Azərbaycanın imza atdığı sensasiyabackend

Azərbaycanın baş nazir müavini Şahin Mustafayevin noyabrın 21-də İrana etdiyi səfərin yekunları rəsmi Bakının və Prezident İlham Əliyevin daha bir uğurlu strategiyasının gerçəkləşdiyini təsdiqlədi. Məlum olub ki, yaxın günlərdə iki ölkə arasında neft-qaz sahəsində əməkdaşlıq haqqında yeni sənədlər imzalanacaq.

Eyni zamanda Naxçıvana qaz nəqli müqaviləsi ilə bağlı razılaşma əldə olunub. Daha bir mühüm məsələ Xəzər dənizində neft və qaz yataqlarının birgə işlənməsidir ki, rəsmi Tehran bəyan edib ki, bununla bağlı ilkin danışıqlar aparılıb, iki ölkənin ekspert nümayəndə heyətləri bu danışıqları davam etdirir.

Yaxın həftələrdə isə Azərbaycanla “neft, qaz və Xəzərdəki neft-qaz yataqlarının işlənməsi sahəsində sazişlər” imzalanacağı gözlənilir. Türkmənistanın paytaxtı Aşqabadda keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvə görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə İran prezidenti İbrahim Rəisi arasında görüş olacağı haqda məlumatlar var. Əslində, iki qonşu dövlət arasında bu cür əməkdaşlıq olmalıdır. Amma son həftələr Bakı və Tehran arasında münasibətlərin gərginləşməsi və pisləşməsi fonunda Tehrandakı indiki görüşün yekunlarını əsl sensasiya da hesab etmək olar. Məlumdur ki, vəziyyət Bakının iranlıların Qarabağın erməni separatçıları ilə qanunsuz ticarətini tənqid etməsindən və Azərbaycan hakimiyyətinin tələblərinə məhəl qoymayan iki yük maşınının sürücüsünü həbs etməsindən sonra gərginləşib. Buna cavab olaraq Tehrandan təhdidlər səslənib, İran Silahlı Qüvvələri isə Azərbaycanla sərhəddə genişmiqyaslı təlimlərə başlayıb. Amma Bakı sonuna qədər gedəcəyini və Tehranın təhdidlərindən qorxmadığını göstərdikdən sonra İran geri addım atdı və doğru olanı seçdi – “əməkdaşlıq və qonşuluq münasibətlərinə davam!” dedi. Bu, əlbəttə ki, Prezident İlham Əliyevin düşünülmüş və ən əsası prinsipial siyasəti, o cümlədən qonşularla münasibətə verdiyi önəmin göstəricisi, o siyasətin qələbəsidir. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a cənub qonşumuzun bundan sonra bir daha Ermənistanı sevindirməyəcəyini söylədi: “Şahin Mustafayev əvvəlcə Tehranda İranın yol və şəhərsalma naziri Rüstəm Qasimi və digər yüksək vəzifəli şəxslərlə görüşüb. Şahin Mustafayev Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədridir. Azərbaycanla İran arasındakı münasibətlər sentyabr və oktyabr aylarında gərgin idi. Daha sonra münasibətlər normallaşdı, iki ölkənin xarici işlər nazirləri telefonla danışdılar. Bundan sonra isə rəsmi Bakı Şahin Mustafayevi İrana göndərməyə qərar verdi. O, Tehranda açıqlama verərək iki ölkə arasında əməkdaşlıq üçün geniş potensialın olduğunu bildirib. Növbəti iclas Bakıda keçiriləcək. İranla Azərbaycan enerji sahəsində ortaq layihələri reallaşdırmaq istəyirlər. Hazırda həmin layihələr üzərində iş gedir. Bundan başqa, iki ölkənin müvafiq nazirlikləri avtomobil hissələrinin istehsalı, kənd təsərrüfatı və kənd təsərrüfatı avadanlıqları sahələrində də əməkdaşlıq müzakirələri aparırlar. Ötən 9 ayda Azərbaycanla İran arasında ticarət dövriyyəsi 22 faiz artıb. Hazırda iki ölkə arasında güzəştli ticarət sahəsində əməkdaşlıq üçün sənəd hazırlanır. Azərbaycanda 100 İran şirkəti qeydiyyatdan keçib. Pandemiya iki ölkə arasındakı ticarət əlaqələrinə müəyyən qədər mənfi təsir etsə də, tranzit əlaqələr davam edib. Azərbaycan və İran Şimal-Cənub nəqliyyat dəhlizindən daha çox faydalanmaq istəyirlər. Azərbaycan və İran Xəzər dənizində neft və qaz sahəsində də əməkdaşlıq müzakirələri aparırlar. Şahin Mustafayev bu mövzuda İranın neft naziri Cavad Oci ilə müzakirə aparıb. Görüşdə Türkmənistandan Azərbaycana qaz mübadiləsi (Swop) haqqında, eləcə də Naxçıvan Muxtar Respublikasına qaz mübadiləsi haqqında razılıq əldə olunub. Azərbaycandan İrana elektrik enerjisinin nəql olunduğunu deyən Şahin Mustafayev bildirib ki, Azərbaycan, İran və Rusiya elektrik xətlərinin birləşdirilməsi üzərində iş gedir. İran Azərbaycanla Astara-Astara sərhədində avtomobil körpüsünün tikintisi, eləcə də

