Azərbaycanın beynəlxalq əlaqələri daha da möhkəmlənir – Məlahət İbrahimqızıbackend

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət ölkəmizi Cənubi Qafqazın lider dövlətinə, dünya birliyində söz sahibinə çevirib. İki ildən artıqdır ki, dünyanı koronavirus pandemiyası bürüsə də, ölkəmizdə nəzərdə tutulan proqram və layihələr uğurla icra olunur. İqtisadi cəhətdən zəif olan ölkələrə humanitar yardımlar edilir. Belə bir şəraitdə Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyulması Azərbaycanın dünya birliyindəki mövqelərini daha da möhkəmləndirdi. İndi Prezident İlham Əliyev xarici səfərləri zamanı qalib Azərbaycanın lideri kimi qəbul edilir. Bu, hər bir soydaşımızda qürur hissi yaradır. Dövlət başçımızın bugünlərdə Özbəkistana reallaşan dövlət səfəri zamanı da bu hissləri yaşadıq.

Azərbaycan və Özbəkistan prezidentləri bu səfəri tarixi səfər kimi xarakterizə etdilər. Səfərin beynəlxalq aləmdə yaratdığı əks-səda, siyasi şərhçilərin verdikləri böyük əhəmiyyət, eyni za­manda, dövlət başçılarının şəxsi münasibətləri, səfər zamanı imzalanmış sənədlərin əhatəsi də təsdiqləyir ki, bu, ikitərəfli münasibətlərin daha da yaxşılaşdırılmasında mühüm əhəmiyyət kəsb edir.

İki ölkə arasında 20-dək sənədin imzalan­ması Azərbaycan–Özbəkistan münasibətlərinin daha da yaxşılaşdırılmasından xəbər verir. O cümlədən iki ölkə arasında strateji tərəfdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş­dur. “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında” Bəyannamə gələcək perspektivlərdən xəbər verir.

Xatırladım ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri ümummilli lider Heydər Əliyevin bu ölkəyə səfərinin 25 illiyinə təsadüf edir. Daşkənddə Heydər Əliyev meyda­nının açılışı, Özbəkistan Prezidentinin ulu öndər Heydər Əliyev barədə fikirləri, həqiqətən də, qardaş ölkədə Azərbaycan xalqının ümummilli liderinə dərin rəğbət və böyük hörmətin olduğu­nu nümayiş etdirir.

Daşkəndin mərkəzində ümummilli lider Heydər Əliyevin adı ilə bağlı guşənin yaradıl­ması ulu öndərin xatirəsinə dərin ehtiramın, bütün Azərbaycan xalqına həqiqi qardaşlıq münasibətinin ifadəsidir. Görkəmli dövlət xadimi Heydər Əliyev özbək xalqına daim böyük hörmət və dərin sevgi ilə yanaşıb. 1970-ci illərdə onun Şərəf Rəşidov, 1990-cı illərdə İslam Kərimov ilə dostluğu Azərbaycan və Özbəkistan xalqları arasında münasibətlərin bugünkü inki­şafının təməli olub.

Özbəkistan Qarabağ müharibəsində daim Azərbaycanın haqq işini, ədaləti dəstəkləyib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Qələbə münasibətilə Azərbaycan xalqını təbrik etməsi də bundan xəbər verir. 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezi­dentinin Azərbaycanı “Dağlıq Qarabağın qayta­rılması və tarixi ədalətin bərpası” münasibətilə təbrikini də xatırlatmaq yerinə düşərdi.

Hazırda işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı yenidənqurma, bərpa-quruculuq işlərində digər ölkələrlə yanaşı, Özbəkistanın da iştirakı Azərbaycanın haqq işinə verilən dəyərin bariz nümunəsidir. Xatırladım ki, 2021-ci ilin noyabrında İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Füzuli rayonunda Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəb binası inşa ediləcəyini vəd etmişdi. Üç hektar ərazidə 960 yerlik məktəb binasının tikintisi üçün ərazi artıq müəyyənləşdirilib və ilkin işlərə başlanılıb.

Müharibədə qazandığımız tarixi Qələbə ölkəmizin dünya birliyindəki mövqeyini daha da möhkəmləndirib. Son dövrlər Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında da münasibətlərdə canlanma müşahidə olunmaqdadır.

Məlahət İBRAHİMQIZI,

Milli Məclisin deputatı