“Azərbaycanda Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək layihəsi”nin açılış mərasimi olubbackend

“Azərbaycanda Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBİLAZE 2) layihəsi”nin açılış mərasimi olub.

Dövlət Miqrasiya Xidmətindən (DMX) “Yeni Gündəm”-ə bildiriblər ki, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzlə (MSİBM) birgə həyata keçirilməsi nəzərdə tutulan “MOBİLAZE 2 layihəsi” Azərbaycanda yerdəyişmə üzrə tərəfdaşlığın reallaşdırılmasına dəstək verməklə Azərbaycan Respublikası ilə Avropa İttifaqı (Aİ) arasında miqrasiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə yönəlib.
Miqrasiya tərəfdaşlığı üzrə onlayn formatda həyata keçirilən beynəlxalq konfransda DMX-nin rəisi Vüsal Hüseynov “Miqrasiya və yerdəyişmə sahəsində Avropa İttifaqı ilə əməkdaşlığın prioritetləri” mövzusunda açılış nitqi ilə çıxış edib. Artıq ənənə halını alan və müxtəlif maraqlı tərəfləri bir araya toplayan konfransın miqrasiyanın daha yaxşı idarəedilməsi üçün beynəlxalq əməkdaşlığa töhfə verəcəyinə əminliyini bildirən Vüsal Hüseynov COVID-19 pandemiyasının dünyada və Azərbaycanda miqrasiya proseslərinə də mənfi təsir göstərdiyini vurğulayıb. O, qarşıya çıxan çətinliklərin aradan qaldırılması məqsədilə DMX tərəfindən miqrasiya proseslərinin sadələşdirilməsi istiqamətində xeyli işlərin görüldüyünü diqqətə çatdırıb. Vüsal Hüseynov Vətən müharibəsi nəticəsində müzəffər Ordumuzun şücaəti ilə işğaldan azad olunan ərazilərdə aparılan yenidənqurma işlərinin istər yerdəyişmə üzrə, istərsə də ümumilikdə sosial-iqtisadi sahə üzrə inkişafa şərait yaradacağını bildirib. Avropa İttifaqı ilə sıx əməkdaşlıq çərçivəsində readmissiya və vizaların sadələşdirilməsi ilə bağlı imzalanmış sazişlər, “RESTART” layihəsi, Praqa və Budapeşt prosesləri barədə danışan Xidmət rəisi “MOBİLAZE 2” layihəsinin də miqrasiya sahəsində əməkdaşlığa töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.
Xarici İşlər Nazirliyinin humanitar və sosial məsələlər idarəsinin rəisi Şəfa Qasımova isə çıxışında Azərbaycan və Aİ arasında yüksək səviyyəli dialoq, miqrasiya və yerdəyişmə sahəsində əməkdaşlıq barədə danışıb.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Petr Mixalko və MSİBM-in miqrasiya dialoqları üzrə direktoru Martijn Pluim Azərbaycan və Aİ arasında əməkdaşlığın tarixi, görülən işlər, gələcək əməkdaşlıq planları barədə ətraflı məlumat veriblər.
Daha sonra MSİBM-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional meneceri Violeta Vaqner, MSİBM-in Azərbaycan nümayəndəliyinin rəhbəri Səltənət Məmmədova, DMX-nin beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Ülvi Əliyevin “MOBILAZE 2” layihəsinin əsas məqsəd və vəzifələri, layihənin tematik sahələri və komponentləri, regional əməkdaşlıqlar vasitəsilə miqrasiya idarəçiliyi sahəsində bacarıqların formalaşdırılması mövzularında təqdimatları olub.
Sonda Gürcüstanın Miqrasiya Məsələləri üzrə Dövlət Komissiyasının icraçı katibi George Jaşi, Ukrayna Dövlət Miqrasiya Xidmətinin rəis müavini İvan Dvoilenko, Moldova Daxili İşlər Nazirliyi yanında miqrasiya və sığınacaq idarəsi inteqrasiya və yerləşmə şöbəsinin rəisi Tatyana Ciumasın “Miqrasiya siyasətindən miqrasiya idarəçiliyinə – nəzəriyyə və region ölkələrinin təcrübələri” mövzusunda çıxışları dinlənilib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.