Azərbaycanın bugünkü uğurlarının əsası Heydər Əliyev tərəfindən qoyulubbackend

Bizim xoşbəxtliyimiz, Azərbaycan xalqının xoşbəxtliyi ondan ibarətdir ki, Heydər Əliyev kimi liderimiz olubdur. On il ərzində – 1993-2003-cü illər ərzində Azərbaycan böyük və uğurlu yol keçmişdir. Azərbaycanda dövlət quruculuğu prosesi uğurla aparılmış və gözəl nəticələrə gətirib çıxarmışdır.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 99-ci ildönümü ölkəmizin hər yerində, hətta respublikamızdan kənarda da böyük ehtiramla qeyd olunur. Heydər Əliyev Azərbaycan tarixində fenomen şəxsiyyətdir. Ulu öndərin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi böyük təhlükələrdən xilas oldu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı. Ümummilli lider Heydər Əliyevin qurduğu Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya birliyində öz sö­zünü deyir və inkişaf edir. Azərbaycanın əldə etdiyi uğurların əsasında Prezident İlham Əliyevin qətiyyəti, əzmkarlığı və ulu öndərin siyasi, mənəvi irsinin layiqincə yaşadılması dayanır.

1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etsə də, de-fakto bu istəyini reallaşdıra bilməmiş, hakimiyyətdə olan naşı və səriştəsiz qüvvələr ictimai-iqtisadi formasi­ya dəyişkənliyinin doğurduğu ağır problemlərin öhdəsindən gəlməmişlər. Nəticədə, ölkədə iqtisadi tənəzzül prose­si dərinləşmiş, vəziyyət getdikcə ağırlaş­mış, xalqın yaşayış səviyyəsi pisləşmiş, qanunçuluğun, hüquq qaydalarının təminatında ciddi problemlər yaranmış­dır. Müstəqillik yoluna yenicə qədəm qoymuş respublikada rəhbərliyi ələ almaq üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə getdikcə güclənirdi. Xüsusilə, 1992-ci ilin may ayında silahlı yolla hakimiyyətə gələn AXC–Müsavat iqtidarının siyasi səriştəsizliyi, qətiyyətsizliyi, dövlət idarəçiliyindəki naşılığı Azərbaycan dövlətçiliyinə ciddi təhlükəyə çevrilən neqativ meyillərin baş qaldırmasına – siyasi mübarizədə qa­nunsuz silahlı birləşmələrdən istifadəyə, etnik separatizmə, vətəndaş itaətsizliyinə gətirib çıxarmışdı. Ölkədə ictimai-siyasi gərginliyin, özbaşınalığın, xaos və anar­xiyanın hökm sürməsi, torpaqlarımızın bir-birinin ardınca işğalı xalqda sabaha ümidsizlik yaratmışdı.

Belə çətin məqamda xalqın yeganə ümid yeri ulu öndər Heydər Əliyev idi. Odur ki, xalq belə ağır məqamda ulu öndərə üz tutdu. Dahi şəxsiyyət Heydər Əliyevin xalqın çağırışına səs verməsi, birlik, həmrəylik nümayiş etdirməsi bu ümidsizliyi aradan qaldır­dı. Bu, elə bir dövr idi ki, ermənilərin “böyük Ermənistan” yaratmaq niyətləri, Azərbaycanı Qafqazın siyasi xəritəsindən silmək planları reallaş­maq üzrə idi. Azərbaycan torpağı etnik əlamətə görə parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı.

Azərbaycan sadəcə daxili yox, xarici siyasət və təhlükəsizlik problemləri ilə də qarşılaşmışdı. Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini ələ keçirməsinə baxmayaraq, ABŞ Konqre­si Dağlıq Qarabağ münaqişəsini əsas gətirərək, Azadlığın Dəstəklənməsi Aktı­na 907-ci düzəlişi edərək Azərbaycana Amerikanın birbaşa yardımını qadağan etmişdir. Maraqlıdır ki, 907-ci düzəlişdə məhz Azərbaycan işğalçı tərəf kimi göstərilirdi.

Azərbaycan xalqı 1993-cü ilin oktyabrında müdrik şəxsiyyət Heydər Əliyev ölkə Prezidenti seçildikdən sonra Azərbaycan tədricən davamlı inkişaf yoluna qədəm qoymuşdur. Ulu öndərin düşünülmüş çevik, qətiyyətli siyasi addımlar, o cümlədən Ermənistan ilə müharibəni sabitləşdirmək, daxi­li çəkişmələri aradan qaldırmaq və beynəlxalq əlaqələri möhkəmləndirmək qarşıda duran prioritet vəzifələr idi. Ulu öndər 1993-cü ildə ölkəmizdə siyasi böhran yaşandığı, vətəndaş müharibəsi təhlükəsi yarandığı, Ermənistanın təcavüzünün gücləndiyi bir vaxtda siyasi hakimiyyətə qayıdaraq, Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması üçün ciddi və təxirəsalınmaz addımlar atdı. Ulu öndər bu uğurlara uzaqgörən, məqsədyönlü siyasəti ilə nail oldu.

