Azərbaycanın bu kəndinin sakinləri özlərini Nuh peyğəmbərin nəslindən sayırlar – Araşdırma – FOTOLARbackend

Azərbaycanın qədim və gözəl guşələrindən biri olan Qubada – Şahdağ, Tufandağ, Babadağ kimi yüksək dağ zirvələri arasında əsrarəngiz bir məkan qərar tutub. Möhtəşəm təbiət mənzərələri ilə zəngin bu məkan tarixin və təbiətin yaratdığı özünəməxsus muzeyi xatırladır. Söhbət Xınalıq kəndindən gedir. Hansı ki artıq bu ilin sentyabr ayında “Xınalıq” və Köç yolu”nun UNESCO-nun mədəni irs siyahısına salınması məsələsinə baxılacaq.

“Azərbaycanın yükləklikdə yerləşən dağ  kəndlərindən birində məskunlaşan Xınalıq əhalisi özünəməxsus unikal dili olan kiçik etnik qrupdur. Xınalığın öz dili olduğu kimi, özünəməxsus folkloru – dastanları, rəvayətləri, nağılları, bayatıları, tapmacaları da var”.

Bunu Ednews-a açıqlamasında “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun elmi işçisi İzzət Bağırov deyib.

O, bildirib ki, “Xınalıq kəndi və Köç yolu”nun UNESCO-nun Ümumdünya İrs Siyahısına salınması ilə bağlı artıq nominasiya sənədi hazırlanıb və təqdim olunub.

“Bununla yanaşı Xınalığın irsi, dili, tarixi haqqında məlumatlar toplanılıb. Mədəni irs olaraq “Köç yolu” nominasiya sənədi hazırlanıb. Daha sonra isə toxuculuq, heyvandarlıq və bu sahədə olan  digərlər peşələr,  ipəkçilik, xalçaçılıq kimi sahələr haqqında məlumatlar əldə edilib.  Xınalıq dili özüdə UNESCO tərəfindən qorunub saxlanılır. Xınalıq dili riskli dillər qrupun aiddir. Eyni zamanda bu haqda bir çox işlər görülüb.  Xınalıq dilinin araşdırılması ilə 2011-ci ildə Almaniyanın Frankfurt şəhərindəki Höte Universitetinin dilçilik fakültəsinin əməkdaşı Monika Rind Pavlovski məşğul olub. Xınalıq əlifbası tərtib olunub”.

Elmi işçi həmin əlifba əsasında dərsliklərin  tərtib edilib, məktəblərə paylanılmasını vurğulayıb:

“Xınalıq dilinin səs sistemi mürəkkəbdir. Qrammatik quruluşu Dağıstan dillərindən bir sıra fərqli cəhətləri ilə seçilir. İsmin sinif, kəmiyyət və hal kateqoriyaları vardır. Hallanma mürəkkəbdir. 16-dək əsas və yerli hal mövcuddur. Say sistemi iyirmilikdir. Fel formaları zəngindir. Leksikasında Azərbaycan, ərəb, rus, fars dillərindən keçmə sözlər çoxdur. Hazırda bu dildə 5000-dən çox insan danışır. Son illər bu dildə də alınma sözlər özünü göstərməkdədir. Bu da elmi-texnikanın nailiyyətlərinin bu məkanda yayılması ilə əlaqədardır. Qoruğumuzun daxili imkanları hesabına “Xınalıq dili” lüğəti və Xınalığın internet səhifəsi də hazırlanıb. Xınalıqlılar xınalıq dilində danışırlar. Ədəbi dilləri azərbaycan dilidir”.

O, vurğulayıb ki, Xınalıq dilindən əlavə mədəni irsi haqqında nə varsa bütün məlumatlar toplanılıb və UNESCO-ya  göndərilib.

“Bütün nominasiya sənədləri işlənilir. Bura evlərdə olan simvollar, qədim işarələr, evlərin quruluşu, dam örtüyü, bacaları, evin içində olan arxitektura hansı ki əvvələr lampa qoyulan yerlər diqqətlə araşdırılır. Daha sonra isə UNESCO-ya göndərilir. Eyni zamanda cari il üçün 20-ə yaxın evin yenidən bərpası nəzərdə tutulub. Keçən il 11, 2021-ci ildə isə 17 ev bərpa olunub. Yəni, əvvəlki tarixi görkəminə qayıdıb. Bu proses əslində may ayında olacaqdı görüşlərdən sonra bu sentyabr ayına qaldı. Böyük ehtimalla, yəni 90 %  “Köç yolu” irsi olaraq UNESCO-ya daxil ediləcək. Xınalıq haqqında isə dəqiq deyə bilmərəm. Çünki, orada təmir bərpa işləri gedir. Ola bilsin ki, buna görə bir az gecikə bilər. Amma bu da fərziyədir, dəqiq məlumat yoxdur”.

