Azərbaycanın hər bir hərbi qulluqçusu düşmənin təxribat və hücumlarının qarşısını almağa qadirdirbackend

Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 12-si gecə saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatlara başladılar. Həmin rayonların ərazisində ordumuzun mövqeləri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutuldu. Nəticədə isə Azərbaycan Silahlı Qüvvələrinin 71 hərbi qulluqçusu şəhid oldu. Bu, hər birimiz üçün çox ağır bir xəbərdir.

Baş verənlər 10 noyabr Bəyannaməsindən sonra Ermənistanın törətdiyi növbəti təxribatdır. Qarşı tərəf dəfələrlə təxribatlara əl atıb, razılaşmaları, üzərinə götürdüyü öhdəlikləri pozub. Azərbaycan tərəfi isə bir neçə dəfə Ermənistana yüksək səviyyədə xəbərdarlıq edib və təxribatlar davam edəcəyi təqdirdə ən sərt şəkildə cavab veriləcəyini bildirib. Bir müddət əvvəl, yəni avqust ayının əvvəllərində ermənilərin törətdiyi təxribatlara cavab olaraq Azərbaycan Ordusu tərəfindən “Qisas” əməliyyatı həyata keçirilib. Görünür ki, Ermənistan bundan da lazımi nəticə çıxarmayıb.

Bunu açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Sevinc Hüseynova deyib.

Ermənistanın son təxribatları nəticəsində hətta iki mülki şəxsin – Kəlbəcər rayonunun iki sakininin də yaralandığını diqqətə çatdıran deputat bunu onların dəyişməyən xislətinin göstəricisi adlandırıb: “Vətən müharibəsində döyüş meydanında igid Azərbaycan oğullarının qarşısından qaçan düşmən hərbi qulluqçuları təsəllini Gəncədə, Bərdədə, Naftalanda və digər ərazilərdə yaşayan mülki şəxsləri, körpələri hədəf almaqla tapırdılar. Bununla gözümüzün qorxacağını, silahımızı yerə qoyacağımızı düşünürdülər. Lakin olanlar nəinki bizi ruhdan saldı, əksinə intiqam, qisas hissləri döyüş meydanında bizə əlavə güc verdi.

Yenə də mülki şəxsləri hədəf alan Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları hər zaman olduğu kimi öz əməllərini Azərbaycan hərbi qulluqçularının üzərinə atmağa çalışdılar. Belə ki, həmin ölkənin hərbi rəhbərliyi Azərbaycan-Ermənistan dövlət sərhədi boyu yerləşən bölmələrini, silah və döyüş texnikasını yaşayış məntəqələrindəki bina və mülki infrastruktur obyektlərinin yaxınlığında və Ermənistan ərazisinin dərinliklərində tərtiblənməsinə əmr verdi. Onlar həmin məntəqələrdən Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqla Ermənistan bu atəş nöqtələrini legitim hərbi hədəflərə çevirməyə və qəsdən hərbi əməliyyatların əhatə zonasını genişləndirməyə çalışdılar. Azərbaycan Ordusunun bölmələri isə hər zaman olduğu kimi gücünü yalnız döyüş meydanında göstərdi, mülki infrastrukturu hədəfə almadı”.
S.Hüseynova bildirib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi ikili mövqe ortalığa qoyaraq beynəlxalq ictimaiyyəti çaşdırır.

Belə ki, onlar bir yandan sülhə razı olduqlarını, sülh müqaviləsinin üzərində işlədiklərini bildirirlər, digər yandan isə təxribatlara əl atırlar: “Əslində Brüssel görüşündən sonra sülh müqaviləsinin təsdiq olunacağını gözləyirdik. Lakin gözləntilərimizin əksi olsa da, bu, bizi təəccübləndirmədi. Görünən tərəf odur ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi və revanşist qüvvələr Vətən müharibəsindən sonra yaranan yeni reallıqlarla razılaşa bilmirlər. Onlar sülh müqaviləsinin bağlanmasının vaxtını uzadırlar. Bununla da tarixin arxivinə göndərilmiş Minsk qrupunun fəaliyyətinin bərpasını istəyirlər. Bu təbii ki, alınası deyil və yolverilməzdir.

Azərbaycanın qüvvətli ordusu var. Vətən müharibəsi zamanı Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin 80 faizini sıradan çıxardı. Hazırda da Azərbaycan Silahlı Qüvvələrinin güclü və peşəkar hərbi qulluqçuları Vətənin keşiyində dayanıblar və “Dəmir yumruq” yerindədir. Yaşından və rütbəsindən asılı olmayaraq, hər bir hərbi qulluqçumuz düşmənin təxribat və hücumlarının qarşısını almağa qadirdir. Ermənistan siyasi rəhbərliyi və revanşist qüvvələr anlamalıdırlar ki, onların törətdikləri təxribatlar nəticəsində Azərbaycan tərəfinin verdiyi hər bir şəhidin qanı yerdə qalmır və qalmayacaq.

Odur ki, sülh müqaviləsinə razılaşmalı və üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər. Beynəlxalq ictimaiyyət isə Ermənistan tərəfinin bu cür təxribatlarını cavabsız qoymamalı və onlara qarşı cəza tədbirləri görməlidir. Onların belə cəzasız qalması növbəti təxribatlara getmələri üçün əl-qol açmalarına imkan verir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətənini sevən, dövlətinə sadiq qalan, öz vəzifələrini yüksək səviyyədə yerinə yetirən igid oğulların ruhları qarşısında baş əyir, onların doğmalarına Allahdan səbir diləyirik. Vətən, başın sağ olsun!”.AZƏRTAC