Xalqımızın 1993-cü il böhranın­dan çıxması, 1995-ci ilə qədər daxili çəkişmələrə, xaricdən qəsblərə qarşı mübarizəsi müstəqil dövlətimizin ya­şamasının sınaq dövrü oldu. Bu tarixi sınaqdan xalqımız ulu öndər Heydər Əliyevin siyasi, iqtisadi, mədəni və hərbi sahələrdəki zəngin təcrübəsi və müdrik­liyi sayəsində uğurla çıxdı, dövlətçiliyimiz dağılmaqdan xilas edildi.

Heydər Əliyevin hakimiyyətə qayıdı­şı xalqımız üçün çox çətin və mürəkkəb bir dövrə təsadüf etsə də, müdrik rəhbər Azərbaycanı böyük bəlalardan, məhv ol­maq təhlükəsindən xilas etdi. Ulu öndər az müddətdə dövlətçilik ənənələrinin yaranmasına nail oldu, sivil, dünyəvi, hü­quqi dövlətin qurulmasına şərait yaratdı. Ölkədə ictimai-siyasi sabitliyə, cəbhədə atəşkəsə nail olmaqla gənc oğul və qızlarımızın ədalətsiz müharibədə həlak olmalarının qarşısını aldı.

Ümummilli liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Res­publikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, ölkədə siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqı­mızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inki­şaf dövlətimizin möhkəmləndirilməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strate­ji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı.

Heydər Əliyevin istər Sovet İtti­faqında yaşadığımız illərdə 1969-cu ildən başlayaraq, Azərbaycanın KP MK-nın birinci katibi vəzifəsində ça­lışdığı zamanda, istərsə də 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra müstəqil ölkəmizin ictimai-siyasi və mədəni həyatında baş verən dö­nüş, eləcə də, respublikamızın dünya məkanında özünəməxsus yer tutması onun məqsədyönlü fəaliyyətinin məntiqi nəticəsidir.

Azərbaycan xalqı, sözün əsl mənasında, xoşbəxt xalqdır ki, Ulu Tanrı nadir şəxsiyyətlərdən birini, bəlkə də bir neçə əsrdən bir xalqın qismətinə yazıla biləcək böyük siyasi xadimi, ulu öndəri bizim qismətimizə yazıb. İstər XX əsrdə, istər XXI əsrdə, istərsə də bun­dan sonrakı bütün dövrlərdə ulu öndər Heydər Əliyevin adı, şəxsiyyəti hər bir zaman Azərbaycan üçün yol göstərən olacaqdır. Məhz onun sayəsində bütün dünya Azərbaycana tamamilə başqa bir prizmadan baxmağa başladı. Heydər Əliyev hələ sovet rejiminin ideoloji məsələlərə xüsusi həssaslıqla yanaşdığı vaxtlarda Azərbaycanın milli maraqları üçün mümkün olan bütün işləri gördü. Sovet rejiminin sərt qanunlarına bax­mayaraq, Azərbaycanda böyük iqtisadi, elmi və ədəbi-mədəni inkişafa, müstəqil düşüncəyə yol açdı. Qısa zaman kəsiyində Azərbaycan İttifaq tərkibində o zaman üçün müasir iqtisadi potensiala malik olan respublikaya çevrildi.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə XX əsrin 70-ci illərindən elə bir tarixi bünövrə yaradıldı ki, onun möhkəm dayaqları üzərində gələcəkdə müstəqil Azərbaycanın qurulması, yeni tarixinin əsasının qoyulması labüd idi. Həqiqətən də, sovet dönəmində xalqı­mızın dahi oğlunun Azərbaycan üçün gördüyü bütün işlər uğurlu gələcəyə he­sablanmışdı və bu potensial müstəqillik illərində ölkəmizin başlıca dayaqlarını təşkil etdi. Azərbaycanın bugünkü tarixini Heydər Əliyev 1960-cı illərdə yazmışdı.

Azərbaycan dilinin ana dili kimi qəbul edilməsi haqqında Azərbaycan Konstitu­siyada müddəanın hazırlanıb, yazılması birbaşa ulu öndərin sayəsində oldu. Azərbaycan SSR-in 1978-ci il Konstitusi­yasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi və təsbit olunmasından sonra ana dilinin istifadəsində və inkişa­fında yeni mərhələ başladı.