Söhbət əsnasında İzzət Bağırov Xınalığın tarixinin e.ə. III minilliyə aid olduğunu qeyd edib.

“Bunu arxeoloji faktlar göstərir. Yəni, Erkən Tunc dövründə burada yaşayış olub. Qazıntılar nəticəsində külli miqdarda matareiallar tapılıb. Bu tapıntılar hazırda “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya qoruğunun muzeyi fondunda sərgilənir. Növbəti qazıntılar içində maraqlı bir halla qarşılaşdıq. E.ə IV-V əsrlərə aid antik Alban mədəniyyəti, eyni zamanda bu mədəniyyətə qarışmış Misir, Roma  və Parfiya mədəniyyəti aid nümunələr  Xınalıq ərazisindən tapılıb. Bu tapıntılar içində göz muncuğu,  Günəş tanrısının, Göy tanrısının simvolu, faleslə, ox ucları tapılıb.

Xınalıqlılar özlərini Nuh peyğəmbərin nəslindən olanlar kimi sayırlar.  Onların fikrincə, Nuh peyğəmbərin tufanı dövründə Ketş kəndi Ketş dağlarında yerləşirdi. Sonradan Allah tərəfindən baş verən zəlzələ zamanı orada heç bir ev salamat qalmamışdır, bütün evlər dağılmışdır. Əhalinin çox hissəsi həlak olmuşdur. Sağ qalanlar isə, çayı keçərək kiçik bir təpəyə qalxmışlar və beləliklə də Xınalıq yaranmışdır. Xınalıqlılar hesab edilər ki, tufandan sonra Nuhun oğulları – Sam və Ham müxtəlif yerlərə köç etmiş və yalnız Yafət öz oğulları ilə həmin yerlərdə qalmış və buradan da Qafqaz xalqları törənmişdir. Xınalıqda kəndin müxtəlif inkişaf mərhələlərinə aid arxeoloji və etnoqrafik materiallar, xalçalar, gil və mis qablar, daş kitabələr, kitablar və daha bir çox əşyalar var. XII əsr məscidi, XV əsr məscidi və bir neçə qədim qəbiristanlıq kimi tarixi yerlər var”,- deyə o, qeyd edib.

Hazırda Xınalıqda 2100 nəfər insan məskunlaşıb. 260 ev var. Evlərdən 180-190-da yaşayış var. 300-400 nəfər isə “Köç yolu” vasitəsi ilə qışlağa köçürlər. May ayında isə geri qayıdırlar. Maraqlıdır ki, yerli sakinlər  Xınalığa öz dillərində Kətiş deyirlər. Xınalığın sakinləri ənənəvi həyat tərzini qoruyub saxlamışlar. Toy, yas və digər mərasimlər, bir nəsildən digərinə miras qalan ayinlərlə ciddi şəkildə keçirilir.

Xınalıqdakı memarlıq abidələri arasında məscidlərin xüsusi yeri var. Kəndin ən yüksək yerində Cümə məscidi yerləşir. Bundan başqa, kənddə Şeyx Salbuz məscidi, Əbu Müslüm Cümə məscidi, Cabbar baba piri, İsrafil baba türbə-məscidi, Möhüc baba piri, Xıdır Nəbi piri və Qüllə pirləri vardır. Pirə Comərd türbə-məscidi var. Ümumilikdə Xınalıq ərazisində 31 türbə və ziyarətgah var. Xınalığın ətrafındakı sərt qayalıqlarda qədim qəbiristanlığın qalıqları var. Bu qəbristanlıqdakı 5 pilləli daş qəbirlər onun tarixinin çox qədimlərə gedib çıxdığını təsdiqləyir.

Xınalıq kəndi 2020-ci ildə YUNESKO-nun Dünya İrsi Ərazisinin ilkin siyahısına daxil olub. Hazırda Xınalıq kəndi və əhalisinin həyatında mühüm rol oynayan yaylaq, qışlaq və Köç Yolunun “Xınalıq kəndi və Köç Yolu Mədəni Landşaftı” adı altında YUNESKO-nun Dünya İrsi Ərazisi kimi tanınması üçün namizədlik sənədi hazırlanıb və quruma təqdim olunub. “Xınalıq kəndi və Köç Yolu Mədəni Landşaftı” adı ilə bu ərazinin YUNESKO-nun Dünya İrsi Siyahısına daxil olması onun dünyada tanınması və qorunması üçün böyük bir addım ola bilər.

Aysel Şahmar

1

1