Rəşt- Astara dəmir yolunun tamamlanmasını reallaşdırmaq istəyir. Bundan başqa, Naxçıvan-Məşhəd sərnişin qatarının fəaliyyətə başlaması da müzakirə predmetidir. İran rəsmiləri avtomobil istehsalının 30 faizini Azərbaycanda həyata keçirməyə hazır olduğunu bildiriblər. İran və Azərbaycan ticarətdəki maneələri, o cümlədən Azərbaycan ərazisindən keçən İranın yük maşınlarına tətbiq edilən vergini aradan qaldırmaq üçün yollar axtarır. Tehranın bu istəyi Şahin Mustafayevə bildirilib. Şahin Mustafayev İran hökumətinin istəyinin Bakıda müzakirə ediləcəyini deyib. Beləliklə, onun İrana səfəri uğurlu keçib və danışıqlar hər iki tərəf üçün faydalı olub. İranlı diplomat vurğulayıb ki, yaxın həftələrdə müxtəlif səviyyəli rəsmilərin qarşılıqlı səfərləri də nəzərdə tutulur. Azərbaycan prezidenti İlham Əliyevlə İran prezidenti İbrahim Rəisinin Türkmənistanın paytaxtı Aşqabadda keçirilməsi planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısında görüşü də istisna deyil. İran-Azərbaycan münasibətləri hər dəfə gərginləşəndə Ermənistanda sevinirlər və gərginliyi artırmaq üçün daha çox dezinformasiya yayırlar. Ümid edək ki, İran rəsmiləri növbəti dəfə Ermənistana sevinmək üçün bəhanə verməyəcək. İran üçün Azərbaycanla tərəfdaşlıq münasibətlərini genişləndirmək, ortaq layihələri reallaşdırmaq daha faydalıdır”.

 

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Azərbaycanın yeni bir mexanizm işə saldığını bildirdi: “Hər halda, güman edirəm ki, bütün bu proseslər qlobal baxımından amerikanist düzənin dağılmasının göstəriciləridir. Azərbaycan belə demək mümkünsə, Ermənistanın müttəfiqlərini əlindən almaq mexanizmini işə salıbdır. İranlılar da görür ki, praqmatist davranmasalar itirəcəklər. İranın bu açılımına Azərbaycan da qarşılıqlı reaksiya verir. İranla əlaqələrin gücləndirilməsi həm də Şimal-Cənub marşrutu üçün lazımdır. Cənub qonşumuzu Xəzərdə birgə fəaliyyətə cəlb etməkdə məqsəd Rusiya ilə onun yaxınlaşması ehtimallarını azaltmaqdır. Bu gün Azərbaycanın ən güclü silahı tərəfdaş və müttəfiqləri ”səhmdar cəmiyyətdə” toplamaqdır”.

 

AMİP Mərkəzi Şurasının sədri  Rəşad Bayramov nazir müavininin səfərinin əsl səbəbini açıqladı: “Qeyd edim ki, Şahin Mustafayevin bu səfəri İrandan Naxçıvana idxal olunan qaz tədarükünün kəsilməsi fonunda baş verib. Bəzi İran nəşrləri də səfərin enerji mübadiləsi ilə əlaqədar olduğunu təsdiqləyib. Əgər söhbət birgə yataqların işlənməsi və enerji sektorunda əməkdaşlıqdan gedirsə, bu daha çox sanksiyalara məruz qalan İrana lazımdır. Amma Azərbaycan istəsə belə, beynəlxalq sanksiyalara məruz qalan İrana kömək edə bilməz. Əvvəla, biz qaz idxal edən ölkə deyilik ki, İrandan daha artıq qaz alaraq ona qarşı tətbiq olunan embarqonu yaraq. İkincisi, Azərbaycan öz enerji xətləri ilə İran qazını və ya neftini ixrac etmək imkanında deyil. Bunun üçün ilk növbədə müştəri lazımdır və qlobal enerji bazarında yeni alıcı tapmaq iqtisadi fəaliyyət deyil, həm də geosiyasi məsələdir. Heç kim böyük güclərin sanksiyalarını gözardı edib bu riskin altına girib İrandan qaz almaz. Azərbaycanın İranla yeganə enerji alış-verişi isə Naxçıvana tədarük olunan qazla əlaqədardır”.