar, dinlər və sivilizasiyalararası dialoqun və əməkdaşlığın gücləndirilməsinə çalışır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər görülən işlər və həyata keçirilən tədbirlər ölkəmizdə hər kəsin əqidə seçiminə hörmətlə yanaşıldığını, qəbul edilən qanun və normativ aktların beynəlxalq hüquq və normalara uyğunlaşdırıldığını, görülən işlərin bütövlükdə əqidə azadlığını təmin etməyə, bu sahədə yarana biləcək problemləri həll etməyə, dövlətlə dini qurumlar arasında münasibətləri qanun çərçivəsində tənzimləməyə hüquqi əsas verdiyini, ölkəmizdə bütün dinlərə bərabərhüquqlu şəraitin yaradıldığını, tolerantlığın yüksək səviyyədə olduğunu, hökumətin bütün xalqların, etnik azlıqların hüquqlarına hörmətlə yanaşdığını, onların tarixi və mədəni irsinin öyrənilməsinə, qorunub saxlanılmasına xüsusi önəm verdiyini göstərir.

Bu gün dünyada ciddi proseslər gedir. Müasir dövrdə qarşıda duran əsas vəzifə bu zəngin irsi daha dərindən öyrənmək, qoruyub saxlamaq və gələcək nəsillərə ötürməkdir. Bu, hər bir Azərbaycan vətəndaşının üzərinə düşən tarixi məsuliyyətdir.

Yuxarıda qeyd olunanlara istinad edərək deyə bilərik ki, tolerantlıq Azərbaycanın əvəzsiz, dünya xalqlarına nümunə göstəriləcək milli-mənəvi sərvətidir. Azərbaycan xalqı özünün tolerantlıq ənənələrini bundan sonra da qoruyub saxlayaraq gələcək nəsillərə çatdıracaq və bu ənənənin zəiflədilməsinə yönələn bütün cəhdlərin qarşısını qətiyyətlə alacaqdır.

Sonda qeyd edək ki, bu gün Azərbaycan tarixinin ən şərəfli və qürurlu günlərindən birini yaşayır. Son 200 ildə ilk dəfə olaraq Azərbaycan xalqı itirilmiş torpaqlarını geri qaytardı. Bu zəfərin əsas qəhrəmanı və memarı Prezident İlham Əliyevdir.

Onu da qeyd edək ki, düşmən işğal etdiyi bütün ərazilərdə dini ibadət ocaqlarımızı dağıdıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan qısa müddətdə bütün ibadət ocaqlarını təmir və bərpa edəcək, vətəndaşlarımız orada ibadətlərini sərbəst yerinə yetirə biləcəklər.