Azərbaycanda yeni teatr yaradıldıbackend

Azərbaycanda “Səhnə” adlı yeni teatr yaradılıb.

“Yeni Gündəm” xəbər verir ki, “Səhnə” adlı teatrın yaradıcısı “1 Səhnə” prodüser mərkəzinin direktoru, aktyor və prodüser Elçin Hacıdır.

“1 Səhnə” prodüser mərkəzinin nəzdində açılan “Səhnə” teatrının fəaliyyətə başlaması barədə məlumat verən Elçin Hacı bütün mədəniyyət işçiləri və teatrsevərləri təbrik edib.

Elçin Hacı vurğulayıb ki, “Səhnə” teatrı digər teatrlarımız kimi mövsümün açılışına hazırlaşır.

“Səhnə” teatrının bədii rəhbəri Xəqani Əliyev isə öz növbəsində nümayiş olunan tamaşaların insanlarda teatra marağı daha da artıracağına inandığını bildirib.

Teatrın ilk tamaşası Azərbaycan yazıçısı və dramaturqu Mirzə Fətəli Axundovun “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur” əsərinin motivləri əsasında hazırlanan “Bir dəfə Qarabağda” etno-muzikl janrında nümayiş olunacaq.

Tamaşa 30-31 oktyabr saat 19-da Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində tamaşaçılara təqdim olunacaq.

Biletləri iticket.az saytından əldə edə bilərsiniz.

Tamaşanın rejissoru Elvin Mirzəyev, bəstəkarı Azər Hacıəsgərli, şeirlərin müəllifi isə Eminquey Akifdir.

Tamaşada rolları Elçin Hacı, Əhliman Ərşadlı, Ramil Məmmədov, Mətanət Eres, Abdulla Elşadlı, İranə Kərimova, Ülvi Haşim və Ruhiyyə Yəhyayeva canlandıracaq.

Tamaşada səsləndirilən musiqilər qədim milli musiqi alətlərindən ibarət olan “Əsrlərin sədası” ansamblına məxsusdur.

Ansamblın bədii rəhbəri Məmmədəli Məmmədovdur.

Ayşən Rəhim