Dövlət dili uğrunda ardıcıl mübarizə aparan ümummilli lider ziyalıları, xal­qı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdi. Bu, müstəqil bir ölkədə deyil, SSRİ-nin tərkibində olan bir respublikada baş verirdi. Burada da, təbii ki, müstəqil, gələcəyə istiqamətlənmiş addım atmaq böyük cəsarət tələb edirdi. Bəli, Heydər Əliyevin xatirələrini oxuduqda görürük ki, o, hələ ötən əsrin 50-60-cı illərində ölkəsini azad görmək istəyərək, atdığı bütün addımları bu istiqamətə yönəldib.

Azərbaycanda incəsənətin, mədəniyyətin, ədəbiyyatın inkişafı istiqamətində atılan addımlar, ölkə iqtisadiyyatının gücləndirilməsi üçün böyük zavodların, fabriklərin tikilməsi, ölkəmizdə o zaman üçün imkansız olan müstəqil hərbi kadrları hazırlaya bilən Cəmşid Naxçıvanski adına Hərbi liseyin açılması, azərbaycanlı gənclərin ölkə hüdudundan kənara təhsil alma­ğa göndərilməsi və s. bu kimi bir sıra tədbirlər bu günümüzə, müstəqiliyimizin daha da möhkəmləndirilməsinə və inki­şafına istiqamətlənmişdi.

Ermənistan Respublikası, ermənilər və onların pərdəarxası havadarları hər bir zaman Azərbaycana, türk dünyasına qarşı məkrli planlarını həyata keçirməyə çalışıblar. Amma, qarşılarında Heydər Əliyev kimi bir qüdrətli simanın olma­sı onlara bu addımları atmağa imkan vermirdi.

Bütün mənalı ömrünü Azərbaycan xalqının tərəqqisinə həsr etmiş ulu öndər özünün əməli fəaliyyəti ilə doğma xalqının əbədi məhəbbətini qazana­raq, əsl ümummilli liderə çevrildi. Həm əvvəlki hakimiyyəti dövründə, həm də müstəqillik illərində ulu öndər həmişə xalqla birgə olduğunu, onun taleyi ilə yaşadığını tarixi xidmətləri ilə sübut etdi. 1969-cu ildən başlayaraq, Azərbaycanın hərtərəfli inkişafı və tərəqqisi üçün Heydər Əliyevin gördüyü işlərin bəhrəsini bu gün xalqımız daha yaxın­dan hiss edir.

Heydər Əliyev qısa müddət ərzində Azərbaycanı İttifaq miqyasında, onra isə beynəlxalq aləmdə tanıtdı. Ulu öndər keçən əsrin 70-80-ci illərində qurub-yaratdığı, zəngin respublikaya çevirdiyi Azərbaycanı 1993-cü ildə məhv ol­maqdan xilas edib rəvan inkişaf yoluna çıxardı. Müdrik şəxsiyyət bizə azad, demokratik, güclü, zəngin, xalqının rifah və təhlükəsizlik şəraitində yaşayışını təmin edən, dünya birliyinin tamhüquqlu üzvü olan bir dövlət bəxş etdi. Heydər Əliyev bizə İlham Əliyev kimi dəmir biləkli, dəmir iradəli müzəffər Prezident bəxs etdi. Bu gün hər bir azərbaycanlı harada yaşamasından asılı olmayaraq, qurucusu və memarı ulu öndər Heydər Əliyev olan dövlətimizlə fəxr edir.

Möhtərəm Prezidentimiz İlham Əliyev ulu öndərin layiqli davamçısı, ləyaqətli siyasi varisidir. Dövlət başçımızın əzmkarlıqla həyata keçirdiyi siyasət res­publika iqtisadiyyatında böyük uğurlara zəmin yaratdığı kimi, hər bir vətəndaşın həyatında da yüksəlişə səbəb olub. Uğurlu siyasət həm də Azərbaycanın beynəlxalq imicini gücləndirib. Prezi­dent, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz işğalçı Ermənistanı

diz çökdürüb şanlı qələbə qazandıqdan sonra Azərbaycanın dünya miqyasındakı reytinqi daha da artıb. Fəxrlə deyə bilərik ki, bugünkü qalib Azərbaycanımız ulu öndərin ideyala­rından nur alaraq, Cənubi Qafqazın və elə bütün dünyanın parlayan ulduzuna çevrilməkdə, gələcəyə doğru inamla irəliləməkdədir. Getdiyin bu uğurlu yol daim açıq olsun, doğma Azərbaycan!

Jalə ƏLİYEVA,

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini