“Azərbaycanın dünya birliyində sözünü demək imkanları daha da genişlənir”-Deputatbackend

Məlumdur ki, Ermənistan sülh prosesini uzadır və Ermənistanın sülh prosesini uzatması əslində regiondakı böyük layihələrin həyata keçməsini ləngidir.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Millət vəkili açıqlayıb ki, Ermənistan sülh prosesini ləngitməklə özü üçün çox böyük iqtisadi baxımdan və  siyasi baxımdan böhran yaratmış olur.

“Digər tərəfdən, Ermənistana dəstək verən dövlətlər var. Konkret olaraq bizim cənub qonşumuz İran, eləcə də Avropa ölkələrindən olan Fransa, Ermənistan bu və ya digər formada dəstəkləyir. Ən böyük dəstəyi isə İran verir. Bütün bunlara baxmayaraq, biz dünyada gedən prosesləri görürük və görürük ki, Rusiya bütün iqtisadiyyatını Şərqlə qurmaq istəyir və cənub istiqamətində Azərbaycandan keçməklə İrana, Hindistana qədər bir ticarət yolunun, logistik yolun açılması ilə bağlı təşəbbüslərlə çıxış edir. Digər tərəfdən, Azərbaycan Avropa üçün ən əlverişli enerji təchizatlarından biridir. Təkcə neft, qaz yox, eyni zamanda gələcəkdə Avropa elektrik enerjisi almaq niyyətindədir. Ermənistan bu mənada maraqsız bir ölkəyə çevrilir. Ona görə də həm Ermənistanın, həm İranın bu cəhdlərinə baxmayaraq, regionda Azərbaycanın nüfuzu getdikcə daha da artır. Eyni zamanda, Azərbaycan öz suveren hüquqlarını və milli dövlətçilik maraqlarını qorumaq üçün bütün imkanlara malikdir.  Azərbaycanın dünya birliyində sözünü demək imkanları daha da genişlənir.”,-deyə o qeyd edib.