İyunun 15-i Azərbaycanın tarixində və taleyində özünəməxsus yeri olan bir gündür, dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin xilas edildiyi gündür, Azərbaycanın Milli Qurtuluş günüdür. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev bu qurtuluşun təməlini qoydu və həmin tarixdən bugünə qədər Azərbaycanın siyasi, iqtisadi, hərbi və s. sahələrdə qazandığı bütün uğurların təməlində həmin gün dayanır.
Möhtərəm Prezidentimiz məhz həmin siyasi irsə – Ulu Öndərin siyasi xəttinə söykənərək Azərbaycanı məğlub dövlətdən qalib dövlətə, Azərbaycan xalqını məğlub xalqdan qalib xalqa çevirdi.
28 il sonra məhz həmin gün – iyunun 15-də isə artıq ərazi bütövlüyü təmin olunmuş, torpaqları 30 illik işğaldan azad edilmiş qalib Azərbaycanın bundan sonrakı yeni inkişafının və təkcə regionun yox, həm də dünyanın lider dövlətlərindən birinə çevrilmə iddiasının təməli qoyuldu. Bu dəfə bu təməli Şuşa Bəyannaməsi ilə Müzəffər Ali Baş Komandanımız İlham Əliyev qoydu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı Şuşa Bəyannaməsi, demək olar ki, həyatımızın və dövlətlərimiz arasındakı münasibətlərin bütün sahələrini əhatə edir, ölkələrimizin daha da inkişaf etməsinə hesablanmaqla yanaşı, həm də regionda sülhə və əməkdaşlığa geniş təminat verir. Ən əsası, 44 günlük Vətən müharibəsində darmadağın edilmiş düşmənin və onun bu münaqişədən istifadə edərək onillər boyu regionda öz acgöz maraqlarını təmin etməyə alışmış və hələ də buna can atan havadarlarının revanşist xülyalarını alt-üst etdi.
Dünən iki qardaş dövlətin liderləri Şuşa şəhərində yeni bir tarix yazdılar: 15 iyun 2021-ci il. Düz 100 il bundan əvvəl Cənubi Qafqaz dövlətləri ilə Türkiyə Böyük Millət Məclisi arasında Qars müqaviləsi bağlanmışdı və bu il oktyabrın 13-də bu müqavilənin imzalanmasının 100 illiyi tamam olacaq. Artıq xeyli vaxtdır ki, ermənilər Azərbaycan ərazilərini işğal etmələrini əsaslandırmaq və hətta Azərbaycana qarşı yeni torpaq iddiaları irəli sürmək üçün bu müqaviləyə yenidən baxmaq fikrinə düşmüşdülər. Amma regionun əsl sahibləri Şuşa Bəyannaməsini imzalamaqla ermənilərin növbəti planlarını tar-mar etdilər.
Azərbaycanla Türkiyə arasında müttəfiqlik Bəyannaməsinin Şuşada imzalanmasının da böyük mənası var. Şuşa 30 il işğal altında qalan aranlı-dağlı bütöv Qarabağımızın rəmzi olan bir şəhərdir. Şuşa bizim qələbəmizin şəhəridir, Qarabağda erməni separatçılığının, erməni işğalının sonunu gətirən bir şəhərdir. Şuşa Bəyannaməsi kimi tarixi bir sənədin belə bir şəhərdə imzalanması özü də rəmzi məna daşıyır.
Əziz Ələkbərli
Milli Məclisin deputatı